Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Yanvarın 19-dan 20-nə keçən gecə biz işğalçı sovet ordusunun dinc əhalimizi gülləbaran etməsinə şahid olmuşuq. Və bugünkü hüzn günündə elə Maraqlı söhbətlərdə də güllə və mərmilərdən danışacağıq.
Dünya tarixində ən çox bombalanan ölkə Laosdur. 9 il ərzində ABŞ Laosa 270 milyon bomba atmışdır ki, bu da Laosu dünya tarixində ən çox bombalanan ölkəyə çevirmişdir.
1964-cü ildən 1973-cü ilə qədər ABŞ 580 000 bombalama hücumu zamanı Laosa 2 milyon tondan çox hərbi sursat atmışdır ki, bu da İkinci Dünya Müharibəsi zamanı Almaniya və Yaponiyanın birlikdə atdığı bombalardan çoxdur. Başqa sözlə bir təyyarə 9 il ərzində günün 24 saatında hər 8 dəqiqədən bir bomba atıb. Buna görə də Laos adambaşına düşən göstərici baxımından tarixdə ən çox bombalanan ölkə hesab edilir.
Bombalamalar zamanı bir çox kəndlər dağıldı və yüz minlərlə laoslu mülki vətəndaşları evlərindən qaçmağa məcbur oldu. Atılan bombaların üçdə birinə qədəri isə partlamamış və bu da Laosu daimi mülki itkilərlə dünyanın ən çox partlamamış sursatla çirklənmiş ölkələrindən birinə çevirmişdir. Bombalanma dayandırıldıqdan bəri həmin partlamamış bombalar nəticəsində 20 000-dən çox insan həlak olub və ya yaralanıb.
Qeyd edək ki, bu müharibənin səbəbi Şimali Vyetnamın təchizat xətti olan “Ho Şi Min” cığırını kəsmək və Laosdakı anti-kommunist qüvvələri dəstəkləmək məqsədi daşıyırdı.
“Ədəbiyyat və incəsənət”
(19.01.2026)


