İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Bəli. Bir vaxtlar həqiqətən də kitablar oxunardı, böyük şəhərlərdə kitab mağazalarında yeni kitaba növbələr yaranar, ucqar kənd kitabxanalarında isə üç ay o yana kitab götürməyə ad yazdırılardı. O dönəmlərdə İsmayıl Şıxlı, Mirzə İbrahimov, Bayram Bayramov, İlyas Əfəndiyev kimi yazıçılarin kitablarına hədsiz ehtiyac və təlabat var idi.
Mirzə İbrahimov 1911-ci il oktyabrın 28-də Cənubi Azərbaycanın - İranın Sərab şəhəri yaxınlığındakı Eyvəq kəndində (indiki İran İslam Respublikası, Şərqi Azərbaycan ostanı, Sərab şəhristanı, Şərəbiyan dehistanı, Eyvəq kəndi) anadan olub. 1918-ci ildə atası və böyük qardaşı ilə Bakıya gəlib. Əvvəlcə anası, sonra isə atası vəfat edəndən sonra kiçik yaşlarından Balaxanı və Zabrat kəndlərində muzdurluq edib çörək pulu qazanıb. Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra 1926–1930-cu illərdə Balaxanı fabrik-zavod məktəbində oxuyub və işləyib. Bədii yaradıcılığa da Zabrat fəhlə ədəbiyyat dərnəyinin üzvlüyündən başlayıb.
Mirzə İbrahimovun "Qazılan buruq" adlı ilk şeiri 1930-cu ildə "Aprel alovları" məcmuəsində dərc olunub. Bundan sonra dövri mətbuatda şeirləri nəşr olunub. O, ilk tənqidi, publisist məqalələrini, hekayə və oçerklərini də 30-cu illərdə yazıb. 1932-ci ildə beşilliklərin nəhəng tikintilərini və sosialist sənayesinin inkişaf sürətini öyrənmək üçün Ukraynaya — Donbas şaxtalarına, Dnepropetrovsk sənaye müəssisələrinə səfərdə olub, "Giqantlar ölkəsində" adlı oçerklər kitabını qələmə alıb. Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun ikiillik hazırlıq şöbəsində təhsil aldıqdan sonra partiya onu Naxçıvan MTS siyasi şöbəsinə — "Sürət" qəzetinin redaktoru vəzifəsinə göndərib. "Həyat" (1935) pyesi bu dövrün bəhrəsi olub
İkinci dünya müharibəsinin ağır sınaq illərində əsərləri, istərsə də fabrik-zavodlarda, kəndlərdə əsgəri hissələrdə odlu-alovlu çıxışları ilə düşmənə nifrət və qəzəb aşılayıb. 941-ci ildə Cənubi Azərbaycanda olarkən "Vətən yolunda" qəzetinin məsul redaktoru vəzifəsində işləyib. 1942-ci ildə Uzaq Şərqdə Xabarovsk, Vladivostok və s. hərbi dairələrdə 416-cı diviziyanın döyüşçüləri ilə görüşlərdə iştirak edib.
O, milli filoloji elmi kadrların hazırlanması sahəsində böyük işlər görüb. 20 avqust 1956-cı ildə Azərbaycan SSR Ali Sovetinin "Azərbaycan SSR-in dövlət dili haqqında Azərbaycan SSR-in Konstitusiyasına maddə əlavə edilməsi haqqında qanunu qəbul etməsi bu yüksək dövlət təşkilatının rəhbəri Mirzə İbrahimovun böyük səyləri nəticəsində mümkün olub. Onun sayəsində Azərbaycan SSR-də fəaliyyət göstərən rus, erməni və gürcü dilli məktəblərdə Azərbaycan dilinin tədrisi qanunlarda rəsmiləşdirilib. Həmçinin onun "Azərbaycan dili dövlət idarələrində" adlı məqaləsində (1956) milli məsələ ilə bağlı tale yüklü problemlər ön mövqeyə çəkilib.
Əsərləri
1. Giqantlar ölkəsi
2. Həyat üçün
3. Həyat (pyes)
4. Böyük demokrat
5. Azad
6. Gələcək üçün.
7. Böyük dayaq (Roman)
8. Mədinənin ürəyi (Hekayələr)
9. Xəlqilik və realizm cəbhəsindən
10. Murovdağın ətəyində
Yazıçı 1993-cü il dekabrın 17-də Bakıda vəfat edib, Fəxri Xiyabanda dəfn olunub.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(28.10.2025)


