Səhnəmizin və ekranımızın korifeyi Ağasadəq Gəraybəyli Featured

 İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

  

Bəli, o səhnəmizin və ekranımızın korifeyidir.

Teatr və kino tariximizin ən böyük sənətkarlarındandır.

Ağasadıq Gəraybəyli 1897-ci ildə, Novruz bayramı qabağı o dövrdə Şamaxı qəzası adlandırılan, indiki İsmayıllı rayonu Gəraybəyli kəndində anadan olub. Atasını erkən itirib. Bakıya gələrək Əlisəttar kişi və Heyran xanımın ailəsində yaşayıb.

 

Məktəbdə Cəfər Cabbarlı ilə bir sinifdə oxuyub. Hüseyn Ərəblinskidən, Mirmahmud Kazımovskidən dərs alıb. Hüseyn Ərəblinskinin sayəsində "Nicat", sonra "Səfa" həvəskar teatr dərnəklərinə üzv olub. 1921-ci ildə Cəlil Məmmədquluzadənin "Ölülər" pyesində kefli İsgəndər rolunu oynayıb.

Üzeyir Hacıbəyovun qayğısı sayəsində teatr kursuna yazılıb. 200 müxtəlif rollarda, qrimlərdə, qiyafələrdə səhnəyə çıxıb: Nəriman Nərimanovun "Nadir şah", Üzeyir Hacıbəyovun "Arşın mal alan", Cəfər Cabbarlının "Sevil", "Od gəlini", "1905-ci ildə", sonralar "Vaqif", "Həyat", "On ikinci gecə", "Xanlar" və s. tamaşalarda rol alıb. 1940-cı ildə Azərbaycan SSR-nin xalq artisti fəxri adına layiq görülüb. Teatrla yanaşı kinoda da maraqlı obrazlar canlandırıb. "Bəxtiyar" filmində klub müdiri Ağabala, "O olmasın, bu olsun" filmində Rüstəm bəy bu obrazlardandır

1933-cü ildən ömrünün son gününə qədər Azərbaycan Dövlət Akademik Dram Teatrında çalışıb. Şəhərin mərkəzində, Xaqani küçəsi 19-da yaşayıb. Burada Bülbüllə, xalq yazıçısı Mirzə İbrahimovla, xalq şairi Süleyman Rüstəmlə qonşu olub. 1988-ci il dekabrın 5-də Bakı şəhərində vəfat edib. Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəylinin babasıdır.

 

Filmoqrafiya

1. Qız qalası əfsanəsi (film, 1923)

2. Hacı Qara (film, 1929)

3. Sevil (film, 1929)- rol: Balaş

4. Dəcəl dəstə (film, 1937)- rol: Yusifin atası

5. Bakılılar (film, 1938)

6. Fətəli xan (film, 1947) — rol: Sərdarın elçisi

7. Bəxtiyar (film, 1955) — rol: Ağabala

8. O olmasın, bu olsun (film, 1956) — rol: Rüstəm bəy

 

Adlar və mükafatlar

1. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı

2. "Azərbaycan SSR xalq artisti" fəxri adı

3. "Qırmızı əmək bayrağı" ordeni

4. "Oktyabr inqilabı" ordeni

5. "Lenin" ordeni

6. "Şərəf nişanı" ordeni

 

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(05.12.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.