İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Görkəmli dövlət xadimləri, sərkərdələr çox olur, amma onlardan millət atası titulu alanlar bir-ya iki olur. Azərbaycan xalqının da millət atası olub – Çar dövründə xalqının ən nüfuzlu şəxsi lmuş Hacı Zeynalabdin Tağıyev!
Hacı Zeynalabdin Tağıyev 1838-ci ilin yanvarında Bakıda, Mərdəkan kəndində anadan olub: Onun atası – kasıb başmaqçı Məşədi Məhəmmədtağı təxmini 1791-ci ildə, Miyanə mahalının məşhur Tikmədaş kəndində dünyaya gəlib, gənc yaşında Şamaxıya gələrək məskunlaşıb, yetkin dövründə Bakıya köçüb.
Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş olub. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə qoyub. 12 yaşına çatanda o artıq daş yonub, 15 yaşında ikən bənnalıq etməyə başlayıb. Bir müddətdən sonra Tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayıb.
Müəyyən qədər vəsait toplayaraq Tağıyev artıq 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edib. Özünün sonrakı tikinti işlərinə də şəxsən nəzarət edib. Tikdirdiyi binalarda, məsələn, özünün yaşadığı binada və şəxsən açdırdığı qızlar məktəbinin binasında onun dəsti-xətti hiss edilib.
Sonradan o, özünü ticarətdə və yüngül sənayedə də sınayıb. Hər ikisində qabiliyyəti ilə uğur qazanıb, dükanlara və manufakturaya sahib olub. O, həm də Bakı neftini Xəzər dənizi və Qafqaz dəmir yolu vasitəsilə ixrac edən ən böyük sahibkarlardan olub. Məqsədyönlü tədbirləri nəticəsində Tağıyev Azərbaycan iqtisadiyyatının müstəmləkə xarakterinə zərbə vuran, onu sındıran ilk milli sənayeçiliərdən olub.
1870-ci ildə Tağıyevin artıq iki qazanxanadan ibarət kerosin zavodu olub. Kerosin zavodu ilə yanaşı o, 1872-ci ildə "Hacı Zeynalabdin" şirkətini yaradıb. 1872-ci ildə neftli torpaqlar hərraca qoyulduqda Tağıyev də iki ortağı ilə birlikdə Bibiheybətdə icarəyə torpaq götürüb, buruq quraraq quyu qazmağa başlayıb, lakin beş il ərzində heç bir nəticə olmayıb, xərclər artıb, neft isə çıxmayıb. Ortaqlar "zərərli biznesdən" çıxmaq qərarına gəliblər.
Zeynalabdin isə onlar tərəfindən qoyulan kapitalı qaytarmaq məcburiyyətində idi. Buna baxmayaraq o, inadla "qara qızıl" axtarmağa davam edib. 1878-ci ildə dörd quyudan birində neft fontan vurub. Bu hadisə həmin andan Z. Tağıyevin şirkətini neft sahəsində öndə gedən müəssisələr sırasına çıxarıb. Nəticədə onun gəlirləri sürətlə artmağa başlayıb. Üç il sonra Balaxanıda və Bibiheybətdə yerləşən 30 desyatin neft verən torpaq, neft məhsullarının daşınması üçün iki şxun, Tsaritsında (indiki Volqoqrad), Nijni Novqorodda, Moskvada anbarlar, iki – ağ neft və sürtgü yağı zavodu Tağıyevin şirkətinə məxsus olub. Şirkətin illik səmərəliliyi 1 milyon barelə yaxın xam və emal edən məhsul təşkil edib.
1897-ci ildə neft mədənlərini Britaniya şirkətlərindən birinə satan Tağıyev qeyri-neft sektoruna sərmayə qoyub. 1900-cü ildə isə Qafqazda ilk toxuculuq istehsalatı olan toxuculuq fabriki açıb. Onun inşa etdirdiyi Bakı toxuculuq fabriki Azərbaycanda yeni istehsal sahəsində başlanğıc olub. Toxuculuq fabrikini xammalla təmin etmək məqsədilə Tağıyev Yevlax rayonunda pambıq əkini üçün torpaq sahəsi alıb və 1909-cu ildə Cavadda pambıqtəmizləmə zavodu tikdirib. Bakının ən iri ticarət mərkəzi sayılan ticarət evini də Tağıyev təşkil edib.
1899-cu ildən H. Z. Tağıyev enerji sektoruna qoşulub. Onun bu istiqamətdəki fəaliyyəti 1899-cu ildə "Enerji gücü" səhmdar cəmiyyətinin yaranmasına gətirib çıxarıb. Burada Tağıyev sədr müavini vəzifəsində çalışıb. Artıq XX yüzilliyin əvvəllərinə yaxın Ağ Şəhərdə və Bayıl burnunda səhmdar cəmiyyətinin balansında iki elektrik stansiyası olub.
1896-cı ildə Gəncədə və Naxçıvanda, 1897-ci ildə Şamaxıda, 1906-cı ildə Tiflisdə açılan məktəblərin xeyrinə pul ödəyib. Tağıyev Bakı Dövlət Universitetinin yaradılması məqsədilə külli miqdarda vəsait ödəyib.
Azərbaycan Respublikası Dövlət vəsaiti hesabına 100 nəfəri xarici ölkələrə oxumağa göndərib. Onlardan 10 nəfəri İngiltərəyə, 23 nəfəri İtaliyaya, 45 nəfəri Fransaya, 9 nəfəri Türkiyəyə, 13 nəfəri isə Almaniya və Rusiyaya gedib. H. Z. Tağıyev həmin tələbələrə də maddi yardım göstərib.
Təltif və mükafatları
"Müqəddəs Stanislav" ordeni
Şiri-Xurşid ordeni
Hacı Zeynalabdin Tağıyev bolşevik istilasından sonra çox ağır məhrumiyyətlər yaşayıb, onun bütün varidatı əlindən alınıb.
O, 1924-cü il sentyabrın 1-də, axşam səkkizin yarısında, 85 yaşında (bəzi mənbələrə görə 86 yaşında) vəfat edib və sentyabrın 4-də Mərdəkanda dəfn edilib.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(01.09.2025)