“KİTABİ-DƏDƏ QORQUD” dastanında bayrağa hörmət və ehtiram Featured

 

İmran Verdiyev, 

Azərbaycan Respublikasının Əməkdar müəllimi. “Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi

 

 

"Kitabi-Dədə Qorqud" dastanı xalqımızın zəngin tarix salnaməsi və söz abidəsidir.Ulu öndərimiz Heydər Əliyev bu kitabı "Xalqımızın ana abidəsi" adlandırır və onun haqqında deyirdi: "Bizim zəngin tariximiz, qədim mədəniyyətimiz və milli-mənəvi dəyərlərimiz "Kitabi-Dədə Qorqud" eposunda öz əksini tapmışdır... "Kitabi-Dədə Qorqud" həm də bizim etika kitabımız, əxlaq kodeksimizdir. Böyüyə hörmət, ata-anaya məhəbbət, iman və etiqad, namus və qeyrət, ailəyə, torpağa, vətənə sədaqət - bu insani keyfiyyətlər, mənəvi məziyyətlər Qorqud övladlarının qanına ana südü ilə, ata nəfəsi ilə birlikdə daxil olur və son mənzilə qədər də onlarla birlikdə gedir. Dədə Qorqud dünyasındakı milli dəyərlər, stereotiplər, rituallar sistemi əslində hər bir azərbaycanlının varlığının ayrılmaz hissəsidir".

 

Burada dövlətçilik elementlərini və dövlətə xas olan rəmzləri açıq-aydın müşahidə etmək mümkündür. T.Hacıyev özünün "Dədə Qorqud kitabı": Tariximizin ilk yazılı dərsliyi" əsərində yazır: "Ümumi Qalın Oğuz bayrağının arxasında birində Üç Oq, o birində Boz Oq damğası olan iki bayraq var. Həmin halında Qalın Oğuz, müasir təbirlə federasiyadır".

Dastanda dövlət rəmzlərinin ən vaciblərindən olan bayrağın adı ələm, sancaq və tuğ şəklində dəfələrlə çəkilir. Məsələn, "Qaba ələm götürən xanımız kimi... Qaba ələm götürən xanımız - Bayandır xan"; "Qazan bəgin qardaşı kafirin tuğuyla sancağı qılıcladı"; "Ağır sancaq götürəndə müsəlmanlar arxası olsun", "Mərə yigit! Önüncə bu çərinin bir ağ sancaqlı alay çıxdı" və s.

Ümumiyyətlə, türk xalqlarında bayrağın tarixi çox qədimdir. Vaxtilə Sibirdə yaşayan türkdilli xalqlar çadırın başındakı bacadan yuxarı ağaclar çıxarar və onlardan müxtəlif rəngli dərilər və parçalar asarmışlar. Göytürk xaqanlığının öz tuğunun olması tarixi faktdır. Bu tuğun - bayrağın başında qızıl-gümüşlə işlənmiş qurd başı asılarmış. Məlumdur ki, xürrəmilər də azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmışdılar. Türk xalqlarında bayraqlar Vətənin, xaqanın və onun xalqının ululuğunun, hakimiyyətinin və böyüklüyünün simvolu olub, həmişə uca tutulub.

Bayrağın qədimliyindən söz açarkən dastanda "ələm" adlı bayrağa daha çox diqqət yetirilməlidir. Tədqiqatçıların fikrincə, məhz bu bayraq dövlət bayrağı anlayışını verir. Tuğ daha qədim olub, əsasən, əsas və hakim təbəqəni bildirməklə döyüş əlaməti daşıyır. Sancaq isə daha çox vilayətlərin simvolu kimi özünü göstərir. Bunu eposda işlənmiş "yigirmi dörd sancaq bəyi" ifadəsi də göstərir. Beləliklə, dövlət bayrağı mənasında tam işlənən söz "ələm" sözüdür. "Qaba ələm götürən xanımız - Bayandır xan" ifadəsi bu qənaəti daha da gücləndirir. Dövlət başçısının götürdüyü "qaba" - uca bayrağın dövlət bayrağı olması daha inandırıcıdır.

Dastanda bayrağa hörmət və ehtiram hissinin yüksək olduğu xüsusi qeyd olunmalıdır. Oğuzlar bayrağın şərəfini uca tutur, onun düşmən əlinə keçməsinə, qılınclanıb ayaqlar altına salınmasına imkan vermirlər. Bayrağın ayaq altına atılması məğlubiyyət və təhqiq kimi qiymətləndirilir. Onun məhv olması dövlətin və istiqlalın məhv olması hesab olunur.

Dastanda təsvir olunan bayraqların rəngləri də maraq doğurur. Tarix göstərir ki, qədim türklərdə el və tayfa birləşmələrinin müxtəlif rəngli bayraqları olub. XV-XVI əsrlərdə Azərbaycan miniatürlərində ağ, göy, sarı və qırmızı rəngli bayraq təsvirlərinə tez-tez rast gəlmək mümkündür. Daha çox ağ, qara və qırmızı bayraqlardan istifadə edilib. "Kitabi-Dədə Qorqud" dastanında isə biz ancaq ağ və qara rəngli bayraqları görürük. Məsələn, "Qazan gördü kim, ləşkər önüncə, bir ağ boz atlı, ağ ələmli bərkdəmir donlu, oğuzun önüncə gəldi, çadrın tikdirdi, alay bağladı durdu", "Boyu uzun Burla xatun qara tuğun kafirin qılıcladı, yerə saldı" və sair.

"Oğuzların dövlət bayrağı nə üçün ağ rəngdədir?" Mənbələr göstərir ki, türklərdə ağ rəng Tanrı rəngi, qalibiyyət və hakimiyyət rəmzi sayılır. Bu ənənə XX əsrin əvvəllərinə kimi mövcud olub. Görkəmli tədqiqatçı M.Seyidov yazırdı ki, XX əsrin əvvəllərində Şəki xanlarının nəslindən olan Ədil xanın şəhərdəki evlərinin üstündə həmişə ağ bayraq yellənərmiş.

Qara bayraq güc və qüdrət simvolu sayılırdı. Dastanda təsvir olunan kafirlər Oğuz elinə qara rəngli bayraqla gəlir, beləliklə, özlərinin güclü və qüdrətli olduqlarını bildirirdilər. Amma həmişə məğlub olurdular. Oğuz igidləri onların qara tuğlarını qılınclayıb yerə salırdılar.

Maraqlıdır ki, dastanda oğuzların başı üzərində qara və qırmızı bayraq görmürük. Görəsən, niyə? Çünki onlara görə, qırmızı bayraq tərəflərin bir-birinə müharibə elanetmə simvoludur. Oğuz ölkəsi isə sülhsevər bir ölkədir, heç kəsə güc nümayiş etdirimir, iğalçılıq siyasəti yeritmir, müharibə etmir. Ona görə də başları üzərində qara və qırmızı bayraq qaldırmırlar.

 

“Ədəbiyyat və incəsənət”

(09.11.2025)

 

                                                                  

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.