MARAQLI SÖHBƏTLƏR – Pikassonun başına gələnlər Featured

 

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Məşhur fransalı rəssam Pablo Pikassonun Lump adında taksa cinsli sevimli bir iti var idi. Pikasso  öz emalatxanasında işləyəndə, o zaman yalnız Lumpın onun yanında  olmaq hüququ var idi. Üstəlik, Pikassonun sevimli iti onun emalatxanasında  istədiyi hər şeyi edə bilərdi. Onlar hətta bir yerdə - bir çarpayıda yatırdılar.

 

Rəssam öz sevimli itini dəfələrlə  rəsmlərdə, hətta çini boşqabda da  təsvir edib. Lump öz portreti ilə bəzədilmiş şəxsi boşqablarda ev sahibi ilə eyni masada yemək yeməyi çox sevirdi.

Bir gün Lump xəstələnir – onun boğazı şişir və irinləməyə başlayır. Nədənsə veterinara etibar etməyən Pikasso larinqoloqu, yəni qulaq, boğaz, burun xəstəlikləri mütəxəssisi olan məşhur bir professoru yanına dəvət edir. Həkim iti müayinə etdikdən sonra dərman yazır və müalicə kursu təyin edir. Pikasso professora səmimi təşəkkürünü bildirir və sağollaşarkən deyir:

 - Bilirsiniz, mən bu sahə üzrə görkəmli mütəxəssisə müraciət etmək istəyirdim. Mənim itim buna dəyər!

Bir neçə gündən sonra həmin professor Pikassonu yanına dəvət edir. Professor  gələn qonağa  deyir:

- Mən kabinetimi rəngləmək və bəzəmək istəyirəm. Siz mənim sifarişimi yerinə yetirə bilərsinizmi?

Pikasso professorun belə bir həyasız təklifindən heyrətə gəlir: bu necə ola bilər!?... Ondan – məşhur bir rəssamdan divarı bəzəmək üçün cızmaqaraçı sadə bir rəssamın  işini görməyi tələb edirlər!?... Zəmanəmizin ən böyük rəssamı Pablo Pikasso professorun bu  cəsarətli təklifindən sonra təəccübünü gizlədə bilmir və  bir qədər duruxub qalır.  Professor isə sözünə davam edərək deyir:

 - Bilirsiniz, mən bu sahə üzrə ən bilgili mütəxəssisə müraciət etmək istəyirdim. İnanın, kabinetim buna dəyər!

 

“Ədəbiyyat və incəsənət”

(13.08.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.