Ağa Laçınlının “Özünlə barışmaram” şeiri və Nigar Xanəliyeva Featured

Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”

 

Xoş gördük, " Ədəbiyyat və İncəsənət" portalının dəyərli izləyiciləri. Poeziya ruhumuzu bəsləyən qidadır, könülə yatan bir bəstədir. Bəzən dilimiz qeyri- ixtiyari hansısa şeiri söyləyir. Bu da poeziyanın ruhumuzda buraxdığı izi göstərir.

Bu dəfə əməkdaşımız Nigar Xanəliyevaya " Sevdiyin şeiri gəl mənə söylə" dedik.

 

-- Xoş gördük, sevimli Nigar xanım, gəlin Sizi öz dilinizdən tanıyaq, buyurun meydan Sizindir.

 

-- Salam, Ülviyyə xanım, xoş gördük. " Ədəbiyyat və İncəsənət " portalı mənə çox doğmadır və bu layihənizdə iştirak etdiyim üçün çox şadam. Mən, Nigar Xanəliyeva, hazırda Azərbaycan dili ixtisası üzrə magistr təhsili alıram, həm də repetitor kimi çalışıram. Gələcəkdə dünyanı gəzmək, ali təhsil müəssisəsində müəllim olmaq və doktorantura təhsili almaq kimi arzularım var. Dil, söz, düşüncə mənim üçün sadəcə bir ixtisas sahəsi deyil, ruhumun ifadə vasitəsidir. Həyatda akademik nizamla bədii duyğunun iç-içə keçdiyi bir yol seçmişəm. Kitabları, klassik və çağdaş ədəbiyyatı, təbiəti, atları, kəpənəkləri və ən çox da həyatın incə, görünməyən qatlarını hiss etməyi sevirəm. Ədəbiyyat mənim üçün yalnız oxumaq deyil, həm də yaşamaq, nəfəs almaq və duyğularımı ifadə etməkdir.

Bu gün sizə təqdim edəcəyim şeir, içimdə gizli qalmış, adını qoymaqda çətinlik çəkdiyim duyğuların səsi olub uzun müddət. Bu, Ağa Laçınlının “Özünlə barışmaram” adlı şeiridir. Bəzən insan sevdiyi şeiri seçmir, o şeir gəlir, ruhuna hopur və orada iz qoyur. Mən bu şeiri seçməmişəm, bu şeir məni seçib.

 

Gedirsənsə, gözünü məndən tamam kəsib get,

Gözünlə barışaram – özünlə barışmaram!

Yoxluğumun ucundan, həsrətimin ucundan

Yuxuna qarışaram – özünlə barışmaram!

 

Dilinin kor tiyəsi öyrənibdi pis kəsə,

Pisini də öyərəm, özgə səni pisləsə.

Dərd qəlbini tək görüb qarmalamaq istəsə,

Dərdinə darışaram – özünlə barışmaram!

 

Sən yanılan, yandıran, sən küsdürən, sən küsən,

Heç qapından girmərəm, qayıt desən, gəl desən.

Görsəm dara düşmüsən, görsəm yaman gündəsən,

Yağınla vuruşaram – özünlə barışmaram!

 

Çox əyri düzələrdi qovuşsaydı düz-düzə,

İllər ilmə toxudu, söykənmədi söz-sözə.

Elin yığnaq yerində birdən gəlsək üz-üzə,

Halını soruşaram – özünlə barışmaram!

 

Axı mənə kim çatar ağ günü diləməkdə,

Qələbəni gəzmərən qırmaqda-şiləməkdə.

Oğul-uşaq böyüdüb başçılıq eləməkdə

Yolunla yarışaram – özünlə barışmaram!

 

Qəlbə hopur sirdaşın hər baxışı, hər izi,

Düşmən çıxan dostun da ağır olur itkisi.

İşdir, səndən başlayıb ölüm ayırsa bizi,

Qəbrinə sarışaram – özünlə barışmaram!

 

Şeirin ilk misralarında hiss olunur ki, burada sadəcə bir ayrılıq deyil, bir mövqenin, bir duruşun poetik manifesti verilir:

 “Gedirsənsə, gözünü məndən tamam kəsib get,

Gözünlə barışaram – özünlə barışmaram!”

 Bu misra mənim ruhumun səssiz hayqırışıdır. Bəzən biz kimisə bağışlayırıq, hətta başa düşürük də… amma özünü yaralayan o insanla barışmaq – bu, artıq ruhun izzətindən imtina etmək olar. Mən də bu sətirlərdəki qadın kimi düşünürəm: gedənə yol verərəm, amma mənə susqunluğu, iç savaşları, gecə ağrılarını bəxş edən biri ilə eyni yerdə dayana bilmərəm.

 Susmaq qürurdursa, danışmaq sədaqətdir.

 Şeirin hər bəndi bir qadının həm sevən, həm dözən, həm də susaraq mövqeyini qoruyan halını göstərir. Burada qadın zəif deyil, hətta içindəki sevgini məğlub etmədən qalib gəlir. O deyir:

 “Heç qapından girmərəm, qayıt desən, gəl desən.

Görsəm dara düşmüsən, görsəm yaman gündəsən,

Yağınla vuruşaram – özünlə barışmaram!”

 Bu hissə mənə ən çox toxunan hissələrdəndir. Çünki bu, qadının həm mərdliyini, həm də sevgisindəki sadiqliyini göstərir. Mənim üçün də belədir: kimisə sevirəmsə, onun düşməninə çevrilmərəm. Amma onun etdiyi haqsızlığı da keçib gedə bilmərəm. Bu, bir səsdir – təkcə sevginin deyil, özünə dəyər verən bir qadının səsidir.

 Sonda şeirin ən təsiredici misralarından biri gəlir:

 “İşdir, səndən başlayıb ölüm ayırsa bizi,

Qəbrinə sarışaram – özünlə barışmaram!”

 Burada sevginin zamanla deyil, hisslərlə bağlı bir sonsuzluq olduğu vurğulanır. Bəzən bir insanı sevirik, o bizi incidir, biz susuruq. Zaman keçir, izlər qalır. Amma qəlbin bir yeri daim onunla danışmağa davam edir. Məni bu misrada sarsıdan budur – qəbrə sarılmaq var, amma barışmaq yox. Çünki barışmaq, onu haqq qazandırmaq deyil, öz izzətindən imtina etmək ola bilər.

 Bəlkə də, şeirdə Ağa Laçınlı birbaşa məhz öz duyğularını ifadə edib, lakin mən ilk dəfə bu şeirlə qarşılaşanda, sanki mənim həmin anlardakı iç dünyamın səsinə bürünmüş bir qadınla həmsöhbət oldum. Elə məhz buna görə təhlil edərkən mənə bağışlanan təsirə əsasən hisslərimi qələmə almağa çalışdım. Çünki, məncə, qadınlar duyğularını-nifrət, qəzəb, sevgi, kin və.s, hər birini daha emosional yaşayırlar.

 Bu şeirdəki qadın – həm mənəm, həm də mənim kimi hiss edən minlərlə qadın. Sevir, dözür, bağışlayır… Amma heç vaxt öz içində özünü tərk etmir. Mənim üçün bu şeir sadəcə bir mətn deyil, güclü qadının susan fəryadıdır. Göz yaşları içində dik baxan, ayrılıq içində özünü qoruyan, sevgi içində belə şəxsiyyətindən imtina etməyən qadının heykəlidir bu şeir.

 Oxuduqca səssiz qalıram. Çünki bu şeir mənim yerimə danışır. Bəlkə də, ona görə sevirəm, çünki danışmadan məni anlayır.

 

“Ədəbiyyat və incəsənət”

(15.07.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.