Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Hadisə Cənubi Karolinada 15 və 17 yaşlı iki yeniyetmə dostun – Troy və Joshun başına gəlib.
Dostların çoxdan gözlədiyi bazar günü gəlib çatdı. Onlar balıq tutmaq üçün 4 metrlik qayıqlarına minib dənizə çıxdılar. Bir neçə dəqiqə qayıqla getdikdən sonra hava gözlənilmədən dəyişdi.
Cəmi bir neçə dəqiqə içərisində “tərs axın” (reverse current) qayığı sürətlə sahildən uzaqlaşdırmağa başladı. Saniyələr dəqiqələrə, dəqiqələr saatlara çevrilir, amma heç kim onları görmürdü. Sanki qayıq gözəgörünməz olmuşdu. Heç kim onların fərqində deyildi.
Gənclərin gördüyü son şey yük gəmiləri oldu.
Qaranlıq düşməyə başladı. Artıq heç nə görünmürdü. Nə sahil, nə birişıq. Səhər açılanda artıq sahil tamamilə gözdən itmişdi.
Qayıqda heç bir xüsusi avadanlıq yox idi. Josh telefonunu sahildə, maşında unutmuşdu. Valideynlər artıq sahil mühafizəsinə xəbər vermişdilər. Axtarışa qayıqlar, helikopterlər və həvəskar dənizçilər qoşuldu. Amma onlardan xəbər yox idi. Ümidlər tükənməyə başladı...
Amma Troy və Josh hələ də sağ idilər, onların vəziyyəti isə ağır idi. Nə yeməkləri var idi, nə də suları. Sahildən xeyli uzaqlaşmışdılar
Bu günlər ərzində gündüz hava çox isti olduğu üçün dostlar sərinləmək istəyirdilər. Bunun üçün dənizə girib-çıxırdılar. Amma bu sərinləmə məsələsi də köpək balıqlarının gəlişi ilə bir daha təkrarlanmadı.
Su o qədər təmiz və ləzzətli görünürdü ki, Troy su içmək üçün Josha yalvarırdı. Amma Josh ona icazə vermirdi. Deyirdi ki, su içsən, öləcəksən.
Bu günlər ərzində bircə dəfə yağış çiskinlədi. Oğlanlar daha çox su içmək üçün ağızlarını cırılana qədər geniş açmağa çalışırdılar. Onlar hətta qayığın içərisinə yığılan suyu yalayrdılar. Tamamilə islanmışdılar. Soyuqdan titrədikləri üçün gecəni bir-birilərinə sarılaraq keçirdilər.
Aclıq isə ikinci böyük düşmən idi. Troy o qədər ac idi ki, bir dəfə barmağını kəsib yeməyi təklif etmişdi. Amma sonra fikrindən daşındı. Bu 15 yaşlı oğlan sudan şəffaf meduza çıxartdı və onu yedi. Sonra bir gün boyunca zəhərlənib ölməyi gözlədi. Amma ölmədi. Cəsarətləndi və 100-ə yaxın şəffaf meduza yedi. Josh üçün isə meduza yemək mümkünsüz görünürdü.
Gənclərin düşməni kimi dostları da var idi – xəyal. Onlar tezliklə xilas olacaqlarını və birlikdə sahildəki ən böyük, ən dadlı dondurmanı yeyəcəklərini xəyal edirdilər.
7 gün sonra möcüzə baş verdi. Sahildən 180 km uzaqda 70 yaşlı bir balıqçı onları gördü. Balaca qayıqdan yellənən 4 taqətsiz əl... Balıqçı onları tapanda Josh 30 kq arıqlamışdı. Troyun isə ciddi günəş yanıqları var idi.
Hər ikisi bir müddət xəstəxanada yatdı. Troyun atası deyirdi ki, oğlumun tapıldığını eşidəndə özümü bu dünyada ikinci dəfə, yenidən doğulmuş kimi hiss etdim.
Gənclər xəstəxanadan çıxdıqdan sonra dənizdəki xəyalı reallaşdırmağa - ən böyük, ən dadlı dondurmanı yeməyə getdilər.
(İstinad: People jurnalı. Hekayələşdirdi: Ceyhun Qurbanov)
“Ədəbiyyat və incəsənət”
(16.12.2025)


