İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Hər xalqın tarixində unudulmaz səhifələr, qəlbə dağ çəkən günlər olub. Azərbaycanın müasir tarixində bu cür acı dolu, eyni zamanda qürurverici günlərdən biri də 20 Yanvar faciəsidir. Həmin gecə təkcə torpaqlar deyil, könüllər də qan ağlayıb. Amma bu gecənin ən simvolik və ürəkləri titrədən hekayələrindən biri — İlham və Fərizənin eşq və vəfa dastanı olub.
Bu gün 20 Yanvar şəhidi İlham Allahverdiyevin xanımı Fərizə Nəbiyevanın doğum günüdür. O, 1970-ci il avqustun 11-də Ermənistan SSR-nin Spitak rayonunun Saral kəndində anadan olub. 1 nömrəli tibb məktəbinin axırıncı kurs tələbəsi olub.
İlham Allahverdiyev 1962-ci il iyunun 12-də Ağdam rayonunda anadan olub. Əvvəlcə oradakı 1 saylı, sonradan Bakıdakı 54 saylı orta məktəbdə təhsil alıb. 1972-ci ildə Bakıya köçüb. Atası erkən yaşda dünyasını dəyişib. Bundan sonra İlhamı Ağdamda yaşayan nənəsinə həyan olması üçün onun yanına göndəriblər. O, Ağdamda həm zavodda işləyib, həm də nənəsinin qayğısına qalıb.
1980–82-ci illərdə Latviyada hərbi xidmət keçib. Xidmətini başa vurandan sonra Bakıya qayıdan İlham Bakıdakı Dadaş Bünyadzadə adına gəmi təmiri zavodunda tornaçı işləyib. İşləyə-işləyə həm də Texnikum bitirib.
1989-cu ildə subay olan İlhamın evlənməsi məsələsi Allahverdiyevlər ailəsinin gündəminə gəlib. İlham ailəsinin təklif etdiyi qızların heç birinə razı olmayıb, onun bacısı ilə bir sinifdə oxuyan Fərizənin adını çəkib. 1989-cu ilin martın 19-da nişanı olub. Sonra isə toyları.
1990-cı ilin yanvarında İlhamla Fərizə ailələrindən ayrı yaşamaq qərarına gəliblər. Lakin yanvarın 19-da İlham Fərizəni yaşadıqları evdən götürüb, anasının yanına aparıb. Fərizənin təhlükəsizliyinə əmin olandan sonra, İlham əyninə qara paltar geyinib, qardaşı oğlu Əjdəri də öpüb, evdən çıxıb. Axşama yaxın İlham qardaşı Elxanla "Şamaxinka" deyilən ərazidə görüşüblər. İlham və onun dostları yardım üçün gedəndə indiki 20 Yanvar dairəsində atəş aça-aça gələn tanklarla qarşılaşıblar.
İnsanları qətlə yetirəcəklərini görən İlham silahsız insanlara güllə atmamaları üçün əlini qaldırıb tankın qarşısna çıxıb. Sovet ordusunun əsgərləri İlhamı güllələyiblər.
İlhamla Fuad Babayevi bir yerdə telefon köşkünün yanında vurublar. Güllə ona sinəsindən dəyib. O, xəstəxanaya 00:10-da qəbul edilib. İlham çoxlu qan itirdiyindən ona qan vurmaq lazım olub. Həkimlər onun öz qanını yenidən özünə vurublar. Onun üzərində əməliyyat edən həkimin sözlərinə görə, İlhamı əməliyyat edəndə işıqlar sönüb. Həkimlər qəzet yandırıb onun işığında əməliyyatı aparsalar da, İlhamı xilas edə bilməyiblər. Əməliyyat vaxtı onun qaraciyəri parçalanıb. Qarın boşluğu qanla dolu olub. Həkimlər qaraciyəri imkan daxilində hemostatik tədbirlər görməklə, tamponada etməklə reanimasiyaya veriblər. Amma 5–6 saatdan sonra o, keçinib.
20 yanvar 1990-cı ildə vəfat edib.
Səhər tezdən qardaşı Elxan anası ilə birlikdə yenə İlhamı axtarmağa çıxıblar. O, daha sonra xatırlayır:
"Bakı müharibədən çıxmış şəhəri xatırladırdı. Anamla indiki "20 Yanvar" dairəsindən keçərkən yerdə bir qan gölməçəsi gördük. Anam dayanıb qana baxdı. Təəccüblə dedi ki, bu nə doğma qandır… Sonradan, lap sonradan öyrəndik ki, bu qan, doğrudan da çox doğma qan imiş… "
Onlar İlhamı həmin günü Respublika Klinik Xəstəxanasında tapırlar.
İlhamın vurulduğunu ilk hiss edən isə Fərizə olub, güllələr atılanda İlhamı vurduqlarını deyib. Fərizə bütün bu yaşananlara tab gətirə bilməyib, "Hey, İlham, sənə özümü çatdıracağam" deyib, intihar etmək istəyib. O, birinci dəfə özünü yandırmaq istəsə də, onun qarşısını alıblar. Fərizə toy şəkillərini stolun üstünə töküb, onlara baxıb, yarımçıq məktub yazıb.
"Ana, mənim üçün ağlama. Heç biriniz ağlamayın. Mən İlhamsız yaşaya bilmərəm. Onsuz da…"
Təcili yardım maşını gəlib ona iynə vursa da, qərarında qəti olan Fərizə, gecə hər kəs yatandan sonra, bir qab sirkəni içərək, intihar edib. İntihar zamanı o hamilə olub. Onun bətnində 2 aylıq körpəsi olub. Fərizə həkimə çatmamış, təcili yardım maşınında vəfat edib.
"Sevgi ilə başlanan ömür"
İlham Allahverdiyev — gənc, saf qəlbli bir vətən sevdalısı, milli ruhla döyünən bir qəlbin sahibi olub. Hər dəfə "Azərbaycan" deyiləndə gözləri parlayar, ürəyi fəxrlə döyünər.
Fərizə Allahverdiyeva isə onun həyatının günəşi olub. Onların sevgisi sanki bir filmdən çıxıb— saf, təmiz, səmimi. Qısa zamanda bir-birinə bağlanan bu iki gənc 1990-cı ilin qışında ailə həyatı qurub. Həyat yeni başlayır, arzular kövrək bir yaz səhəri kimi gözəl.
"Qanlı Yanvar və İlhamın şəhadəti"
1990-cı il, yanvarın 20-si — Azərbaycanın qan yaddaşına çevrilən o gecə. Sovet qoşunlarının Bakıya daxil olması ilə şəhər odlara qərq olub. Silahsız insanlara atəş açılıb, qocalı-cavanlı insanlar tankların altına düşüb. Qaranlığın içində bir millətin qüruru qanla yazılıb.
İlham da həmin gecə vətənin fəryadını eşidənlərdən olub. O, özünü küçələrə atıb— bir əsgər kimi deyil, bir vətəndaş, bir oğul kimi. Amma bu cəhd onun son nəfəsi olub. Güllə onun gənc sinəsini parçalayıb. İlham Allahverdiyev həmin gecə şəhid olub — öz torpağının azadlığı üçün canını qurban verən minlərlə igiddən biri kimi...
Fərizə İlhamın ölüm xəbərini eşidəndə sanki dünya onun üçün dayanıb. Gözlərinin nuru, həyatının mənası, o yeni qurduğu ailə bir anda əlindən alınıb. Göz yaşları gözlərinə sığmayıb, qəlbinin fəryadı səssizcə içini yandırıb.
"Bir məzarda iki ömür"
Onlar Şəhidlər Xiyabanında yan-yana dəfn ediliblər. Bir tabutda, bir məzarda — bir ömürü paylaşdıqları kimi bir ölümü də paylaşıblar. Qırılmış bir eşqin deyil, əbədiləşmiş bir dastanın qəhrəmanlarına çevriliblər. Onların məzarı bu gün minlərlə insanın ziyarət yeridir. Hər çiçək, hər dua bir sevginin, bir xalqın vəfa andıdır.
"Əbədi sevda, əbədi yaddaş"
İlham və Fərizənin hekayəsi təkcə bir eşq hekayəsi deyil — bu, bir xalqın yaddaşına yazılmış əbədi izdir. Azərbaycan xalqı bu cütlüyü unutmayıb. Çünki onların adı sadəcə bir sevda dastanı yox, 20 Yanvarın simvolu, şəhidliyin, vəfanın və milli ruhun canlı təcəssümüdür.
Allah rəhmət eləsin!
“Ədəbiyyat və incəsənət”
(11.08.2025)