MARAQLI SÖHBƏTLƏRDƏ - Bill Qeytsə dərs vermiş adam Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portallının Qarabağ təmsilçisi

 

…Məşhur milyarder Bill Qeytsə belə bir sual verdilər:

-Dünyada səndən daha varlısı varmı?

Bill Qeyts cavab verdi:

-Bəli, məndən daha varlı biri var.

Və sonra bir hekayə danışdı.

Budur həmin hekayə:

 

Zəngin və ya məşhur olmadığım bir dövr idi.

Nyu-York hava limanında idim və bir qəzet satıcısı gördüm.

Bir qəzet almaq istədim, amma qəzet əlimdə olanda başa düşdüm ki, pulum kifayət etmir. Mən də qəzet almaq fikrindən daşındım və satıcıya geri qaytardım. Ona dedim ki, yetərincə pulum yoxdur.

Satıcı dedi: “Bunu sənə pulsuz verirəm.”

Onun israrı ilə qəzetini götürdüm.

3 ay sonra yenə tərs kimi həmin hava limanına endim və yenə qəzet almaq istədim, lakin xırda pulum çatmadı. Satıcı mənə yenə qəzetini pulsuz verdi. Mən imtina etdim və dedim ki, bunu qəbul edə bilmərəm, özümü rahat hiss etmirəm.

O dedi: “Ala bilərsən, qazancımdan sənə verəndə, heç nə itirmirəm.”

Mən də qəzetini götürdüm.

19 il sonra, məşhur və tanınmış olanda, qəfil həmin satıcı yadıma düşdü. Onu axtarmağa başladım və təxminən bir yarım aydan sonra tapdım. Ondan soruşdum:

“Məni tanıyırsanmı?”

Dedi: “Bəli, sən Bill Qeyts’sən!”

Ondan yenə soruşdum: “Mənə pulsuz qəzet verdiyini xatırlayırsanmı?”

Satıcı dedi: “Bəli, xatırlayıram, sənə iki dəfə pulsuz qəzet vermişdim.”

Ona dedim: “Mənə o iki dəfə etdiyin köməyin əvəzini ödəmək istəyirəm. Həyatında nə arzulayırsansa de, sənə verəcəyəm.”

Satıcı dedi: “Cənab Bill Qeyts, sizcə, mənim ovaxtkı köməyimlə sizin indi etmək istədiyiniz kömək eyni ola bilərmi?”

Mən soruşdum: “Niyə?”

Dedi: “Mən sənə kasıb bir qəzet satıcısı ikən kömək etdim. Sən isə indi dünyanın ən zəngin adamı olduğun halda mənə kömək etməyə çalışırsan. Sənin köməyin mənim köməyimlə necə müqayisə oluna bilər?”

O gün anladım ki, həmin qəzet satıcısı məndən daha varlı imiş, çünki kiməsə kömək etmək üçün zəngin olmağı gözləmirdi.

İnsanların anlaması lazımdır ki, həqiqətən zəngin olan çox pulu olan deyil, qəlbi zəngin olandır. Başqalarına kömək etmək üçün varlı bir qəlbə sahib olmaq çox önəmlidir.

Çox şeyin varkən vermək asandır, amma demək olar ki, heç nəyin yox ikən vermək çətindir…!

(Tərcümə edənlər: Xatirə Xatun, Roma Xosrov)

 

“Ədəbiyyat və incəsənət”

(04.09.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.