Heydərbaba, Şəhriyarsız necəsən? Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

Güney Azərbaycan poeziyamızın zirvəsi!

Məhəmmədhüseyn Şəhriyar.

Bu gün onun anım günüdür.

Unutmadıq. Daim qəlbimizdə yaşayır və yaşayacaq.

 

Məhəmmədhüseyn Şəhriyar 1906-cı ildə Təbriz şəhərinin Bağmeşə bölgəsində, o zamanın tanınan hüquqşünaslarından Hacı Mirağa Xoşginabinin ailəsində dünyaya gəlib. O, ilk təhsilini kənd məktəbində Molla İbrahim adlı bir axund və Molla Ağa Məhəmməd Bağırdan alıb. Molla İbrahimə qədər ona yazıb-oxumağı dövrün tanınan ziyalısı Hacı Mirağa öyrədib. O, ailəsi ilə birlikdə Təbrizə qayıtdıqdan sonra təhsilini "Füyuzat" və "Müttəhidə" mədrəsələrində davam etdirib, orta təhsilini bitirdikdən sonra 1924-cü ildə Tehrana gəlmiş və tibb fakültəsinə daxil olub.

O, Sürəyya adlı bir qıza aşiq olub və bu məhəbbəti ilə əlaqədar onun başı bir çox bəlalar çəkib, Sürəyyanın qohumları bu izdivaca etiraz əlaməti olaraq Şəhriyara təzyiq göstərərək, onun Tehrandan Nişapura sürgün edilməsinə müvəffəq olublar, beləliklə də şair ali təhsilini yarımçıq qoymağa məcbur olub.  O, bir müddət İranın müxtəlif şəhərlərində həmçinin Məşhəddə yerli idarələrdə məmurluq vəzifəsində çalışıb, 1930-cu illərin ortalarında Tehrana qayıdıb banklardan birinə işə düzəlib. 1950-ci illərin əvvəllərində Təbrizə gələn şair 1953-cü ildə ibtidai məktəbdə dərs deyən Əzizə xanımla evlənib.

Şairin ədəbiyyata olan marağı uşaqlıqdan olub. O, hələ 7 yaşından Azərbaycan dilində, 9 yaşında isə fars dilində şeirlər yazıb. Artıq 1920-ci illərin ortalarından etibarən artıq istedadlı bir gənc şair kimi tanınmağa başlayıb. Hamı onu Seyid Məhəmmədhüseyin Behcət Təbrizi kimi tanıyıb. Bir gün o özünə təxəllüs götürmək fikrinə düşür, bunun üçün Hafizin "Bəxtnamə" kitabını açıb və bəxtinə "Şəhriyar" adı çıxıb. Bu ad onun xoşuna gəlib və onu özünə təxəllüs kimi götürüb, o vaxtdan poeziya aləmində onu "Seyid Məhəmmədhuseyin Şəhriyar" kimi tanıyıb və seviblər. Məhəmmədhüseyin Şəhriyarın yaradıcılığı çoxşaxəlidir.

Azərbaycan, Vətən sevgisi onun əsərlərində möhtəşəmliyi ilə ifadə olunub. Azadlıq ruhu onun Vətən mövzulu əsərlərinin poetik vüsətini təşkil edib. Mübarizə, əzm, birlik Şəhriyar poeziyasının nüvəsində dayanıb, vulkanik bir vüsətlə meydana çıxıb. O, öz yaradıcılığında müxtəlif mövzulara müraciət edib və yazdığı əsərlərdə duyğularını, fikirlərini səmimiyyətlə ifadə edib. Məhəmmədhüseyn Şəhriyarın ilk mətbu şeiri 1913-cü ildə, 8 yaşında ikən, Təbrizdəki Məhəmmədiyyə orta məktəbində oxuduğu zaman "Ədəb" jurnalında dərc edilib. Əsərlərini qəzəl, qəsidə, məsnəvi, qitə, rübai janrında yazan ustad sənətkar ədəbiyyatı zənginləşdirib, hələ sağlığında klassik şair səviyyəsinə yüksəlib.

Xəlqilik, vətənpərvərlik, humanizm, azadlığa, bərabərliyə, sülhə çağırış Şəhriyar poeziyasının başlıca mövzularıdır. Məhəmmədhüseyn Şəhriyar Azərbaycan və İran poeziyasının ən nəhəng simalarından biridir. Onun sənəti həm türk, həm də farsdilli ənənələr zəminində inkişaf edib, dövrünün ictimai-siyasi hadisələrinin bədii əksi Şəhriyar şeirinin əsas mövzusu olub, Şəhriyar poeziyasının üfüqlərinin genişliyi bilavasitə onun xalq həyatına yaxınlıq və bağlılığı ilə əlaqədardır. Şairin şeirlərində forma və məzmun vəhdətini yüksək qiymətləndirib. Güney Azərbaycanın tanınan tədqiqatçısı Əli Sərhənginin araşdırmasına görə Şəhriyarın ilk şeir kitabı 1926-cı ildə "Sədaye-xuda" (Tanrının səsi) adı ilə çap olunub.

Bu kitab Tehranda üç böyük şair və alimin – Məlikü-şüəra Baharın, Səid Nəfisinin və Peyman Bəxtiyarinin müqəddimələri ilə nəşr olunub. Öz ana dilinin təəssübkeşliyi Şəhriyar sənətində xüsusi bir mərhələdir. "Türkün dili", "Dərya elədim", "İman ilə getdi", "Azadlıq quşu", "Varlıq", "Türk övladı, qeyrət vaxtıdır" və onlarla başqa şeirlərində о, bu və ya digər formada doğma dilinin üzləşdiyi çətinliklər, bu dilin intəhasızlığı, danışıq və şeir dili kimi əvəzolunmazlığı və s. haqqında fikirlər söyləyir:

 

Türkün dili tək sevgili, istəkli dil olmaz,

Türkün dili tək sevgili, istəkli dil olmaz,

Özgə dilə qatsan, bu əsil dil əsil olmaz.

Öz şeirini farsa, ərəbə qatmasa şair,

Şeiri eşidənlər, oxuyanlar kəsil olmaz

 

Ana dilində yazmış olduğu şeirlərə misal olaraq "Behcətabad xatirəsi", "Qaranlıq gecələr", "El bülbülü", "O taydan gələnə", "Pərvanə və şəm", "Dan ulduzu da batdı", "Alnımın yazısı" və s. kimi bədii nümunələri göstərmək olar. Şəhriyarın ana dilində yazdığı şeirləri arasında Bakıdakı qələm dostlarına həsr etdiyi şeirlər, yazdığı mənzum məktubları böyük maraq kəsb edib. Xalq şairləri Süleyman Rüstəm, Məmməd Rahim, Bəxtiyar Vahabzadə, Rəsul Rza, Səməd Vurğun, Balaş Azəroğlu, Hökumə Billuri, Söhrab Tahir, şərqşünas alim, professor Rüstəm Əliyevə ünvanlanan şeirləri buna parlaq misaldır:

 "Məmməd Rahim həzrətlərinə cavab", "Qardaşım Süleyman Rüstəmə ithaf", " Can Rüstəm", "El bülbülü", " Döyünmə, söyünmə", "Gözün aydın" əsərlərində Bakı həsrəti çox güclü ifadəsini tapıb.

Məhəmmədhüseyn Şəhriyarı XX əsr Azərbaycan poeziyasının nəhəngləri sırasına ucaldan ilk növbədə onun ölməz "Heydərbabaya salam" poeması olub. Şəhriyarın Azərbaycan dili qarşısında ən böyük xidməti "Heydərbabaya salam" poeması və Cənubi Azərbaycanda bu dilin sadə ədəbi dil formasını yaratması, eyni zamanda ana dildə yazıb-yaratmaq ənənəsini bərpa etməsidir. Poema iki hissədən ibarətdir. Şəhriyar poemanın birinci hissəsini Tehranda, ikinci hissəsini isə Təbrizdə yazıb. Birinci hissədə 77, ikinci hissədə isə 48 bənd vardır. Poemanın birinci hissəsində təbiət təsvirləri, ilin fəsilləri, camaatın əkin-biçinlə məşğul olması, sadə insanların sevinci, kədəri, toyu, matəmi, adət-ənənələri öz əksini tapır.

"Heydərbabaya salam" poeması haqqında ilk elmi məqalə hesab edilən, 1955-ci ildə "Azərbaycan" dərgisində çap olunmuş "Ədəbi bir hadisə" adlı məqalənin müəllifi Məmməd Əmin Rəsulzadədir.  Şair əsərdə "Heydərbaba səni Vətən bilmişdim, Vətən deyib baş götürüb gəlmişdim" — deməklə Heydərbaba dağının onun üçün müqəddəs ana vətənin rəmzinə çevrildiyini etiraf edib. Bütövlükdə "Heydərbabaya salam" poeması Vətən haqqında qüvvətli poetik manifestir. "Heydərbabaya salam" poemasında şair özünün də bədii obrazı canlandırıb. Akademik Bəkir Nəbiyev bu haqda qeyd edibki, lirik qəhrəmanla müəllif arasında tam eyniyyət olmasa da yaxınlıqlar, səsləşmələr müşahidə edilib.

Ustad Məhəmmədhüseyn Şəhriyar 18 sentyabr 1988-ci ildə Tehranın Mehr xəstəxanasında dünyasını dəyişib, 20 sentyabr Təbrizdəki Surxab qəbiristanlığında "Məqbərətüş-şüəra"da ("Şairlərin məqbərəsi"ndə) dəfn olunub. Həmin gün Cənubi Azərbaycanda milli matəm günü elan edilib.

13 mart 1996-cı ildə Azərbaycan və İran ədəbiyyatlarının inkişafında böyük xidmətləri olan Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 90 illik yubileyinin keçirilməsinin Azərbaycanın ədəbi-mədəni həyatı üçün müstəsna əhəmiyyətini nəzərə alaraq qərar qəbul edilib. Məhəmmədhüseyn Şəhriyarın vəfat etdiyi tarix İran milli şeir və ədəbiyyat günü kimi qeyd olunur. Şəhriyarın vəfat etdiyi gün — sentyabrın 18-i 2002-ci ildən İran milli şeir və ədəbiyyat günü kimi Parlamentdə təsdiq olunub. 2021-ci il mayın 21-də Məhəmmədhüseyn Şəhriyarın xatirəsinə həsr olunan vebsaytın təqdimatı keçirilib.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(18.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.