Şuşanın musiqi dühalarından biri Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Şuşa Azərbaycan musiqisinin beşiyi sayılır, çox görkəmli müsiqi xadimlərimiz burada dünyaya göz açıblar. Onlardan biri də üzümüzə gələn ilin bu vədəsində 100 illiyini təntənə ilə qeyd edəcəyimiz Əbülfət Əliyevdir.

 

Əbülfət Əliyev 30 dekabr 1926-cı ildə Şuşa şəhərində dünyaya göz açıb. Şuşalı musiqiçilər ilin yaz və yay aylarında şəhərin Cıdır düzü, Bazarbaşı məkanlarında toplaşar və məclislər qurardılar.  Əbülfətin uşaqlıq illəri də belə məclislərin əhatəsində keçib. O, Seyid Şuşinski, Xan Şuşinski və Musa Şuşinski kimi sənətkarları məhz ilk dəfə bu məclislərdə görüb, onların bənzərsiz ifalarına qulaq asıb.

Əbülfət 7 yaşında ikən atası dünyasını dəyişib. Ailənin güzəranı çətinləşdiyindən onlar Şuşadan köçmək məcburiyyətində qalıblar. Təxminən dörd il Füzuli rayonunda yaşayıb, sonra Ağdamda yerləşiblər. O, təhsilini 1 nömrəli şəhər məktəbində davam etdirib. Burada musiqi dərnəyinə yazılıb, məlahətli səsi ilə diqqəti çəkib, məktəbin ictimai tədbirlərinə qatılıb. Qarabağın el şənliklərində oxuduğu "Ay bülbüllər", "Kimə yalvarım", "Uca barıdan aşaram mən", "Uca dağlar" mahnıları musiqisevərlərin ruhunu oxşayıb.

1957-ci ildə ilk dəfə olaraq Opera və Balet Teatrının səhnəsinə çıxıb. Əbülfət Əliyev həm də tarixə Məcnun obrazını özünəməxsus şəkildə ifası ilə düşüb. Əbülfət Əliyev bu obrazda Leylinin həsrəti ilə yanan Məcnunun ah-fəğanlarını çox təsirli bir avazla dinləyiciyə çatdırmağa nail olub. Uzun müddət Opera və Balet Teatrında çalışan sənətkar Kərəm, Şah İsmayıl rollarını da ustalıqla ifa edib.

1971-ci ildə Moskvada keçirilən Ümumdünya Musiqi Konqresində iştirak edən xanəndə yüksək ifaçılıq bacarığına görə UNESCO-nun döş nişanına və diplomuna layiq görülüb, ifası ümumittifaq radiosu ilə yayımlanıb.

"Azərbaycan SSR xalq artisti" (29 iyun 1964) fəxri adını alıb. 27 dekabr 1990-cı ildə vəfat edib. 1994-cü ilin 27 dekabrında filarmoniyada xatirə gecəsi keçirilib. 2004-cü ildə haqqında sənədli film çəkilib.

 

İfa etdiyi operalar

1. Leyli və Məcnun

2. Əsli və Kərəm

3. Aşıq Qərib

4. Şah İsmayıl

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(27.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.