Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi
Maraqlı söhbətlərdə bu dəfə söhbətimiz SSRİ dönəmi – İosif Satlin hakimiyyəti zamanından gedəcək.
1-Cİ SÖHBƏT
Stalinin hakimiyyəti illərində xarici jurnalistlər Kremlə gəlirlər. İlk olaraq erməni dövlət xadimi Mikoyandan müsahibə alırlar.
Müsahibənin sonunda bir müxbir soruşur:
-Siz niyə mürəkkəbqabını stolun üstündə yox, çəkəcəkdə saxlayırsınız?
Mikoyan hirsli-hirsli deyir:
-Mürəkkəbqabı mənimdir, harada istəyirəm, orada da saxlayıram.
Sonra Stalindən müsahibə alırlar. Müsahibənin sonunda həmin jurnalist Mikoyanla olan əhvalatı danışır.
Stalin gülümsəyərək deyir:
-Eşşəkdir də!
Müxbir soruşur ki, bəs eşşəyi niyə belə mühüm posta təyin etmisiniz?
Stalin deyir:
Eşşək mənimdir, özüm bilərəm, hara bağlayaram!
2-Cİ SÖHBƏT
Stalin hərbi dəniz komissarının müavini admiral İsakova zəng vuraraq bildirir ki, onu hərbi dəniz donanmasının qərərgah rəisi təyin etmək istəyir. Admiral bu təklifə görə rəhbərə minnətdarlığını bildirir və deyir:
- Yoldaş Stalin, mən həmişə sizin əmrinizi yerinə yetirməyə hazıram. Mənim bir ayağımı cərrahlar kəsiblər. Ona görə də mən bu vəzifədən imtina etmək məcburiyyətindəyəm.
- Siz elə buna görə narahatsınız?
- Bəli
- Yoldaş admiral, əvvəlki qərərgah rəisinin başı yox idi, amma işləyirdi. Sizin isə cəmisi bir ayağınız yoxdur. Deməli işləyəcəksiniz.
3-CÜ SÖHBƏT
Bir gün Stalin marşal Jukovla acıqlı danışır və Jukov otaqdan çıxanda dodaqaltı "bığlı əclaf" deyə söyüş söyür. Qəbul otağında oturan Stalinin köməkçisi Poskrebışev bunu eşidir və dərhal içəri keçərək Stalinə deyir ki, Jukov otaqdan çıxanda "bığlı əclaf" deyə söyüş söydü.
Stalin tez Jukovu geri çağırtdırır. Jukov gələn kimi Stalin bundan soruşur ki, sən bu otaqdan çıxanda "bığlı əclaf" dedin? Jukov heç tərəddüd etmədən dediyini təsdiqləyir. Stalin kimi nəzərdə tutduğunu soruşur. Jukov deyir ki, əlbəttə ki, Hitleri nəzərdə tuturam.
Bu cavabı eşidən Stalin üzünü köməkçisinə çevirir: "Bəs sən kimi nəzərdə tuturdun, ə?"
“Ədəbiyyat və incəsənət”
(04.08.2025)