İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ey, əziz Anam Azərbaycan,
Sənə bağlıyam Azərbaycan,
Ömrümün mənasısan,
qardaşlıq dünyasısan Azərbaycan!
Anamın Anasısan Azərbaycan!
...
Əgər ki, yıxılsam çinar göstərin,
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə Göy gölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə sənsən gümanım.
Canım-gözüm mənim Azərbaycanım!
…
Gəl bölək dünyanı ikilikdə biz,
Dərə mənə düşsün,
Dağı sən götür
Qalsın yer üzündə qoşa izimiz
Qara mənə düşsün,
Ağı sən götür.
İlin övladıyıq yazla qış kimi,
Fəsillər yaşasın yanaşı məndə
Biz ki bir yerdəyik gözlə qaş kimi,
Gözlər səndə qalsın,
Göz yaşı məndə.
…
Şeir mənim üçün bir kainatdır,
Onun ulduzları, günəşləri var…
Şeir mənim üçün sirli həyatdır
Onun öz sevinci, öz kədəri var.
Nə qədər qol-qanad açsa da ilham,
Mən yerin cazibə qüvvəsindəyəm.
Bu nümunələr dillər əzbəri olan müxtəlif şeirlərdən götürülüb, amma onları bir şey birləşdirir: dərin lirika, yüksək poetizm. Müəllif isə çağdaş Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Nəbi Xəzridir. O Nəbi Xəzri ki, bu gün anım gününü qeyd edirik.
Nəbi Xəzri 1924-cü il dekabrın 10-da Bakı şəhəri yaxınlığındakı Xırdalan kəndində tacir ailəsində anadan olub. Nəbi Xəzri 1942–1943-cü illərdə İkinci dünya müharibəsində arxa cəbhədə iştirak edib, ordudan tərxis olunduqdan sonra isə 1943–1945-ci illərdə "Kommunist" qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb.
20 yaşlı gənc şairin yaradıcılığı Səməd Vurğunun nəzərindən qaçmayıb və onu təkidlə 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə keçirib. "Çiçəklənən arzular" adlı ilk şerlər kitabı 1950-ci ildə çap olunub. Nəbi Xəzri 1945–1947-ci illərdə Azərbaycan Dövlət Universitetində, 1947–1949-cu illərdə Leninqrad Dövlət Universitetində, 1949–1952-ci illərdə Maksim Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsil alıb. N.Xəzri türk bahadırı Atilla və onun igidliyi haqqında poema yazmışdı, dinimizin, islamçılığın yaradıcısı Məhəmmədi "Peyğəmbər" əsərində mədh edib.
Dənizi hədsiz sevdiyindən, xəzri küləyinin də insanlara dəniz ətrini bəxş etdiyinə görə 1958-ci ildə "Xəzri" təxəllüsü götürüb. Şairin müasirlərimizin, eləcə də tarixi şəxsiyyətlərin həyatından bəhs edən, lirik-epik lövhələrlə zəngin poemaları özünün dərin lirizmi, emosionallığı, orijinal üslubu və obrazlılığı ilə seçilib.
Nəbi Xəzrinin şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə edib. Nəbi Xəzri qələminin məhsulu olan dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub, müəllifinə dramaturq kimi də şöhrət qazandırıb.
"İllər və sahillər" (1969), "Ulduz karvanı" (1979), "Nəsillər-əsrlər" (1985), "Ağ şimşəklər" (1986), "Torpaq sənə and içirəm" (1989), "Ömür çinarından yarpaqlar" (1995), "Əsrin qanlı laləsi" (1996) və s. kitabların müəllifidir. Həmçinin Nəbi Xəzrinin seçilmiş əsərlərindən ibarət bir kitab 1988-ci il Piruz Dilənçinin vasitəsi ilə ərəb əlifbasına köçürülərək, Tehranda nəşr edilib.
Filmoqrafiya
- 10 dəqiqə poeziya (film, 1965)
- Çiçəklənən Abşeron (film, 1967)
- Sahil bağı (film, 1967)
- Anlamaq istəyirəm (film, 1980)
- Şeir mənim üçün bir kainatdır (film, 1984)
- Nəbi Xəzri (film, 1987)
- Şeirin xəzrisi (film, 2000)
- Atillanın atlıları (film, 2002)
Mükafatları
- Lenin komsomolu mükafatı — 1968
- SSRİ Dövlət mükafatı — 1973
- "Qırmızı əmək bayrağı" ordeni — 9 dekabr 1974
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 iyul 1979
- Azərbaycan SSR Dövlət mükafatı — 1982
- "Lenin" ordeni — 16 noyabr 1984
- "Azərbaycan SSR xalq şairi" fəxri adı — 26 noyabr 1984
Nəbi Xəzri görkəmli ictimai xadim olub. Əməkdar İncəsənət xadimi, SSRİ Dövlət Mükafatı laureatı, Ümumittifaq Lenin Komsomolu mükafatı laureatı, Azərbaycan SSR Dövlət Mükafatı laureatı, Azərbaycanın Xalq şairi… - bunlar onun halallıqla qazandığı mükafatlar, fəxri adlar olub.
Azərbaycan Yazıçılar İttifaqının katibi, Radio və Televiziya Verilişləri komitəsinin sədr müavini, Mədəniyyət nazirinin müavini, Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr cəmiyyəti rəyasət heyətinin sədri - bir sözlə, ömrünün çox hissəsini də vəzifədə olub. Beləliklə, xoşbəxt taleli sənətkar idi Nəbi Xəzri.
Dostları Nəbi Xəzri haqqında
Qabil:
“Mən söz sənətimizin canlı klassiklərindən olan N.Xəzri ilə bir ədəbi nəslə mənsubam. Nəbi familiyasını doğmalarına bağışlayıb özünə Xəzri təxəllüsü götürdü. O, əsl nəğməkar şair, gözəl nasir, eyni zamanda tanınmış dramaturqdur. Tərcümələri də çox məşhurdur.”
Məmməd Arif:
“Əzizim Nəbi, Sənin şeirlərini oxuyanda hiss edirsən, həm də inanırsan ki, poeziya səni yüksək, gözəl, işıqlı, çatılması mümkün olan arzu və ümidlərlə dolu bir aləmə çağırır. Bu şeirlərdə ahəngdarlıq, ürəkaçıqlığı, vüsətli fəza və əzəli gözəllik hiss edirəm. Həqiqətən poeziyanın hörmət və ləyaqətini qaldıran birisisən. Çox sağ ol ki, xalqımızın başını uca tutdun.”
Süleyman Vəliyev:
“Bir dəfə Yazıçılar İttifaqının Natəvan klubunda Səməd Vurğun bizimlə salamlaşdıqdan sonra Nəbinin əlini sıxıb dedi: - Sənin “O cavanın yaylığı” şeirini maraqla oxudum, sən məndən yaxşı yazırsan”. Nəbi isə bu tərifdən sanki qorxaraq həyəcanlandı, gülümsünüb nəzakətlə dedi: - Sağ olun, siz məni həddən artıq təriflədiniz”. S.Vurğun mənim dirsəyimdən tutub dedi: -Bu oğlan yaxşı şair olacaq”. Nəbi Azərbaycanın səfalı yerlərini, uca çinarlarını, əfsanəvi Göy-gölünü, yaşıl meşələri, ürəkaçan füsunkar çaylarını özünəməxsus əsrarəngiz bir dildə tərənnüm edir. O, dogma Xəzərə elə vurulmuşdur ki, özünə Xəzri təxəllüsü verib. Nəbi Xəzri poeziyada olduğu kimi, həyatda da vətəndaşlığı, insanlıq borcunu yüksəkdə tutur, bunları müqəddəs sayır. Dostluqda sədaqətlidir, möhkəmdir, “mən filankəsə kömək etdim”, “Ona arxa oldum” kimi sözləri heç vaxt dilinə gətirməmişdir. Bir sözlə mənəvi saflıq kökləri Nəbi Xəzrini, onun sönməz poeziyasını daim ucaldır, yüksək zirvələrə qaldırır.O, ucalıq eşqilə yaşayır və yazır;
Sən günəş,
Mən səndən
Nur alan Ayam.
Sən bir səs, mən isə
əks-sədayam.
Zirvəsən,
Zirvəyə qalxan cığıram,
Ucalıq eşqilə, dağa çıxıram”.
Mirvarid Dilbazi:
“İnsanın həyatında daha yaxın bir dost var ki, o da ömür-gün yoldaşıdır. Nəbi Xəzrinin “Bir həftədə ağaran saçlar” şeiri də şairin humanizmindən yaranıb. Şair anasına, bacısına, bu adı daşıyanlara bəslədiyi həssas, yüksək insani duyğuları öz uşaqlarının anası olan qadına da bəsləyir. Bu şeiri oxuyan oxucunun sevinci ikiqat olur. Birinci ona görə ki, şairin ömür-gün yoldaşı ismətli, sədaqətli, fədakar həyat yoldaşı olub. Demək şairin arxa cəbhəsi möhkəmdir. İnsanda bu keyfiyyətlər də istedad kimi taleyin bəxşidir. Bu keyfiyyətləri görüb qiymətləndirən kişi təbiətindəki həssaslıqla da oxucunu və bütün qadınları sevindirir. Düşünürsən ki, bu mürəkkəb əsrimizdə yaxşı hörmət, məhəbbət zəminində qurulmuş ailə var. Şair inam dolu sabahımızı qələmə alanda da müasirdir. Çünki o vətəndaşdır. Ona görə də vətəndaşlıq poeziyasının bayrağını uca tutur. O,ənənəvi olduğu qədər novator, novator olduğu qədər ənənəvidir. Nəbi Xəzriyə bəslənən böyük xalq məhəbbətinin “sirri” də məncə bundadır.”
Əhməd Cəmil:
“Əgər məndən soruşsaydılar deyərdim ki, onun poeziyası inam poeziyasıdır,sətirlərində, misralarında, fikirlərində bir aydınlıq, bir həzinlik, bir büllurluq var. Çünki, sənətkarın yolu aydındır, öz dəsti-xətti aydındır.”
“Xəzri Azərbaycanlıların anlayışında qızmar, günəşli odlar diyarına sərinlik gətirib, boğanaq havanı təmizləyən güclü Xəzər küləyidir. Mənə elə gəlir ki, bu ad şairin meyllərini, daxili həyəcan və duyğularını obrazlı ifadə edən ən düzgün addır. O. şeirimizə təzə külək kimi əsib gəldi və öz ilə təzə nəğmələr gətirdi.”
Nəbi Xəzri 15 yanvar 2007-ci ildə - 19 il öncə vəfat edib. Azərbaycan ədəbiyyatında öz yeri olan Nəbi Xəzri bütün zamanların söz adamı olaraq mənsub olduğu xalqın qəlbində əbədiyaşarlıq qazanıb.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(15.01.2026)


