"Ədəbiyyat və İncəsənət” portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə keçirdiyi “Bir direktor və bir şagird” adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların ədəbiyyata olan marağına diqqət yönəltməkdir.
Hazırda təqdimatda Bakı şəhəri 84 nömrəli tam orta məktəbdir.
Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı
DİREKTOR:
İslamova Röya Sərvər qızı 03.02.1986-cı ildə anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra 2004-2008-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan dili və ədəbiyyat ixtisası üzrə bakalavr, 2008-2011-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetində Azərbaycan ədəbiyyatı ixtisası üzrə magistr təhsili almışdır. Müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək 15.09.2012-ci il tarixdə 262 nömrəli tam orta məktəbə Azərbaycan dili və ədəbiyyat müəllimi təyin olunmuşdur. 2015-2021-ci illərdə Cəbrayıl rayon C.Əhmədov adına şəhər tam orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Direktor müavinlərinin işə qəbulu " müsabiqəsində uğur qazanaraq 15.09.2021-ci il tarixindən Bakı şəhəri 146 nömrəli tam orta məktəbə təlim-tərbiyə işləri üzrə direktor müavini təyin olunmuşdur. Pedaqoji fəaliyyəti dövründə yüzə yaxın seminar, təlim, konfranslarda iştirak etmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun təşkil etdiyi Azərbaycan dili və ədəbiyyat fənn kurikulumlarının tətbiqi ilə əlaqədar "Öyrədənlərin öyrədəni" kursunun,2022-ci ildə Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetin Strateji İnkişaf Mərkəzinin birgə layihəsi olan "Məktəb liderliyi" proqramının iştirakçısı olmuşdur. 2025-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və “ORT İsrail” məktəblər şəbəkəsinin birgə əməkdaşlığı ilə Təhsil İnstitutu tərəfindən həyata keçirilən “İnnovativ məktəb” layihəsində uğur qazanaraq İsraildə keçirilən “Təhsildə liderlik” mövzusunda təlimlərdə iştirak etmişdir. 2022-ci ildə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Direktorların işə qəbulu" müsabiqəsində uğur qazanaraq 01.12.2022-ci il tarixindən Bakı şəhəri 84 nömrəli tam orta məktəbə direktor vəzifəsinə təyin edilmişdir. Hal-hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Dövlət və bələdiyyə idarəetməsi” fakültəsində təhsil alır.
ŞAGİRD:
Sadiq Nəbili Xəyal oğlu - 25.06.2009-cu ildə Bakı şəhərində anadan olmuşam. 2015-ci il Aslan Muradov adına 84 nömrəli məktəbin 1-ci sinfinə qəbul olmuşam. Hal-hazırda 11-ci sinfində təhsil alıram. 2018-ci ildə YUNESKO-nun İnformasiya hamı üçün Azərbaycan Komitəsi tərəfindən “TƏŞƏKKÜRNAMƏ - Azərbaycanın böyük şairi İmadəddin Nəsiminin ədəbi-bədii irsinə maraq göstərdiyinə və şairin qəzəllərin peşəkarlıqla ifa etdiyinə görə” təltif edilmişəm. Aşıq Ələsgər və Azərbaycan folkloru müsabiqəsində şeir nominasiyası üzrə -ci yerin qalibi, Dünya Türkdilli Dövlətlər arasında keçirilən Pöhrə 2022 istedad müsabiqəsində Bədii qiraət üzrə LAUREAT adına layiq görülmüşəm. Qızıl açar müsabiqə qalibi, Bakı məktəblilər arasında keçirilən şeir müsabiqəsində -ci yerin qalibi və bir çox müsabiqələrdə qalib olmuşam. Vətənpərvərlik ruhunda şeirlər yazıram. Nağıl və hekayələrim var.
ESSE:
Texnologiyanın inkşafı insanı tənbəlləşdirirmi?
Bu gün texnologiya həyatımızın ayrılmaz hissəsinə çevrilib. Smartfonlar, süni intellekt, avtomatlaşdırılmış sistemlər – hər biri gündəlik işlərimizi asanlaşdırır. Lakin bir sual yaranır: bu rahatlıq bizi tənbəl edirmi? Texnologiyanın verdiyi imkanlar bəzən insanı düşünməyə, hərəkət etməyə və mübarizə aparmağa az həvəsli hala gətirir. Əvvəllər insanlar sadə işləri özləri görürdülər: məktəbə piyada gedir, məktubları əl ilə yazır, hesablamaları kağız üzərində aparırdılar. İndi isə bir düymə ilə hər şey hazır olur. Bu, vaxt qazanmaq üçün yaxşıdır, amma eyni zamanda fiziki və zehni fəaliyyətimizi azaldır.
Məsələn, onlayn alış-veriş bizi bazara getməkdən xilas edir, amma hərəkətsiz həyat tərzini gücləndirir. Süni intellekt bizə düşünmədən cavab verir, nəticədə bəzən beynimizi işlətməyə ehtiyac duymuruq. Hətta bəzən texnologiyadan asılı qalırıq – sosial şəbəkəsiz və telefonsuz özümüzü itmiş kimi hiss edirik. Bununla belə, texnologiyanın tənbəllik yaratması qaçılmaz deyil. Əksinə, düzgün istifadə olunsa, bizi daha səmərəli və yaradıcı edə bilər.
Məsələn, onlayn tədris və rəqəmsal kitabxanalar insanın öyrənməsini asanlaşdırır və imkanlarını genişləndirir. Texnologiya nə yaxşı, nə də pisdir – o, sadəcə alətdir. Onun bizi tənbəlləşdirib-tənbəlləşdirməməsi ondan necə istifadə etdiyimizdən asılıdır. Əgər biz rahatlığı məqsəd yox, vasitə kimi görsək, texnologiya bizi gerilətməz, əksinə, irəli aparar.
“Ədəbiyyat və incəsənət”
(29.10.2025)


