Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
“Maraqlı söhbətlər”də bu gün sizlərə Xüsusi Təyinatlı Qüvvələrin ehtiyatda olan Polkovniki Eldəniz Namazovun Aprel Şəhidimiz Polkovnik leytenant Raquf Orucov haqqında xatirələrini təqdim edəcəyəm.
MƏNİM KOMANDİRİM!!!
Müharibə insanın kimliyini dəyişir... Kimisi silahı daşıyır, kimisi isə, o silahın arxasında bir GÜC olur. Mənim üçün RAQUF ORUCOV məhz o GÜC idi.
O, sadəcə hərbi hissə komandiri deyildi. O, döyüşdə arxamızı güvənlə söykəyəcəyimiz bir DAĞ, qaranlıq gecələrdə yolumuzu tapdığımız İŞIQ idi!
O, MƏNİM KOMANDİRİM idi!!!
2012–2013-cü illərdə AĞDAM istiqamətində eyni hərbi hissədə xidmət etdik. O, Hərbi Hissə Komandiri, mən isə onun Briqadasının Kəşfiyyat Rəisi... Kağız üzərində rütbələrimiz vardı, amma döyüşdə rütbələr yox olurdu. Orada yalnız MƏSULİYYƏT, VİCDAN və VƏTƏN qalırdı.
Biz dəfələrlə düşmən arxasında tapşırıqlar yerinə yetirmişik. Elə tapşırıqlar olub ki, Hərbi Hissə Komandiri olmasına baxmayaraq, RAQUF ORUCOV özü də bizimlə birlikdə gedirdi. Üst Komandanlıqdan xəbərsiz... Riskin nə olduğunu hamıdan yaxşı bilə-bilə... Çünki O, kəşfiyyatçıya arxadan “gedin” deyənlərdən deyildi. O, “mən də sizinləyəm” deyən komandirlərdən idi!!!
O tapşırıqlarda yanımızda kimlər vardı… Rəhmətlik gizir XANI — hamının “XANI DAYI” deyə tanıdığı, kəşfiyyatın canlı əfsanəsi SƏYYAF ƏHMƏDOV. Kəşfiyyatda özünəməxsus imzası, xətti olan mayor CEYHUN ƏZİZOV, Mən və MƏNİM KOMANDİRİM — RAQUF ORUCOV və dünyanın ən böyük əsgəri- AZƏRBAYCAN ƏSGƏRİ. Bu adlar mənim yaddaşımdan heç vaxt silinməyəcək. Çünki o gecələrdə ölümün nəfəsini hiss etmiş adamlar bir-birinin qəlbinə həkk olunur...
Hər tapşırıqdan əvvəl və icradan sonra Raquf Orucovun kəşfiyyatçılar qarşısında etdiyi çıxışlar vardı.O çıxışlar kitabdan oxunan vətənpərvərlik deyildi!
KOMANDİRİM danışanda gözlərində TORPAQ görünürdü! ŞƏHİDLƏRİN BAXIŞI, itirilmiş KƏNDLƏRİN AĞRISI, geri dönəcək günlərin İNAMI vardı!!!
KOMANDİRİM danışanda biz təkcə döyüşçü olmurduq — BİZ VƏTƏNİN ÖZÜ OLURDUQ!!!
Komandir idi, amma, bizə böyük qardaş kimi davranırdı. Əmrlə yox, nümunə ilə idarə edirdi. Əsgərlərə öz balaları kimi yanaşırdı.
Əsgərin ayağı üşüyəndə - ilk narahat olan o idi. Əsgərin ruhu düşəndə ilk hiss edən yenə o olurdu.
RAQUF ORUCOV YALNIZ DÖYÜŞÜN KOMANDİRİ DEYİLDİ. O, YAŞAMAĞIN da KOMANDİRİ İDİ!!!
Onun komandirliyi təkcə hücumla ölçülmürdü...
O, əsgərin susuzluğunu da, yolunu da düşünürdü. Mənim orada xidmət etdiyim dövrdə onun göstərişi ilə 27 döyüş postuna su çəkdirildi. 14 döyüş postuna yeraltı avtomobil yolu salındı. Bu, xəritədə görünməyən, amma ƏSGƏRİN HƏYATINI XİLAS EDƏN CƏBHƏ idi. O bilirdi ki, GÜLLƏ İLƏ YANAŞI LAQEYDLİK də ÖLDÜRÜR...
Onun yanında qorxmaq ayıb idi, çünki O, qorxunu sənin əlindən alırdı...
2013-cü ilin yanvar ayı… Düşmən ön xəttdə fasiləsiz lokal xarakterli kəşfiyyat-diversiya və təxribatlarla vəziyyəti gərgin saxlamağa çalışırdı. Gecələr-gündüzlər bir-birinə qarışmışdı. RAQUF ORUCOV sutkalarla yuxusuz qalırdı. Gecə səhərə qədər UAZ tipli avtomobillə post-post gəzirdik. Hər döyüşçünün yanında dayanır, hərəsinə ayrıca müdafiə təlimatı verirdi. O anlarda onun necə taqətdən düşdüyünü görürdüm. Bədəni dayanmaq, istirahət etmək istəyirdi, amma ruhu icazə vermirdi..
.. Bir gecə artıq dözə bilmədim. Dedim ki, “Komandir, bu gecə gəlməyin, postları biz gəzərik.” Başını tərpətdi, razılaşdı. Amma cəmi 1–2 saat keçməmiş arxamızca posta gəldi. Dözüb dura bilməmişdi. Çünki o, postda olmayan komandir deyildi. O, əsgərini tək buraxanlardan deyildi!!!
Bu gün RAQUF ORUCOV ŞƏHİD adı ilə anılır. Amma mənim üçün O, hələ də KOMANDİRİMDİR, hələ də gecələr postları yoxlayan, kəşfiyyatçıların qarşısında sakit, amma sarsıdıcı səslə danışan KOMANDİRİMDİR!
Raquf Orucov bizim ürəyimizdə daş kimi ağır, dağ kimi möhkəm qaldı!
Çünki o, təkcə ŞƏHİD olmadı... O, komandirliyin necə olmalı olduğunu, Vətəni necə sevməyi öyrədib getdi!
MƏNİM KOMANDİRİM — adını daşımaq da məsuliyyətdir!!!
RAQUF ORUCOVUN yeri ürəyimizdə boş qalmayıb — çünki orada əbədi olaraq ÖZÜ VAR!!!
MƏNİM KOMANDİRİM ÖLMƏDİ... O, BİZİMLƏ BİRGƏ DÖYÜŞLƏRDƏ QALDI... BİZİM YADDAŞIMIZDA, VİCDANIMIZDA, VƏTƏNƏ BAXIŞIMIZDA YAŞAMAĞA DAVAM EDİR!!!
Və... Mən nəfəs aldıqca, Raquf Orucov mənim üçün həmişə MƏNİM KOMANDİRİM olacaq!!!
“Ədəbiyyat və incəsənət”
(26.01.2026)


