Yazıçı Yunus Oğuz TÜRKSOY-un Onur nişanı ilə təltif olundu Featured

 

Könül, “Ədəbiyyat və incəsənət”

 

Adı sərhədləri aşan çox az sayda yazıçımız vardır, onlardan biri də türk dünyasında kifayət qədər tanınan, tarixi romanlar müəllifi Yunus Oğuzdur. Yazıçı ilə bağlı xoş bir xəbəri sizlərlə bölüşmək istəyirəm.

 

Ötən gün Atatürk Mərkəzində Yunus Oğuza TÜRKSOY-un Onur nişanı təqdim olundu. Tədbirdə çıxış edən Atatürk Mərkəzinin direktoru, akademik  Nizami Cəfərov bildirdi ki, Yunus Oğuz təkcə yazıçı deyil, həm də şair, filosof, publisist və jurnalist kimi Azərbaycan ədəbi mühitində özünəməxsus yerə malik şəxsiyyətdir:
"Yunus Oğuz ümumtürk təfəkkürünə sahib nadir yazıçılardandır.
O, əsərlərində yalnız Azərbaycanı deyil, bütün türk dünyasını düşündürən mövzuları qələmə alır. Onun hər yeni kitabı məsuliyyət və vicdanla yazılmış bir əsərdir, hər cür mükafata və təqdirə layiqdir"

TÜRKSOY-un Baş katibi Sultan Raev Yunus Oğuzun yaradıcılığının türk mədəniyyətinə verdiyi töhfəni yüksək qiymətləndirərək söylədi:

“Bu gün Atatürk Mərkəzində toplaşmaqdan qürur duyuram. Atatürk türk dünyası üçün simvoldur. TÜRKSOY olaraq biz ilk türk xalqları birliyiyik, tam 32 ildir ki fəaliyyət göstəririk, türk xalqalrının dili, mədəniyyəti, irsi - bütün sahələrdə türk xalqlarının birliyinə çalışırıq. UNESCO ilə birgə iclaslarda da 300 milyonluq türk dünyasının dilinin beynəlxalq səviyyədə tanıdılması üçün fəaliyyət göstəririk."

Sultan Raev əlavə etdi ki, Yunus Oğuzun "Nadir Şah" və "Əmir Teymur" kimi tarixi əsərləri türk tarixinin yaşadılması, bu birliyin gücləndirilməsində mühüm rol oynayır:

"Yunus Oğuz bizim tariximizi, dəyərlərimizi yaşadan, keçmişi gələcəklə birləşdirən altun bir yazardır."

Tanınmış yazıçı, Azərbaycan Yazıçılar Birliyinin katibi, əməkdar incəsənət xadimi Elçin Hüseynbəyli xüsusilə TÜRKSOY-un Baş katibi Sultan Raevin iştirakını yüksək dəyərləndirdi.

Yazıçı çıxışında həmçinin qarşıdan gələn 8 Noyabr - Zəfər Günü münasibətilə təbriklərini çatdırdi və bu günün yalnız Azərbaycanın deyil, bütün türk dünyasının qələbə rəmzinə çevrildiyini vurğuladı:

"Qarşıdan Zəfər Günü gəlir. 8 Noyabr təkcə Azərbaycanın deyil, bütün türk dünyasının bayramıdır. Bu gün türk birliyinin, qardaşlığının, həmrəyliyinin təntənəsidir."

Yeri gəlmişkən, Yunus Oğuz həm də tarixi zəfərimizdən bəhs edən “Çığır” romanının da müəllifidir.

Elçin Hüseynbəyli çıxışını Yunus Oğuzun yaradıcılığının türk mədəniyyəti və ədəbiyyatı üçün əhəmiyyətini qeyd etməklə tamamladı, yazıçını təbrik edib, ona yeni yaradıcılıq uğurları arzuladı.

Publisist, filologiya üzrə elmlər doktoru Abid TahirliYunus Oğuzun müasir Azərbaycan ədəbiyyatında və mətbuatında fəal mövqeyindən danışaraq onun yaradıcılığını yüksək qiymətləndirdi:
"Yunus Oğuz haqqında çox danışmaq olar.
Çünki o, hər gün mətbuatda görünür, daim ictimai fikir məkanındadır. Onun romanlarının adlarını sadalamaq üçün bir neçə dəqiqə kifayət etməz. Bu, onun nə qədər məhsuldar və dinamik yaradıcılığa malik olduğunun göstəricisidir."
Filoloq qeyd e
tdi ki, Yunus Oğuzun "Cığır" romanı ədəbi mühitdə geniş maraq doğurub və əsərin mövzu seçimi, bədii dili, təsvir və ifadə vasitələri ilə oxucular arasında xüsusi populyarlıq qazanıb:
"Biz "Cığır" romanı ilə bağlı çoxlu müzakirələr aparmışıq. Yunus Oğuz tarixi faktları necə topladığını, onları necə bədii şəkildə təqdim etdiyini ustalıqla göstərir. Bu kitab həm ədəbi, həm də mənəvi baxımdan dəyərli əsərdir."

Abid Tahirli həmçinin qarşıdan gələn Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik etdi və TÜRKSOY-un Baş katibi Sultan Raevə də təşəkkürünü bildirdi. O, təşkilatın türk xalqları arasında mədəni və ədəbi əlaqələrin inkişafına böyük töhfələr verdiyini vurğuladı:
"Bu 32 il ərzində TÜRKSOY-un çoxsaylı möhtəşəm tədbirləri keçirilib. Amma biz arzu edərdik ki, türk xalqlarının, o cümlədən Azərbaycan mühacirətinin ədəbi irsi, coğrafi və tarixi izləri bu istiqamətdə daha geniş şəkildə təqdim olunsun."

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə daxil olan İri Şəhərlərin Birləşmiş Su Təchizatı publik hüquqi şəxsin (keçmiş "Azərsu" ASC) mətbuat xidmətinin rəhbəri Ceyhun Musaoğlu (Musayev) da yazıçı Yunus Oğuzun fəaliyyətini yüksək qiymətləndirdi. Ceyhun Musaoğlu bildirdi ki, yaxşı jurnalist ilk növbədə "pozmağı" bacaran, nəyi yazmamağı dəqiq müəyyən edən peşəkardır. Onun sözlərinə görə, yazıçı isə yaratdığı cümlələrlə oxucunu öz tərəfinə çəkməyi bacarmalıdır. "Yazıçılıq həm pul qazanmaq, kapital toplamaq, həm də ədəbiyyata xidmət etməkdir. Elə yazıçılar var ki, sırf ədəbiyyata görə yazır. Yunus bəy də onlardan biridir. Yazdığı kitablarla milyonlarla gəlir əldə etmək olar, amma o, bunu ədəbiyyata, amala xidmət üçün edir", - deyə Musaoğlu qeyd etdi.
O, Yunus Oğuzun xarakterinin və yaradıcılığa yanaşmasının onu digərlərindən fərqləndirdiyini vurğula
:
"Yazıçılar həm də qeyri-adi insanlardır. İnsan xarakterinə uyğun yaşayır. Mən öz vətənimə minnətdaram ki, sizi yetişdirib."

Milli-azadlıq hərəkatının öncüllərindən olan, hazırda QHT sektorunda fəalliği ilə seçilən Yadigar Məmmədli jurnalistikadan ədəbiyyata yol tutmuş Yunus Oğuz yaradıcılığını tarixi səlnaməçilik baxımından Azərbaycan üçün olduqca önəmli olmasını vurğulayıb.

Sonda  Sultan  Raev  mükafatı  Yunus  Oğuza  təqdim  edib.

 

Qeyd edim ki, Yunus Oğuzun TÜRKSOY-un "Onur nişanı" ilə təltif olunması Azərbaycan ədəbiyyatının, eləcə də ümumtürk mədəniyyətinin növbəti böyük uğuru kimi qiymətləndirmək olar.

 

“Ədəbiyyat və incəsənət”

(06.11.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.