Könül, “Ədəbiyyat və incəsənət”
İləri,
Bakının zərbəçi ərləri!
İləri, yeni neft planı
Sarsıtsın cahanı!
İləri, yeni ruh, yeni can,
Bu uzun həyəcan
Bakıyı qaplasın,
Qəhrəman divləri bir yerə toplasın!
Ey işçi, sən necə saqlısan buruqda,
bu ruhda
Mən dəxi şeirimdə saqlıyım.
Qoy məni tanıyan şeirimdən tanısın,
Ey şeirim, sən mənim işimin canısın.
Gediriz.
Gediriz.
Getməyir, uçuruz.
Uçuruz.
Uçmayıb, bir şimşək olub da çaxırız,
Axırız-axırız!
Keçmişin üzünə sillələr vuraraq axırız.
Möhtəşəm yarını quraraq axırız.
İləri.
Gediriz,
Gediriz, gediriz,
Getməyir, uçuruz,
uçuruz...
Uçmayır, bir şimşək olub da çaxırız.
Axırız-axırız.
Keçmişin üzünə şillələr vuraraq axırız,
Elliklə yarını quraraq axırız.
Repressiya qurbanı olan Mikayıl Müşfiq bu şeiri sığortalanmaq üçün, repressiyadan qurtulmaq üçün yazmışdı əslində, zorən qırmızı kabusu, onun zərbəçi-qurama hərəkatını tərifləmişdi. Amma faydası olmadı. Şairi amansız rejim məhv etdi.
Mikayıl Müşfiq 1908-ci il iyun ayının 5-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Rus dilini mükəmməl bilən şairi dərs dediyi şagirdlərindən biri belə xatırlayır:
-Müşfiq müəllim dərs deyəndə zəng səsini eşitməzdik. Dərs zamanı şagirdlərə şeir oxumağı öyrədəndə başqa müəllimlərimiz də gəlib bizim sıralarda oturardı. Çoxumuza "qızım", "oğlum" deyə müraciət edərdi. Əslində bu ifadə onun yaşına uyğun deyildi. Ancaq mehriban olduğu qədər təvazökar olan Müşfiq müəllimə bu sözlər çox yaraşırdı…
Müşfiq nadir hafizə sahibi idi. O öz hafizəsinə arxayın olub, çox vaxt qoşduğu şeiri uzun müddət vərəqə köçürməyib, şeirlərini, eləcə də bir çox klassik şairlərin əsərlərini əzbərdən bilirdi.
Çox gənc yaşlarından yaradıcılıq fəaliyyətinə başlamış, həyatını, taleyini şeirlə bağlamış və ömrünün sonuna kimi ondan ayrılmamışdır. O, poetik yaradıcılığa 1926-cı ildə "Gənc işçi" qəzetində çap etdirdiyi "Bu gün" şeiri ilə başlamış və sonrakı illərdə dövri mətbuatda müntəzəm çıxış etmişdir. 1927-ci ildən "Maarif və mədəniyyət" və "Komsomol" jurnallarında və "Gənc işçi" qəzetində dərc olunmuşdur. 1930-cu ildə şairin ilk "Küləklər" adlı şeir kitabı işıq üzü görmüşdür. Kitabda müəllifin əlli üç şeiri və iki tərcüməsi toplanmışdır.
1932-ci il Müşfiqin həyatında məhsuldar olmuş, "Günün səsləri", "Vuruşmalar", "Pambıq", "Buruqlar arasında" kitabları, daha sonra bir-birinin ardınca "Şeirlər", "Çoban", "Mənim dostum", "Səhər", "Sındırılan saz", "Azadlıq dastanı" əsərləri nəşr edilmişdir. 1934-cü ildə Azərbaycan Yazıçılar İttifaqına üzv seçilmişdir.
Həqiqi bir müəllim, əsl vətənpərvər olan Müşfiq öz yaradıcılığında uşaqlar üçün də yer ayırmış, bir-birindən gözəl əsərlər yaratmışdır. "Şəngül, Şüngül, Məngül", "Kəndli və ilan" mənzum nağılları, "Vuruşmalar", "Qaya" poemaları, "Coğrafiya", "Məktəbli şərqisi", "Zəhra üçün" və digər şeirləri uşaqlar arasında şairə böyük məhəbbət qazandırmışdır.
1936-cı ildə Mikayıl Müşfiqin "Səhər" poeması Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının 15 illiyi münasibətilə keçirilən müsabiqədə "Yeddi yaxşı ədəbi əsər" mükafatına layiq görülmüşdür. 1937-ci ildə çapa hazırladığı "Çağlayan" kitabına şair on bir illik yaradıcılığı ərzində yazmış olduğu ən qiymətli əsərlərini, o cümlədən "Səhər", "Azadlıq dastanı", "Sındırılan saz", "Əbədiyyət nəğməsi", "Şeirim", "Yenə o bağ olaydı", "Duyğu yarpaqları", "Tərtərhes nəğmələri", "Mingəçevir həsrəti" və digər şeir və poemalarını daxil etmişdir, lakin kitabı nəşr etdirmək şairə qismət olmamışdır.
1931-ci ilin mayında Müşfiq Geoloji İnstitutun buraxılış gecəsində Dilbər Axundzadə ilə tanış olur. Dilbər xanım Müşfiqin əmisi arvadı Fəramuşla tələbə yoldaşı olub.
Tanınmaqda olan gənc şairlə Dilbəri əmisi arvadı tanış edib. Təsadüfi bir neçə görüşdən sonra Müşfiq Dilbər xanıma sevgi məktubları göndərib, hər görüşə yeni şeirlə gəlib. Müşfiq növbəti görüşlərin birində Dilbər xanıma elçi göndərmək və tez vaxtda nişanlanmaq istədiyini bildirib. 1932-ci ilin aprel ayında cütlük nişanlanıb. Onların kəbini isə təxminən bir il sonra, 1933-cü il iyun ayının 20-də kəsilib. 1934-cü ilin mart ayında onların Yalçın adında oğulları anadan olmuş, lakin 2 ay sonra yüksək hərarətlə seyr edən xəstəlik nəticəsində ölmüşdür.
Filmoqrafiya
Qızıl gül olmayaydı...
Mikayıl Müşfiq
Yenə o bağ olaydı
Qeybdən gələn səs
Bakı bağları. Buzovna
Cavid ömrü
Şeirin Müşfiq zirvəsi
Muğamat var olan
Mikayıl Müşfiqin xatirəsinə çoxlu sayda əsərlər həsr olunmuşdur. Bunlardan Hikmət Ziyanın "Bu dərdi kim unudar", Mədinə Gülgünün "Ölməz Müşfiq üçün", Hüseyn Arifin "Bir gül açdı, sarı gül", Balaş Azəroğlunun "Yenə o bağ olaydı", Əli Kərimin "Müşfiqə", Əliağa Kürçaylının "Müşfiqi yaşıdından sordum", Nüsrət Kəsəmənlinin "Müşfiqin tarı" əsərlərini qeyd etmək olar.
Şəmsəddin Abbasovun nəşriyyatdan Müşfiqin sonuncu "Çağlayan" poemasının qovluğunu 1937-ci ildə xilas edib götürdüyü sonradan məlum oldu. Kitabdakı şeirlər çap edildi. 1957-ci ildə şairin bəraətdən sonra ikicildliyi çap edildi.
Mikayıl Müşfiqin sözlərinə Zeynəb Xanlarovanın ifasında "Qal sənə Qurban" və "Sənin üçün", Şövkət Ələkbərovanın "Qurban olduğum" və "Neçin gəlmədin", Gülağa Məmmədov "Oxu Tar", Eyyub Yaqubovun "Yenə o bağ olaydı", "Küləklər" və "Ana Dedim", Nǝzakǝt Mǝmmǝdovanın "Oxu sevdiciyim", Alim Qasımovun "Söylə" mahnılarını qeyd etmək olar.
1977-ci ildə adının ədədiləşdirilməsi məqsədilə Xəzər Gəmiçiliyi İdarəsi tərəfindən "Mikayıl Müşfiq" quru yük gəmisi suya buraxılmışdır.
1988-ci ildə Mikayıl Müşfiqin 80 illik yubileyi çərcivəsində Tofiq Novruzovun, Cabir Novruzun, Aydın Zeynalovun, Nəbi Xəzrinin təşəbbüsü ilə Xızı rayonunun Sayadlar kəndində şairin atası Əbdülqədirin bağ evinin yerində "Mikayıl Müşfiq ocağı" yaradılmışdır. Muzeydə şairə simvolik məzar qoyulmuşdur. 2004-cü ildə Azərbaycan Mədəniyyət Nazirliyinin sərəncamı ilə Xızıdakı "Mikayıl Müşfiq ocağı" "Mikayıl Müşfiqin Xatirə Muzeyi" statusu almışdır. 2008-ci il iyun ayının 23-də 100 illik yubileyi ilə əlaqədar Xızı rayonunun Sayadlar kəndində şairin yeni bərpa olunmuş evinin tətənəli açılışı olmuşdur.
1938-ci il yanvar ayının 5-də SSRİ Ali Məhkəməsinin 20 dəqiqəlik məhkəmə iclası Müşfiq barəsində güllələnmə qərarı verir. Hökm yanvarın 6-da Nargin adasında yerinə yetirilir. 1956-cı il mayın 23-də SSRİ Ali Məhkəməsinin Hərbi kollegiyasının qərarına əsasən Mikayıl Mirzə Əbdülqədir oğlu İsmayılzadə (Mikayıl Müşfiq) ölümündən sonra bəraət almışdır.
P.S - Mənə görə ölümün sonra verilən bəraət bir məna daşımır, bu bəraət ona yaşarkən verilməli idi, verilməli idi ki o yaşayıb yeni-yeni əsərlər yazsın, xalqının maariflənməsi üçün çalışsın. Heyfki keçmiş dövrdə Müşfiq kimi neçə-neçə vətənpərvər insanları həyatdan məhrum etdilər. Əlbəttə ədalət hər daim yerini tutur və tutacaq. Xatirəsini hörmətlə anırıq, məkanı Cənnət, ruhu şad olsun, Amin.
“Ədəbiyyat və incəsənət”
(06.01.2026)


