"Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 84 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR
İslamova Röya Sərvər qızı 03.02.1986-cı ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr, 2008-2011-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsili almışdır. Müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək 15.09.2012-ci il tarixdə 262 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuşdur.
2015-2021-ci illərdə Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Direktor müavinlərinin işə qəbulu " müsabiqəsində uğur qazanaraq 15.09.2021-ci il tarixindən Bakı şəhəri 146 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşdur. Pedaqoji fəaliyyəti dövründə yüzə yaxın seminar, təlim, konfranslarda iştirak etmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun təşkil etdiyi Azərbaycan dili və ədəbiyyat fənn kurikulumlarının tətbiqi ilə əlaqədar "Öyrədənlərin öyrədəni" kursunun, 2022-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzinin birgə layihəsi olan "Məktəb liderliyi" proqramının iştirakçısı olmuşdur. 2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsində uğur qazanaraq İsraildə keçirilən “Təhsildə liderlik” mövzusunda təlimlərdə iştirak etmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Direktorların işə qəbulu" müsabiqəsində uğur qazanaraq 01.12.2022-ci il tarixindən Bakı şəhəri 84 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində təhsil alır.
ŞAGİRD
Mən Nazim Pərviz oğlu Babayev. Bakı şəhəri, Suraxanı rayounu, Əmircan qəsəbəsində anadan olmuşam. Mənim uşaqlıqdan kitaba olan həvəsim hobbiyə çevrildi. Az keçmədi ki, özüm də povest yazmağa başladım. Yazdığım povestin adı “Amazon meşələri”-dir. Ən çox xoşladığım kitab janrları psixoloji, dedektiv və macəradır. “Mənim səhər rejimim”, “Uşaq ürəyi”, və “Qara qəhvə” əsərləri - həmin bu üç kitab həyata baxış nöqtəmin dəyişməsinə səbəb oldu.
Bu zamana qədər müxtəlif beynəlxalq olimpiadalarda, yerli yarışlarda nailiyyətlər əldə etmişəm. İngilis dilinə isə xüsusi marağım var. Məhz buna görə də İngilis dili üzrə bir çox olimpiadalarda, məsələn, JEO, HİPPO, WAW kimi dünyamiqyaslı olimpiadalarda müxtəlif medallar qazanaraq xaricdə Azərbaycanı təmsil etmək hüququ qazanmışam. Son getdiyim olimpiada Avstraliyanın Sidney şəhərində keçiriləcək olan final mərhələsinə vəsiqə əldə etmişəm. Həmçinin mənim iqtisadiyyat sahəsinə qarşı xüsusi marağım var. Mən AZMİO-yəni, Azərbaycan Milli İqtisadiyyat Olimpiadasına qoşularaq final mərhələsinə vəsiqə qazanaraq gümüş medalla təltif olunmuşam.
ESSE
Kitabın gücü
Kitab bəşəriyyətin ən böyük kəşflərindən biridir. Kitablar bəzilərinin asudə vaxtlarını keçirmək üçün istifadə etdikləri bir məşğuliyyətdir. Bədii və ya informativ mətn oxuduqda bizdə belə bir fikir yaranır: Kitabların xeyri nə ola bilər? Bu dövrümüzdə texnologiya nə qədər inkişaf etsə də, kitabın dəyəri azalmır. Çünki ekran sönə bilər, amma kitabın hər bir sözü insanın yaddaşında həmişə yaşayır. Bəs biz kitab oxuduqda hansı biliklərə yiyələnirik?
Kitab təkcə bilik mənbəyi deyil, həmçinin, mənəvi zənginliyin açarıdır. Kitab oxuduqca insanın həyata baxış bucağı dəyişir və həyatı daha dərindən dərk etməyi öyrənir. Dünyagörüşü artdıqca, düşüncələrimiz formalaşır. Bu bizi daha ağıllı və daha kamil insan edir. Kitab oxuyan cəmiyyət həmişə öyrənir, inkişaf edir və paylaşır. Dünya ədəbiyyatının məşhurlarından olan, məsələn, “Kapitan Qrantın Uşaqları”, “Enneaqram”, “Hakimiyyətin 48 Qanunu” kitabları hər bir gəncin oxumalı olduğu kitablardır. “Kapitan Qrantın uşaqları” məhşur fransız yazıçısı Jül Vernin ən maraqlı macəra romanlarından biridir. Əsər cəsarət, ailə birliyini tərənnüm edir. Əsərin baş qəhrəmaları Meri və Robert Qrant ataları Kapitan Qrantı tapmaq üçün səyahətə başlayırlar. Onlar çoxlu çətinliklərlə üzləşsələr belə, yollarından dönmürlər və qətiyyətlə irəliləyirlər.
“Enneaqram” insan xarakterlərini öyrənən qədim və maraqlı bir sistemdir. Bu sistemə görə insanlar 9 tipə bölünürlər. Bu tiplərin özünəməxsus düşünməsi, davranış forması olur. Enneaqram vasitəsi ilə insan öz xarakterini tanıdıqca öz yanlışlarını düzəldə bilər və daha sağlam şəxsiyyətə çevrilə bilər.
“Hakimiyyətin 48 Qanunu” Robert Qrinin yazdığı mükəmməl bir kitabdır. Bu kitab cəmiyyətdə insanın idarəetmə, liderlik bacarıqlarını formalaşdırır. Əsər həyatın qayda və qanunlarını daha dərindən anlayıb, dərk etməyə, məqsədlərimizə doğru daha möhkəm addımlar atmağı öyrədir.
Kitablar janrından asılı olmayaraq hər bir insanı düşündürür və ruhunu zənginləşdirir. Oxucunu fərqli aləmlərə aparır.
“Ədəbiyyat və incəsənət”
(26.11.2025)


