Nazim Hikmət – azadlığın və insan duyğularının şairi Featured

 

Fatimə Məmmədova, “Ədəbiyyat və incəsənət”

 

Bu gün türk və dünya ədəbiyyatının ən böyük simalarından biri olan Nazim Hikmətin anadan olduğu gündür. O, təkcə bir şair deyil, azadlıq, sevgi və insanlıq haqqında düşünən, yazdıqları ilə dövrünü aşan bir sənətkar idi. Nazim Hikmət bu dünyanı çoxdan tərk etsə də, şeirləri bu gün də yaşayır və oxunur.

 

Nazim Hikmət Ran 15 yanvar 1902-ci ildə Salonikidə anadan olub. Ziyalı ailədə böyüyən şair gənc yaşlarından ədəbiyyata maraq göstərib. 1918-ci ildə İstanbulda Hərbi Dənizçilik Məktəbinə daxil olsa da, işğallara qarşı yazdığı şeirlər səbəbilə təhsilini yarımçıq qoymaq məcburiyyətində qalıb. Türkiyənin ağır və qarışıq dövrlərindən keçən Nazim Hikmət 1920-ci ildə Anadoluda gedən milli azadlıq mübarizəsinə qoşulub, bir il sonra isə Sovet Rusiyasına gedərək Moskvada təhsil alıb.

1920–30-cu illərdə yazdığı şeirlərdə əsasən inqilab, ədalətsizlik, xalqın ağır həyatı və azadlıq mövzuları yer alırdı. O, şeirləri ilə mövcud sistemi tənqid edir, insanları düşünməyə və mübarizəyə çağırırdı. Məhz bu mövqeyinə görə Nazim Hikmət tez-tez təqiblərə məruz qalır, dəfələrlə həbs edilir. 1938-ci ildə isə sübutsuz ittihamlarla 28 il həbs cəzasına məhkum olunur.

Həbsxana illəri Nazim Hikmətin yaradıcılığında dönüş nöqtəsi olur. O, bu dövrdə əvvəlki sərt siyasi üslubdan uzaqlaşaraq daha çox sevgi, insan duyğuları, həsrət, həyat sevgisi haqqında yazmağa başlayır. Dostlarına yazdığı məktublarda bildirirdi ki, şeir yalnız siyasi çağırışlardan ibarət olmamalı, insanın iç dünyasını da əks etdirməlidir. Məhz bu illərdə Nazim Hikmətin ən səmimi, ən təsirli lirik şeirləri yaranır.

Şairin bu lirik yaradıcılığı uzun illər kölgədə qalsa da, sonradan oxucular tərəfindən yenidən kəşf edilir. Onun “Səni düşünmək nə gözəl şey…” kimi şeirləri sevgi poeziyasının ən gözəl nümunələri sırasında yer alır. Nazim Hikmət sevginin yalnız iki insan arasında deyil, bütövlükdə həyata, insana və dünyaya qarşı olan bir hiss olduğunu göstərirdi.

Nazim Hikmət Azərbaycanla da sıx bağlı idi. O, Bakıya dəfələrlə səfər etmiş, Azərbaycan şair və yazıçıları ilə dostluq əlaqələri qurmuşdu. Onun əsərləri Azərbaycanda nəşr olunmuş, pyesləri səhnələşdirilmiş, şeirlərinə mahnılar bəstələnmişdir. Azərbaycan ədəbiyyatında da Nazim Hikmət xüsusi hörmətlə xatırlanır.

1951-ci ildən ömrünün sonuna qədər SSRİ-də yaşayan şair 1963-cü ildə Moskvada vəfat edib. O, bu dünyanı tərk etsə də, yazdıqları ilə ədəbiyyatda əbədi iz qoyub. Nazim Hikmət türk poeziyasına sərbəst şeir üslubunu gətirib, şeiri qəliblərdən azad edib. Onun əsərləri bu gün də insanları düşündürür, duyğulandırır və ümid verir.

Bu gün Nazim Hikmətin doğum günüdür. Onu anmaq, şeirlərini oxumaq və xatırlamaq bir daha göstərir ki, şairlər ölür, amma sözləri yaşayır.

 

Bence şimdi sen de herkes gibisin

         (Nazim Hikmet)

 

Gözlerim gözünde aşkı seçmiyor

Onlardan kalbime sevda geçmiyor

Ben yordum ruhumu biraz da sen yor

Çünkü bence şimdi herkes gibisin

Yolunu beklerken daha dün gece

Kaçıyorum bugün senden gizlice

Kalbime baktım da işte iyice

Anladım ki sen de herkes gibisin

Büsbütün unuttum seni eminim

Maziye karıştı şimdi yeminim

Kalbimde senin için yok bile kinim

Bence sen de şimdi herkes gibisin.

 

“Ədəbiyyat və incəsənət”

(15.01.2026)

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.