Ərəbşünaslıqla yeni mərhələ – AİDA İMANQULİYEVA Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O ən spesifik, ən çətin sahəni - ərəbşünaslığı seçdi. Və həqiqətən də bura böyük töhfələr verdi. Onun tək “Cubran Xəlil. Həyat və yaradıcılığı” monoqrafiyası bəs edər ki, necə zəngin bir düşüncə tərzi və araşdırmaçılıq bacarığını duyasan.

 

Aida İmanquliyeva 1939-cu il oktyabrın 10-da Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açıb. O, görkəmli jurnalist, pedaqoq, əməkdar elm xadimi, Azərbaycan mətbuatının bünövrəsini qoyanlardan biri olan "Bakı" və "Baku" qazetinin baş redaktoru Nasir İmanquliyevin qızıdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın anasıdır.

Bakıda 132 saylı orta məktəbi qızıl medalla bitirib. 1957–1962-ci illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin ərəb dili şöbəsində təhsil aldıqdan sonra 1966-cı ildə Moskvada SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda 1967-ci ildə “Qələmlər birliyi” və onun Mixail Nüaymənin yaradıcılığında rolu” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edərək filologiya elmləri namizədi adı alıb.

Azərbaycan Milli Elmlər Akademiyasında Yaxın və Orta Şərq Xalqları İnstitutunda “Ərəb ədəbiyyatı” qrupunda kiçik elmi işçi, sonra baş elmi işçi kimi çalışıb. 1966-cı və 1976-cı illərində ərəb filologiyası şöbəsinin müdiri olaraq fəaliyyət göstərib. 1976-cı və 1988-ci illərdə, elmi işlər üzrə direktor müavini, 1988-ci və 1991-ci illərdə həmin institutda direktor vəzifəsində çalışıb. 1976–1988-ci illərdə, institutun ərəb filologiyası şöbəsinə rəhbərlik etdiyi müddətdə, 10 nəfər ərəbşünas namizədlik dissertasiyalarını müdafiə edərək, filologiya elmləri namizədi alimlik dərəcəsinə yiyələnib.

Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor qadın Aida İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul olub. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə, məhz buna görə də, SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə, ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı" ixtisası üzrə, 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilib.

A. İmanquliyeva 1987-ci ildə Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin üzvü və 1983-cü ildən etibarən, sözügedən cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini olub. Moskva, Bakı, Düşənbə, Hamburq, Kiyev, Sankt-Peterburq, Poltava, Tbilisi və digər şəhərlərdə keçirilən Şərq problemlərinə həsr olunmuş beynəlxalq konfranslarda məruzələrlə çıxış edib. 2005-ci ildə Sankt-Peterburq Dövlət Universitetinin xatirə medalı ilə təltif edilib.

 

Əsərləri

1. "Mixail Nüaymə və Qələmlər birliyi"

2. "Cübran Xəlil Cübran"

3. "Yeni ərəb ədəbiyyatının korifeyləri"

4. "Корифеи новоарабской литературы (к проблеме взаимосвязи литератур Востока и Запада начала ХХ века)"

5. "Истоки арабско-русских культурных и литературных связей" (Вопросы восточной филологии)

6. "Русская литературно-критическая мысль и творчество М. Нуайме" (Вопросы восточной филологии)

7. "Природа в творчестве Амина ар-Рейхани" (Вопросы восточной филологии)

 

Aida İmanquliyeva 19 sentyabr 1992-ci ildə Bakı şəhərində vəfat edib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(19.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.