Sözdən yaranan incilər – SƏDİ ŞİRAZİDƏN SON KƏLAMLAR Featured

 

Əziz oxucular!

Tanınmış ictimai-siyasi xadim, yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, mərhum Sadıq Murtuzayev, publisist, Əməkdar hüquqşünas Müzəffər Ağazadə və yazıçı-rejissor, publisist-jurnalist, Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu səmavi insanların, dünya dahilərinin  və Azərbaycan mütəfəkkirlərinin on mindən çox kəlamlarını, sitatlarını, aforizmlərini toplayıb, tərcümə  eləyib və  “Sözdən  yaranan incilər” adlı çox qalın bir kitabı  çapa hazırlayırlar. 

 

“Ədəbiyyat və incəsənət” portalı olaraq belə qərara gəldik ki, bu  sayımızdan başlayaraq həmin kəlamları, sitatları, aforizmləri səhifələrimizdə çap edək.

İnanırıq ki, sözdən yaran bu incilər sizin xoşunuza gələcək və onları öz yaddaşınıza köçürəcək, gündəliyinizə yazacaq, dostlarınızla, yaxınlarınızla bölüşəcəksiniz.

Çünki bu incilər, hər insana  lazım olan ən qiymətli sözlərdir. Onun daha yaxşı, mükəmməl  kamilləşməsi üçün əvəzsiz bir məktəbdir.

 

                                                                           

 SƏDİ  ŞİRAZİ   (1203, 1210 arası – 1292-ci illər), şair

 

-         Düşünüb, sonra de sözü müxtəsər,

          O qədər danışma “bəsdir” desinlər.

-         Döyüş meydanında can versə insan,

          Xoşdur, namərdliklə qoyub qaçmaqdan.

-         Düzlüyü çox sevər taleyi yazan,
Görmədim düz yolda yolunu azan.

-         Yaxşı da, yaman da keçər dünyada,

           Çalış yaxşılıqla düşəsən  yada.

-         Arif ol, söhbəti müxtəsər eylə,

          Uzun danışandan qaç, həzər eylə.

-         Yüz əyri ox atsan olmaz dəyəri,

           Bir ox at, hədəfdən getməsin əyri.

-         Zəmanə dərdindən çəkmə qəm-kədər,

          Səbr acı olsa da şirin bar verər.

-         İnsanın qəlbini göstərməz paltar,

         Yazan özü bilər, kağızda nə var.

-         Düzlüyü çox sevər taleyi yazan,

          Görmədim düz yolda yolunu azan.

-         Oxşa könülləri, xalqı sal yada,

          Təkcə öz halına qalma dünyada.

-         Kim səndən qorxursa, qıl ondan həzər,

          Olsan da yüz elə şəxsə bərabər.

 

Sədi  Şirazidən soruşanda ki, “elmdə bu dərəcəyə necə çatdın?”

Cavab verir: -  Heç vaxt bilmədiyim şeyi soruşmaqdan utanmadım.

 

“Ədəbiyyat və incəsənət”

(29.09.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.