İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bu gün mübaliğəsiz deyə bilərik, Azərbaycan pop musiqisinin zirvələrindəki cəmi 2-3 addan biri onunkudur, Aygün Kazımovanınkı. Ona “estradanın divası” və sair bu sayaq adlar qoyublar, amma bütün bunların fövqündəki ona olan pərəstişkar sevgisidir, anşlaqla keçən konsertləri, sosial mediadakı izləmə sayıdır.
Bu gün müğınninin doğum günüdür, o, 55 illik yubiley təbriklərini qəbul edir. Elə bir təbrik də qoy bizdən olsun!
Aygün Kazımova 26 yanvar 1971-ci ildə Bakı şəhəri Nizami rayonunda dünyaya gəlib, əslən naxçıvanlıdır. İlk dəfə böyük səhnəyə 9-cu sinifdə oxuyan zaman Ozan qrupunun solisti olaraq çıxıb.
1986-cı ildə Mədəni Maarif texnikumunda oxuyan Aygün Kazımovanın təhsili müəyyən səbəblərdən yarımçıq qalıb.
O dövrlərdə Aygün Kazımova "Aypara" və "Qaya" vokal instrumental ansambllarının solisti olaraq fəaliyyət göstərib. Aygün Kazımova "Aypara" qrupunun solisti olan zaman Aygün Məlik və Alim Qasımovla birlikdə “Rəhm eylə bizə, İlahi” adlı mahnını duet şəklində ifa edib.
Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlib. Müsabiqədə Vaqif Gərayzadənin bəstələdiyi “Yarım eşitsin məni” mahnısını ifa edib. İlk qrand-prisini məhz bu yarışmada qazanıb. Müsabiqənin redaktoru Mikayil Vəkilov Aygünü ilk dəfə dinləyərkən, "Bu qız kimdirsə, Xalq Artistidir" deyib.
Müsabiqədən sonra onu artıq hamı tanımağa başlayıb. Dahi bəstəkar Tofiq Quliyevin müsahibələrində "Aygün Azərbaycan estrada musiqisi üçün əsl tapıntıdır" deməsi Aygünə qol-qanad olub və o, bütün çətinliklərə baxmayaraq sənətdə, böyük səhnədə iri addımlarla addımlayacağını özünə söz verib.
1989-cu ildə Latviyada keçirilən "Yurmala-89" mahnı müsabiqəsində iştirak edib. Müsabiqədə Eldar Mansurovun Vahid Əzizin sözlərinə bəstələdiyi "Bu sevgi" mahnısını ifa edib. Mahnını muğam ilə sintez edən Aygün Kazımova bütün diqqətləri özündə cəmləşdirməyi bacarıb.
Yarışmada 18 yaşında olmasına baxmayaraq, heç bir dəstək almadan iştirak edən Aygün Kazımova ölkəmizi layiqincə təmsil edib. 1989-cu ildə Aygün Kazımova tarixə düşəcək "Novruz gəlib" mahnısını Azərbaycan Televiziyasının Novruz bayramı buraxılışında ifa edib.
1991–94-cü illərdə Birinci Qarabağ müharibəsində tibb bacısı kimi könüllü olaraq Qubadlı və Zəngilan rayonlarında gedən döyüşlərdə təxminən 1 ay iştirak edib. 1990-cı ildə Sovet Ordusunun Bakıda törətdiyi "20 Yanvar" faciəsi qurbanlarının xatirəsinə "Şəhidlər" mahnısını oxuyub.
1992-ci ildə Qazaxıstanda keçirilən "Asiyanın səsi" mahnı müsabiqəsində iştirak edib.
Sonra bir qara zolaq gəlib. 1993-cü ildə anası Fizzə xanım vəfat edib və Aygün Kazımova depressiyaya düşüb. Bir müddət səhnəyə və şou proqramlara çıxmaqdan imtina edib.
1994-cü ildə "İtkin gəlin" mahnısını ifa edib. Mahnı Aygün Kazımovanın ilk lirik ifasıdır. Aygün Kazımova müsahibələrinin birində ilk öncə mahnının oxumaq istəmədiyini və məhz mahnının müəllifi Cavanşir Quliyevin istəyi ilə mahnını oxuduğunu deyib. Bu mahnı Aygün Kazımovaya inanılmaz şöhrət gətirib.
1994-cü ildə İlqar Ələkbərovun rejissorluğu ilə "Bizim qızlar" mahnısını lentə alıb. Aygün Kazımova 2 yanvar 2021-ci ildə Rəsul Əfəndiyevlə birlikdə sayca üçüncü olan "Yarımdı o" duetini təqdim edib.
Hər il ənənəvi olaraq, öz doğum günündə yeni layihə təqdim edən Aygün Kazımova son dəfə ənənəsinə sadiq qalaraq, 26 yanvar 2021-ci ildə "Bu qadın" sinqlını təqdim edib. 18 mart 2021-ci ildə Yandex axtarış platformunun "Yandex Music" bölməsinin siması seçilib.
Klipləri
- Uzaqlıq
- Ələrini uzat gülüm
- Apar məni
- Ah, Vətən
- Son gecə
- Bizim Qızlar
Albomları
- Ömrüm-günüm
- Ah…!
- Göz yaşımı yar silə
- Sənsizliyim
- Aygün
- Sevdim
- Sevgi gülləri.
“Ədəbiyyat və incəsənət”
(26.01.2026)


