MARAQLI SÖHBƏTLƏR – Bu dəfə Əliağa Vahidlə Məşədi Azərdən Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

Bir gün Əliağa Vahid bir dəstə cavanla Məşədi Azərin qonağı oldu. Məclisdə Vahid Məşədidən Füzulinin bir beytini təhlil etməyi xahiş etdi. Həmin beyt budur:

 

"Bu qəmlər ki, mənim vardır, bəirin başına qoysan,

Çıxar kafər cəhənnəmdən, gülər əhli əzab oynar."

 

Ə. Vahid Məşədi Azərə dedi ki, bu beytdə birinci misra ilə ikinci misra bir-birinə bağlanmır. Dərdin, qəmin dəvənin başına qoyulması ilə kafərin cəhənnəmdən çıxmasının heç bir əlaqəsi yoxdur. Beyt o zaman beyt sayılır ki, ikinci misra birinci misrada olan fikri tamamlasın. Burada heç bir bağlantı yoxdur.

Məşədi Azər bir az fikirləşib ayağa qalxdı. Kitabxanasının ən hündür yerinə qoyduğu qara parçaya bükülmüş Quranı götürdü. Bu vaxt Vahid zarafatyana dedi ki, Məşədi deyəsən qocalıb, biz Füzulidən danışırıq, o isə Quran gətirir. Yəqin Yasin oxuyacaq.

Bu vaxt Məşədi Azər Qurani-Kərimi açıb Əraf surəsinin qırxıncı ayəsini tilavət etdi. Həmin ayənin mənasını belə izah etdi:

"Şübhəsiz, səmanın qapıları bizim ayə və nişanələrimizi təkzib etmiş və onların müqabilində təkəbbür göstərmiş kəslərin üzünə açılmayacaq və erkək dəvə iynənin gözündən keçməyincə onlar əsla cənnətə daxil olmazlar. Biz günahkarlara belə əzab veririk". Əraf. 40.

Məşədi Azər üzünü məclis əhlinə tutub dedi:

-Əliağa yaxşı mövzu haqda sual veribdir. Bilin ki, Qurani Kərimdən xəbəri olmayanlar Füzulini dərk edə bilməzlər. Bu ayeyi-şərifdə Allahtəala buyurur ki, o kəslər ki, əbədi cəhənnəmdə yanacaqlar, heç vaxt oradan xilas ola bilməzlər. Fəqət, dəvə iynənin gözündən keçərsə, onda əzabdan qurtararlar. Dəvənin isə iynənin gözündən keçməsi mümkünsüzdür. Füzuli burada mübaliğənin ən üstün dərəcəsini yaradıb. Şair demək istəyir ki, mənim dərd və qəmim o qədər çox və ağırdır ki, onları dəvənin boynuna qoysan, dəvə dözməz və arıqlayıb tük kimi nazikləşər, iynənin gözündən keçər. O zaman kafirlər əzabdan xilas olar, əzab əhli gülüb-oynayar.

Məclis əhli bu yerdə Ustada "əhsən" dedi.

 

“Ədəbiyyat və incəsənət”

(15.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.