“Maraqlı söhbətlər”də Vatikan ordusu Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Dünyanın ən kiçik ordusu təxminən 100-135 nəfərlik heyətdən ibarət olan İsveçrə qvardiyasından ibarət Vatikanın silahlı qüvvələri sayılır.  O, 1506-cı ildə İsveçrə əsgərlərini Avropanın ən etibarlı və döyüş qabiliyyəti olan biriləri kimi seçən Papa II Yulinin əmri ilə təsis edilib.

 

Ordunun tərkibi ancaq İsveçrə vətəndaşı olan, katolik, 19-30 yaşlarında, subay və  İsveçrə silahlı qüvvələrində xidmət etmiş əsgərlərdən ibarətdir. Onların əsas missiyası Papanın təhlükəsizliyini təmin etmək və onun iqamətgahını qorumaqdır. Bu gün İsveçrə qvardiyası dünyanın bu günə qədər mövcud olan ən qədim ordusu hesab olunur.

Belə ki İsveçrə qvardiyası Roma papası II Yulinin sərəncamı ilə yaradılmışdır. Məşhur incəsənət hamisi olan bu Roma papası tarixə həm də apardığı müharibələrinə görə qalmışdır. Roma papası olduğu on il ərzində (1503-1513) II Yuli fasiləsiz müharibə aparırdı.

O dövrdə isveçrəlilər bir çox Avropa ölkələrinin qoşunlarında xidmət edirdilər və Avropada ən yaxşı əsgərlər sayılırdılar. Təxminən 15 minə yaxın isveçrəli yay dövründə müxtəlif ölkələrin hərbi qüvvələrində xidmət edir, qışda isə evlərinə qayıdırdılar.

Ona sadiq olacaq hərbi birləşmə yaratmaq istəyən Roma papası məhz bu səbəbdən isveçrəliləri seçmişdi. Doğrudur, ondan əvvəlki Roma papaları da (IV Sikst, VIII İnnokent və VI Aleksandr) ölkədaxili çəkişmələrdə hərbi qüvvə kimi isveçrəlilərdən istifadə edirdilər. Lakin isveçrəlilər ayrıca qvardiya kimi təşkil olumamışdılar.

22 yanvar 1506-cı ildə ilk 150 qvardiyaçı Uri kantonundan olan kapitan Kasparvon Silenenin komandanlığı ilə ilk dəfə Vatikana daxil oldu və Roma papası II Yuli onların şərəfinə qəbul təşkil etdi. Bu tarix qvardiyanın rəsmi yaradılma tarixi sayılır.

Roma papası VII Kliment öz xilasına görə məhz qvardiyaçılara borcludur. 6 may 1527-ci ildə Müqəddəs Roma imperiyasının imperatoru V Karlın qoşunları tərəfindən Roma işğala və yağmalanmaya məruz qalanda Roma papasını müdafiə edərkən 189 qvardiyaçıdan 147-si həlak olsa da, VII Klimenti San Ancelo qalasına qaçıra bilmişdilər. O zamandan qvardiyanın yeni üzvləri mayın 6-da qeyd edilən İsveçrə qvardiyası günündə and içirlər.

İkinci dünya müharibəsi illərində alman-faşist qoşunları Romaya daxil olarkən İsveçrə qvardiyası müdafiə mövqeyi tutaraq elçilərə bildirmişdi ki, əgər nasistlər Vatikanın sərhədini pozmağa çalışsalar, qvardiyaçılar son patronlarına qədər vuruşacaqlar. Onda almanlar qarşıdurmaya getməmişdilər.

Yeri gəlmişkən, bu ordunun hərbçiləri dünyada ən yüksək əmkhaqqı alan hərbi peşəkarlar hesab edilir.

 

“Ədəbiyyat və incəsənət”

(27.01.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.