Vaqif Bayatlı Odərin "Sevgi sevgiylə dərd dərdlə unudulur" şeiri və Heyran Zöhrabova Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Salam dəyərli izləyicilərimiz, "Ədəbiyyat və İncəsənət" portalı öz əməkdaşları ilə " Sevdiyin şeiri gəl mənə söylə" rubrikasını davam etdirir. Bu gün də gənc əməkdaşımıza söz veririk.Beləliklə, qonağımız Heyran Zöhrabovadır.

 

-- Xoş gördük, Heyran xanım, buyurun söz Sizindir.

 

-- Xoş gördük, əziz Ülviyyə xanım, bu rubrikanızı çox sevirəm və mən də iştirak etdiyim üçün çox şadam.

Mən mütaliəyə ilk vaxtlar şeirlə başlamışam, sevdiyim şeirlər çoxdur. Ona görə də zəngin poeziyamızın bir-birindən gözəl şeirləri arasından rubrikanız üçün bir şeir seçmək, düzü, mənim üçün bir qədər çətindir, amma bu an üçün düşünürəm ki, Vaqif Bayatılı Odərdən "Sevgi sevgiylə dərd dərdlə unudulur" şeirini söyləyə bilərəm.

 

Sevgi sevgiylə

Dərd dərdlə unudulur

 

Unudulacaq bütün sevdalar,

Unudulacaq bütün nəğmələr,

Unudulacaq unudulmaz hər nə var,

Ancaq təkcə mən səni

yenidən sevməkçün hər bahar

yenidən unudacağam.

 

Ən gözəl xatirə də

ən acı göz yaşıtək udulur,

udulur, unudulur,

yurd yurdla,

sevgi sevgiylə, dərd dərdlə,

insan insanla,

İsa Məhəmmədlə unudulur…

 

Həddən çox şey bilirik bu dünyada.

Boş şeydi! Unudulacaq hamısı!

Unutduqlarımız yenidən, yeni başdan

sudan, torpaqdan, dağdan, daşdan

çıxırmıştək görünəcək bizə hər dönədə,

ən solğun çiçəklər

ən işıqlı ulduzları sevəcək yenə də.

 

Çiçək gözlüm, nəğmələr oxumaqla bitir,

oynamaqla bitmir elə bil,

gəl, bu nəğmə çatmamış sona

bu sonsuz dünyanın sonunacan

oynayaq bu nəğmənin havasına…

 

Məncə, bədii əsərlər də eyni ilə incəsənət əsərləri və ya təbiət mənzərələri kimidir. Bir mənzərəni çox insan izləyər, amma hər insan o mənzərədə fərqli mənalar duyub, fərqli düşünər.

Mənzərə eyni olsa da, insanlara anlatdığı, düşündürdüyü şeylər, ifadə etdiyi mənalar başqadır..

Məsələn; bir mənzərəni seyr edərəkən, kimi xəyallar qurar, kimiysə xülyalara qapılar.

Bəlkə, kimi pərvazlanıb keçmişinə, xatirələrinə qayıdar, kimiysə sadəcə anın və mənzərənin dadını çıxarar.

Ya bəlkə də, kimi mənzərədən zövq ala bilməyəcək qədər məyus olar.

Və kimidə səssizcə izləyib düşünər... və bəlkə, düşündükcə də ilhamlanıb nələrsə yazar.

Eyni ilə bu şeiri oxuyan hər bir oxucu da zamana və ovqata görə ondan özü üçün fərqli anlamlar çıxara bilər. Mən isə öz təbirimcə onu bu cür təhlil edərdim.

Bütün sevdalar zamanla bir-birini əvəzləyib, ən nəhayət unudulur.

Kəpənək ardınca, top ardınca yüyürən uşaqlar gün gəlir, fərqli-fərqli qayğıların arxasınca tələsən böyüklərə çevrilir.

Hər təqvim ili, hər mövsüm, həyatın hər periodunda fərqli bir arzunun başına dolanır.

Bəzən gün gəlir, ən əzbərə bildiyin günləri xatırlamırsan.

Gün gəlir, ən xoş xatirələr belə unudulur..

Gün gəlir, kimlərsə tapdalayır, adiləşdirir, əzir dəyərlərini..

Amma bəzən vaxtilə sevərək zümzümə etdiyin sonra isə nədənsə unutduğun bir musqini illər sonra haradasa eşitmək kimi həyatın hansısa bir döngəsində unutduqların xatirələrin güzgüsündə yenidən rastına çıxır.

Bəzən də nələrisə unudub-unudub təkrar-təkrar xatırlayırsan.

Çox şey bilirik, çox insan tanıyırıq, çoxlu əsərlər oxuyuruq, çox şey yaşayırıq amma yadımızda qalanlar, yaddaşımızda iz buraxanlar istisna olmaqla hamısı zamanın dəyirmanında ovulub gedir.

Gün gəlir, ən əzizlər belə dönüb yad olur, yadlar gəlib səninlə doğmalaşır..

Dünənin xırda dərdləri bu günün böyük problemləri içində əzilib əzəmətini itirir.

Bir sevginin yarasını yenə də mütləq başqa bir sevgi, başqa bir qayğı, nəvaziş sağaldır.

Yəni bir sözlə hər nə qədər ağrılı da olsa insan insanla, dərd dərdlə, sevgi sevgiylə unudulur.

Kimlərsə Vətəndən uzaq düşüb özgə eldə bir-birinə vətən olur.

Beləcə yurd yurdla unudulur.

Şair həmçinin bütün bunların fonunda həm də insanın müəyyən məqamlarda həyatla mübarizəsini, bəzənsə, bir nöqtədən sonra onu öz axarına buraxmasını vurğulayır və elə bil söyləmək istəyir ki, hər şeyə rəğmən istər bəzən qılıncımızı sıyırıb mübarizəyə atıldığımız, istərsə də bəzən dizimizi yerə atıb təslim olduğumuz zamanlarda belə bu həyatı ömrümüz sona yetməmiş doya-doya yaşamağa çalışaq.

Həm insanı, həm sevgini və həm də elə qayğıları.

 

“Ədəbiyyat və incəsənət”

(17.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.