“Bir direktor və bir şagird” layihəsində Röya İslamova və Fidan Kazımlı Featured

 

"Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda Bakı şəhəri 84 nömrəli tam orta məktəbdir.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

İslamova Röya Sərvər qızı 03.02.1986-cı ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr, 2008-2011-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsili almışdır. Müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək 15.09.2012-ci il tarixdə 262 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuşdur.

2015-2021-ci illərdə Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Direktor müavinlərinin işə qəbulu " müsabiqəsində uğur qazanaraq 15.09.2021-ci il tarixindən Bakı şəhəri 146 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşdur. Pedaqoji fəaliyyəti dövründə yüzə yaxın seminar, təlim, konfranslarda iştirak etmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun təşkil etdiyi Azərbaycan dili və ədəbiyyat fənn kurikulumlarının tətbiqi ilə əlaqədar "Öyrədənlərin öyrədəni" kursunun,2022-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzinin birgə layihəsi olan "Məktəb liderliyi" proqramının iştirakçısı olmuşdur. 2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsində uğur qazanaraq  İsraildə keçirilən “Təhsildə liderlik” mövzusunda təlimlərdə iştirak etmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Direktorların işə qəbulu" müsabiqəsində uğur qazanaraq 01.12.2022-ci il tarixindən Bakı şəhəri 84 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində təhsil alır.

 

ŞAGİRD:

Mən, Kazımlı Fidan, 2013-cü ildə 21 fevral tarixində Bakı şəhəri, Suraxanı rayonu Əmircan qəsəbəsində anadan olmuşam. Hal-hazırda Aslan Muradov adına 84 nömrəli tam orta məktəbdə 7c pilot sinfində təhsil alıram. Məsuliyyətli, çalışqan və məqsədyönlü bir şagirdəm. Dərslərimə ciddi yanaşıram. Müəllimlərimin tapşırıqlarını vaxtında və dəqiqliklə yerinə yetirməyə çalışıram. Sinif yoldaşlarımın arasında ünsiyyətcil, yardımsevər və dürüst olmağa xüsusi önəm verirəm.

Kitablarla olan dostluğum çox erkən yaşlarımdan başlayıb. Bu sevgi zamanla yalnız oxumaqla kifayətlənməyib, zamanla yazmağa olan marağımı da artırıb. Artıq bir kitabım dərc olub. “Macəralı sinfim”. Hazırda isə 2-ci kitabım olan “Tənbəl gündəliyi” dərc olunmaq üzrədir. Bununla yanaşı, gələcək üçün daha böyük və əhatəli bir layihə üzərində çalışıram.

Ən böyük arzularımdan biri Azərbaycan dili və ədəbiyyatı müəllimi olmaqdır. Müəllim şagirdin dünyasını işıqlandıran memardır. Mən də gələcəkdə bu missiyanı layiqincə yerinə yetirmək üçün əlimdən gələni edəcəyəm.

Ədəbiyyat mənim üçün sadəcə bir fənn deyil. Hisslərimin, arzularımın dilidir. Həyatda məni ifadə edən ən gözəl yol elə məhz yazmaqdır.

 

 

ESSE

“Yazarlıq mənim üçün nə deməkdir”

 

Bəzən bir fikir beynimdə parlayar elə bil ki, içimdə bir qığılcım yanır. O an qələm götürüb yazmağa başlayıram. Yazarlıq mənim üçün sadəcə sözləri ard-arda düzmək deyil, hiss etdiklərimi, düşündüklərimi və xəyəl etdiklərimi başqaları ilə paylaşmaq deməkdir.

Mən yazmağa çox kiçik yaşlarımdan başlamışam. Hər dəfə yazanda elə bilirdim ki, özüm üçün yeni bir dünya yaradıram. Kağız və qələm mənim ən yaxın dostlarımdır. Bəzən sözlər axır, bəzən isə çox çətinliklə tapılır. Amma hər dəfə yazını bitirəndə içimdə bir sevinc olur sanki uzun bir səfərdən qayıtmışam.

 

Yazarlıq təkcə istedaddan deyil, həm də əmək, plan və səbrlə bağlıdır. Mən adətən yazacağım kitabı əvvəlcə dəftarıma yazır, kiçik bir plan qururam. Daha sonra yazını kompüterdə köçürürəm. Hər bir yazı üzərində dəfələrlə işləyir, dəyişikliklər edirəm. Əsasən sakit bir mühitdə yazmağı sevirəm, çünki o zaman beynimdə milyonlarla yazılacaq cümlə yaranır.

Əsərlərimin çoxunda yaşadığım hadisələrdən ilham alıram. Həyatda qarşılaşdığım hisslər, maraqlı insanlar və hadisələr mənim üçün yeni hekayələrin başlanğıcı olur. Bu da mənim çoxlu ssenari yazmağıma imkan yaradır. Amma gələcəkdə daha çox planlaşdırdığım layihələr tamamilə xəyali qəhrəmanlardan ibarət olacaq.

İlk kitabım “Macəralı Sinifim” mənim üçün bir başlanğıc oldu. Bu kitab mənə öyrətdi ki, yazarlıq məsuliyyət, səbr və ən əsas özünə inan tələb edir.

Yazarlıq mənim həyatımın bir hissəsidir. Hər yeni hekayə, hər yeni cümlə mənim üçün yeni bir mənaya çevrilir. Gələcəkdə də yazmaq, yeni kitablar yaratmaq və oxucularımın qəlbində iz qoymaq istəyirəm.

Mən inanıram ki, sözlərin gücü ilə hər ürəyə bir işıq salmaq mümkündür.

 

“Ədəbiyyat və incəsənət”

(05.11.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.