Nəzakət və nəciblik onun daxili dünyasında harmoniya təşkil edir... Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Müsahibələrinin birində deyir ki:- “Xanımlıq bir qadının doğuluşdan daşımağa öyrəşdiyi missiyadır. Xanım gərək heç vaxt zərifliyini itirməyə, ədalarında, danışığında sərhədi gözləyə. Doğrudur, bu xarakter məsələsidir, bir az genetik, ailədən öyrənilmiş vərdişdir. Karyera isə insan həyatında ancaq bir epizoddur. Mənim işdə rəhbər, evdə ana, həyat yoldaşı, dost çevrələrində dost olmağımın karyerama heç bir dəxli yoxdur. O qədər karyera qurmayıb, amma xanım da ola bilməyən qadın var ki... Ümumiyyətlə, bir şey deyim, söhbət qadından və ya kişidən getmir. Karyera quran adamların bunu başqalarına minnət kimi qabartmalarını, “həyatında çox şey itirdiyini, xanımlığından vaz keçdiyini, şəxsi həyatını yaşaya bilmədiyini” demələrini qəbul edə bilmirəm. Adama deyərlər, özünə karyera qurmusan, pul qazanmısan, beş-üç adamın içində tanınmısan. Camaata niyə minnət qoyursan? Karyera quran adam özü bilməlidir ki, onun həyatında müəyyən məhdudiyyətlər olacaq. Hər kəs bu yolu özü seçir, hətta başqalarından da dəstək istəyir. Ona görə də beş-üç adam arasında tanınan kimi “minnət mərhələsi”nə keçmək lazım deyil...”

 

Onu digərlərindən fərqləndirən əsas xüsusiyyəti ciddi və müxtəlif vəziyyətlərdə özünü idarə etmək və sabitliyi qorumaq bacarığıdır. Cazibədar, romantik, zərif xarakteri var. Təbiəti çox sevir. Ətrafdakı insanlara diqqətli davranışı ilə seçilir və hər addımının nəticəsi barədə əvvəlcədən düşünür. Həm uzaq səyahətlərdən, həm də müxtəlif incəsənət nümunələrindən ilham ala bilir. Məsələn, teatr, musiqi onun əhvalına müsbət təsir göstərir. Məqsədinə çatmaqda isə çox inadkardır. Nəzakət və nəciblik onun daxili dünyasında harmoniya təşkil edir. Həyatda mədəni və mehribandır. Ümumiyyətlə, bir xanım kimi, onun xeyli könülaçan xüsusiyyətləri var. Nə işlə məşğul olursa, onu həvəslə icra edir, necə deyərlər, ürək qoyur. Ona görə də, zamanın necə keçdiyini hiss etmir...

 

O, 1979-cu ilin avqust ayının 5-də Ucar rayonunun Lək kəndində dünyaya gəlib. 1996-cı ildə orta təhsilini fərqlənmə attestatı ilə bitirib. Elə həmin il Bakı Dövlət Universitetinin filalogiya fakültəsinə daxil olub və 2000-ci ildə oranı bakalavr pilləsi üzrə başa vurub. 2002-ci ildə isə həmin ixtisasın magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. İxtisası folklorşünas-mifoloqdur. 1996-cı ildən mətbuatda çalışır...

 

“Azərbaycan mediası üçün müsbət bir cəhət var. Sosial şəbəkələrdə monitorinq aparılsa, xəbər dominantlığının mediamızın üzərində olduğunu görəcəksiniz. Sosial şəbəkələrdə xəbərlər çox yayılır. Amma o xəbərlərin mənbəyi mediadır. Blogerlər xəbələri APA-dan, Modern.az-dan götürüb oxuyur, sonra da yayırlar. Mənbə rolunu isə hələ də media oynayır. Bizim əsas məqsədimiz bundan ibarət olmalıdır ki, uzun müddət bu mənbə rolunu oynamağı öz əlimizdən verməyək. Bunun üçün də inanılan və etibarlı xəbər mənbəyi olmaq lazımdır. Sənin verdiyini xəbərlər sosial mediada o zaman etibar qazanır ki, "APA yayıbsa, yalan yoxdur" deyirlər. Belə olan halda həmin xəbəri yaymaqla məşğul olurlar. Sosial media belə vəziyyətdə bizim üçün əlavə köməkçi vasitə rolunu oynayır. Burada qarşılıqlı əlaqə var. Belə ki, sosial media bizim özümüz üçün də mənbədir. Sosial mediadan da xəbərlər götürürük. Amma bu zaman qarşıya bir şərt qoyulur. Həmin xəbərlər müxtəlif rəsmi kanallar və digər mənbələrlə dəqiqləşdirilməlidir. Sosialmediadanhər şeyigötürübyayanda, ondanbirfərqimizolmur. Bizisosialmediadakı şəxslərdənfərqləndirənodurki, rəsmikanallara çıxışımızvar, eynizamanda,  öyrətdiyimizjurnalistikatexnikası və vasitələrixəbəridahadəqiq, ilkinolandandaha əhatəliformadayaymağaimkanverir. Sosial media hadisənin təfərrüatları ilə məşğul olmur, o, xəbəri birinci verməklə hadisəyə diqqət çəkmiş olur. Hadisənin izlənilməsi, onu doğuran səbəblər və nəticələri barədə işləmək artıq medianın işidir. Bunu mediadan başqa heç kim bacarmaz.”- söyləyir...

 

İlk iş yeri kimi “Bakı Universiteti” qəzeti olub. O, burada müxbir kimi fəaliyyət göstərib. 1998-2000-ci illərdə “Bu gün” qəzetində müxbir vəzifəsindən, baş redaktorun birinci müavini vəzifəsinə qədər yüksəlib. 2000-2001-ci illərdə "Məkan" qəzetində baş redaktor müavini işləyib. 2001-2003-cü illərdə “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru kimi fəaliyyətini davam etdirib. 2004-cü ildə isə “Azəri-Press” İnformasiya Agentliyini(APA) təsis edib. O, ilk onlayn media resurslarının yaradıcılarından biridir. 2007-ci ildə onun təsisçiliyi ilə Azərbaycanın ilk idman agentliyi olan "APASport" agentliyi yaradıb. 2008-ci ildən etibarən "Lent. Az" İnformasiya Agentliyini, 2009-cu ildən isə "Vesti.az İnformasiya Agentliyini, 2010-cu ildən isə rus dilində fəaliyyət göstərən "APA-Ekonomist" jurnalını təsis edib və 2011-ci ildə "Kulis" ədəbiyyat portalını yaradıb. 2012-ci ildə APA TV onlayn televiziyasını tamaşaçıların ixtiyarına verib. O, həmçinin Azərbaycan Jurnalistlərinin növbəti qurultayında Mətbuat Şurasının İdarə Heyətinin üzvü seçilib. Xidmətlərinə görə bir sıra mükafatlara- o cümlədən “Tərəqqi” medalına layiq dörülüb. “Əməkdar jurnalist” fəxri adını daşıyır...

 

Deyir ki:- “Hazırkı dövrdə digər bir məsələ də var: dövlət strukturlarımız kommunikasiya və piara üstünlük verirlər. Bu, çox yaxşı haldır. Hər dövlət qurumunda İctimaiyyətlə əlaqələr şöbəsi yaradılıb. Medianın hazırladığı uğurlu, çevik kadrları onlar çox tez özlərinə transfer edə bilirlər. Əvvəllər informasiya texnologiyaları üzrə mütəxəssislər tapmaqda çətinlik çəkirdiksə, bu gün müxbir və redaktor, eyni zamanda sosial media marketiniqi mütəxəssisləri tapmaq çətinləşib. Bu adamlar media üçün xüsusi hazırlanmalıdır. Sosial media dövrü daha da genişlənir. İnsanların bir hissəsi özlərinin şəxsi bloqlarını qurub orada fəaliyyət göstərməyə üstünlük verirlər. Buna görə də nə qədər çox media mütəxəssisi hazırlasaq, yenə də azdır. Yeni mediaya uyğun menecment həyata keçirə biləcək mütəxəssislərə ehtiyac var. Bunlar jurnalistikaya bağlı olan ayrı-ayrı peşələrdir. O baxımdan nə qədər çox mütəxəssis hazırlasaq, hələ bir neçə il az olacaq...”

 

Həssas, məntiqli və məzmunlu insandır. Dərin hikmətə sahibdir. Hadisələri öncədən hiss edə bilir. Adamları yaxşı tanımaq qabiliyyəti var. Bir çoxunun nümayiş etdirdiyi səmimiyyət şou xarakteri daşıdığı üçün, hər kəsə etibar edib inanmır. O, hər hansı bir məclisə daxil olan kimi, oradakı digər adamlar ikinci plana keçir...

 

“Vəd verməyi sevən adam deyiləm. Vədin yalan çıxması, ümidlərin qırılması pisdir. Ən pis məqamda belə, ən yaxşısı odur ki, adam ən acı mənzərə ilə üzləşir, o reallığı görür və barışır. “İnsan zülmə tabedir” ifadəsi var. Doğma adamlarını itirən insanların arasında milyonda biri intihara cəhd edir. Demək ki, hər şeyə dözmək olur, hər şeylə barışmaq olur. Ona görə də ən yaxşısı reallığı deməkdi. Adamları şirin yalandansa, sərt həqiqətlə üzləşdirmək lazımdı. Bu bir az amansızdır, amma inanın bundan yaxşısı yoxdur. Ola bilər ki, həmin məqamda reallığı dediyin adam səndən inciyəcək, amma bir gün özü o reallıqla üzləşəndə anlayacaq ki, sən düz demisən. İlk işə başlayanda dostlarımdan biri mənə bir məsləhət vermişdi. Demişdi ki: “Səndən çox adam xahiş edəcək, çoxları müraciət edəcək, eləyə bilməyəcəyin bir şey üçün anında “yox” deməyi bacar”. O söz mənim yadımdan heç çıxmır. Və illər keçdikcə də bir daha əmin oluram ki, doğru məsləhət verib. Çünki vəd verib, yerinə yetirməyən adam təkcə özü ilə bağlı pis iz buraxmır. Adamın ümidlərini qırır, insanlıqdan bezdirir. Ona görə bunu eləmək olmaz.”- söyləyir...

 

...Bəli, bu dəfəki söhbətimin qəhrəmanı- “APA-Holding”-in prezidenti, əməkdar jurnalist Vüsalə Mahirqızı idi. Yeri gəlmişkən, tezliklə o, növbəti ad gününü qeyd edəcək. Bir az tez olsa da, onu indidən qarşıdan gələn yeni yaşı münasibətlə təbrik edirik!

 

“Ədəbiyyat və incəsənət”

(25.07.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.