“Maraqlı söhbətlər”də mehriban düşmənlər Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Mikelancelo Buonarroti və Leonardo da Vinçinin demək olar ki, bir-birinə nifrət etdiyini az adam bilir. Rəssamlar eyni dövrdə yaşasalar da, müxtəlif nəsillərə mənsub idilər və sənətə baxışları da kökündən fərqli idi.

 

Bir gün hər iki usta Florensiyanın bələdiyyə binasındakı Böyük Şura Palatasının bəzədilməsində iştirak etməyə dəvət edilir. Şəhəri idarə edənlər florensiyalıların pizanlılar üzərindəki hərbi qələbələrini əbədiləşdirmək istəyirdilər və bu işi görməyə görkəmli rəssamlara həvalə etmək qərarına gəlirlər. Leonardo da Vinçi o zamanlar artıq tanınmış ustad idi, şöhrət qazanmışdı. Mikelancelo isə sənət karyerasına təzəcə başlasa da, lakin böyük ümidlər verirdi.

Leonardo və Mikelanceloya rəsmləri sarayın əks divarlarında  çəkmək tapşırılır.  Da Vinçi rəsm üçün döyüş bayrağı uğrunda döyüşən süvarilərin epizodunu seçir. Mikelancelo isə Leonardodan tamamilə fərqli bir tablo yaratmağa çalışır. Buna görə də o, əvvəlcə planlaşdırdığı qəhrəmanlıq döyüş səhnəsini deyil,  adi bir məişət səhnəni seçir: çayda çimən kişiləri qəfil döyüş siqnalı yaxalayır və onlar  tələsik toplaşmağa başlayırlar.

Titanların bu yaradıcı işlərini  bütün Florensiya izləməyə başlayır. Ancaq təəssüf ki, onlara bu işləri başa çatdırmaq mümkün olmayır. Ustalar arasındakı gərginlik o qədər böyük idi ki, onlar otağın əks divarlarında işləsələr də, bir yerdə belə qalmaq istəmirdilər. Onlar freska üzərində işləyən zaman bir-birlərini təhqir edərək dəhşətli dərəcədə mübahisə edirdilər. Nəticədə, layihə üzərində iş kifayət qədər ləng getdiyindən, rəssamlardan heç biri freskalarını tamamlayıb, başa çatdıra bilməyir və iş yarımçıq qalır.

Bu, Mikelancelo və da Vinçinin eyni layihədə birlikdə işlədiyi yeganə hal olur.

 

“Ədəbiyyat və incəsənət”

(18.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.