MARAQLI SÖHBƏTLƏR – Tağıyev alman əsirliyindən necə qurtuldu Featured

Nemət Tahir, “Ədəbiyyat və incəsənət” portalının Qarabağ təmsilçisi

 

Maraqlı söhbətlərdə bu dəfə haqqında bəhs edəcəyimiz şəxs həmyerlimizdir, məşhur milyonçu, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevdir.

 

1914-cü il iyunun 28-də ers-hersoq Frans Ferdinand və həyat yoldaşı Sofi fon Qoqenberq Sarayevoda öldürülür və bu, 1-ci dünya müharibəsinin başlaması üçün bəhanə olur. Hacı Zeynalabdin Tağıyev həmin vaxt ailəsi ilə Almaniyada istirahət edirdi.

Bu zaman bir rus keşişi Tağıyevin yanına gəlib deyir ki, onu Rusiyanın Almaniyadakı səfiri göndərib. Keşiş bildirir ki, Almaniya Rusiyaya müharibə elan etdiyi üçün Tağıyev və ailəsi tez bir zamanda ölkəni tərk etməlidirlər. Əks tədqirdə, bütün Rusiya təbəəliyində olanlar əsir alınacaq.

Hacı Zeynalabdin ailəsi ilə Berlinə gələndə Almaniyanın Rusiya imperiyasına müharibə elan etməsi xəbəri hər yerə yayılmışdı. Rusiya vətəndaşları olanlar saxlanılmalı və onlar əsir götürülməli idi. Berlində heç bir böyük otel Tağıyevin ailəsini qəbul etməyir. Hacı Zeynalabdinin Berlin bankındakı hesabından bir qəpik də olsun ona verməyirlər. Çarəsiz qalan Tağıyev Frankfurt-Maynda olan və Bakıya Şollar kəmərini çəkmiş mühəndis Uilyam Lindleyə zəng edir. Lindleyin sayəsində Berlin bankı Tağıyevin bütün xərclərini ödəməyə razılaşsa da, amma ona nağd pul verməkdən imtina edir. Bundan sonra Tağıyev Türkiyə səfirliyinə gedir. Tağıyevin qızı Sara xanım danışır ki, (M.Süleymanovun “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabından): "Atam Türkiyə səfirliyinə gedərək, çıxılmaz vəziyyətdə olduğunu bildirdi və kömək istədi. Türkiyə səfiri birbaşa olaraq Almaniya kayzeri II Vilhelmə müraciət edərək, müsəlman dünyasının ən məşhur aristokratı, neft milyonçusunun vətəni Bakıya qayıtmasına kömək etmək xahişini bildirdi... Kayzer Vilhelmin şəxsi əmri ilə bizi dənizdəki çoxsaylı minalardan qorumaq üçün gəmi və kreyser verildi”.

Sara xanımın dediyinə görə, Tağıyev bu gəmidə Almaniyadan daha 35 nəfəri: Rusiya imperiyasının vətəndaşı olan rusları, erməniləri, gürcüləri və yəhudiləri götürüb və bununla da onları əsirlikdən xilas edib.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.