Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə eləyib və “Sözdən yaranan incilər” adlı çox qalın bir kitabı çapa hazırlayırlar.
“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu sayımızdan başlayaraq həmin kəlamlardan, sitatlardan, aforizmlərdən bəzilərini səhifələrimizdə çap edək. İnanırıq ki, sözdən yaran bu incilər sizin də xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.
Çünki bu incilər, hər insana lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl kamilləşməsi üçün əvəzsiz və lazımlı bir məktəbdir.
AĞALAR İDRİSOĞLU (1950), yazıçı, dramaturq, rejissor,
jurnalist, publisist, esseist
- Bilmədiyinizi başqasından soruşmaqdan çəkinməyin. Bu, sizin nüfuzunuza xələl gətirməz. Əslində nüfuzunuzu artırar.
- Mən uğur qazamağımda düşmənlərimə borcluyam. Çünki onlar mənə pislik etdikcə, məni yaradıcılığa daha çox həvəsləndiriblər.
- Əgər doğulduğun məmləkətdə sənə qiymət vermirlərsə, bu, sənin günahın deyil. Həmin ölkənin məmurlarının faciəsidir ki, idtedadlı insanlarını dəyərləndirə bilmir.
- Dostluqda təmiz olmayanın dostu ola bilməz.
- Əgər düşməninin zərrəcə müsbət cəhətini görə bilirsənsə, onu səbrlə ram edə bilərsən və hətta həmin düşməni dosta da çevirməyi bacararsan.
- Keçmişini bəyənməyən və onun yaxşı cəhətlərini, ənənələrini qoruyub saxlamayan xalq, heç vaxt gələcəyini qura bilməz. Qursa da çox bəsit formada qurar. Çünki kökü olmayan gələcək, yaşamaz.
- Səbr ağacı elə bir uca ağacdır ki, hər bağda bitmir. Ona görə də ailə quran insanlar o ağacı səbrlə, dözümlə, bir-birinə inanmaqla öz bağlarında bitirməlidirlər ki, qurduqları ailə xoşbəxt və uzun ömürlü olsun.
“Ədəbiyyat və incəsənət”
(23.01.2026)


