“Maraqlı söhbətlər” Bayraqdar Natiq Qasımov barədə Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

9 Noyabr - Dövlət Bayrağı Günü qeyd olunursa, mütləq Milli Qəhrəman, Bayraqdar Natiq Qasımov yada salmalıyıq.

 Natiq əlində üçrəngli Bayrağımız erməni yaraqlılarının arasında irəliləyərkən orada olan xarici jurnalistlər sözügedən məşhur fotonu çəkdilər.

 

Moskvada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il aprel ayında (№14-15) müxbir Konstantin Smirnovun “Qorxu” məqaləsi çap olunub. Həmin məqalədə italiyalı fotomüxbir Enriko Sarsinin çəkdiyi bir görüntü verilib. Bu fotoda azərbaycanlı döyüşçü Natiq Qasımov ermənilərin əhatəsində olmasına baxmayaraq üçrəngli Bayrağı vermir.

Bu, savaşlar tarixində baş verən çox heyrətamiz bir hadisədir.

Natiq Qasımov 1971-ci ildə yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramuradlı kəndində anadan olub. Sonradan ailəsi ilə Mingəçevir şəhərinə köçüb. Məktəbi bitirdikdən sonra Azərbaycan DRES-də çilingər, “Kosmos” kinoteatrında kinomexanik işləyib. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşunlarda hərbi xidmətdə olub.

 

Bi isə sonrakı tarix – o tarix ki onu qəhrəmanlığa aparır.

1991-ci ildə ordudan tərxis olunduqdan sonra Natiq Qasımov könüllü olaraq Vətənin müdafiəsinə gedir, Ağdamda Yaqub Rzayevin (“Ala Yaqub”) başçılıq etdiyi “Qarabağ şahinləri” batalyonunda vuruşur. Döyüş bölgəsindən evə qayıtdıqdan az sonra “Xocalı” soyqırımı baş verir. O, yenidən döyüş bölgəsinə gedir.

1992-ci ilin martında “Qarabağ şahinləri” batalyonundan olan 31 nəfərlik dəstə Ağdamın Xramort kəndi yaxınlığındakı əhəmiyyətli bir yüksəkliyi ələ keçirir. Döyüşdə həlak olanlar da olur, digərləri isə geri qayıdır. Həmin yüksəklikdəki qədim alban kilsəsində Natiqlə birlikdə altı nəfər dostu qalır. Onlara kömək göndərilmir. Bütün dostları həlak olan Natiq beş gün təkbaşına ermənilərlə döyüşür və mövqeyi tərk etmir. Sonda ermənilər əsir götürdükləri iyirmi nəfər Xocalı sakinini o təslim olmayacağı halda qətlə yetirəcəklərini bildirirlər. Bu xəbəri Natiqə əsir götürülmüş, Xocalıda məktəb direktoru işləmiş Cəfər Cəfərov çatdırır.

 

C.Cəfərovun dedikləri: “...Yuxarı baxdım. Gecədən islanmış üçrəngli Bayraq ağır-ağır yellənirdi. Bayrağa baxa-baxa ağladım. O, üzü üstə yıxılmışdı. Yaxınlaşıb yaralı olub-olmadığını soruşdum. Güclə cavab verdi ki, yaralı deyil. Su istədi. Su olmadığından ona bir neçə parça quru çörək verdim. Könülsüz də olsa çörəyi yedi. Dedi ki, komandirim məni altı nəfərlə bura göndərib. Yoldaşlarımdan üçünü ermənilər öldürdü, üçündən isə xəbərim yoxdur. Beş gündür ki, tək qalmışam.

Natiqdən niyə postu tərk etmədiyini soruşdum. Dedi ki, komandirə söz vermişəm, Bayrağı və postu qoyub gedə bilmərəm. Kömək gözlədim, gəlmədi.

Natiqə ermənilərin tələbini çatdırdım. Eşitdiklərinin ürəyincə olmadığını hiss etdim. Dedi ki, iki gülləsi qalıb, axıradək vuruşacaq. Xahiş etdim ki, məni vur, qoy heç olmasa özümüzünkünün gülləsindən ölüm. Bir anlığa xəyala daldı: Tutaq ki, Sizi vurdum, bəs mənə görə iyirmi nəfər əsirin güllələnməsinə necə razı olum? Bunu deyib havaya güllə atdı, ermənilərə tərəf qışqırıb onları yanına çağırırdı. Ermənilər əvvəlcə tərəddüd etsələr də, məni görüb tökülüşdülər. Natiqin üst-başını axtardılar. Onun bir neçə gün burada təkbaşına vuruşmasına heç cür inana bilmirdilər. Kilsəni aramsız avtomat atəşinə tutdular. Heç kimin olmadığını görəndə pərtliklərindən daha da qəzəbləndilər...”

Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə 25 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi şəxsi igidliyə görə Natiq Səlim oğlu Qasımova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

 

“Ədəbiyyat və incəsənət”

(09.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.