Ülviyyə Əbülfəzqızı, “Ədəbiyyat və incəsənət”
" Ədəbiyyat və İncəsənət" portalı isti yay günlərinə poeziya alovu qataraq daha da gözəlləşdirir. "Sevdiyin şeiri gəl mənə söylə" rubrikası öz əməkdaşları ilə yayımı davam etdirir.
Bugünkü qonağımız gənc yazar Aynur İsmayılovadır.
-- Xoş gördük, Aynur xanım, istəyimiz eynidir: "Sevdiyin şeiri gəl mənə söylə."
-- Xoş gördük, Ülviyyə xanım, belə gözəl layihə üçün Sizə təşəkkür edirəm.
Ədəbiyyat mənim üçün sadəcə bir məşğuliyyət deyil, ehtiyacdır. Məktəb illərindən başlayan bu həvəs zamanla ruhumun ehtiyacına çevrildi və mən yazmaqdan ayrı qala bilmədim. Hər yazıçının içində gizli bir ilham qaynağı var. Mənim yazı yolçuluğum da oxuduğum əsərlərlə, şeirlərlə formalaşıb.
Bu gün mənə ən çox təsir edən şeirlərdən birini sizinlə paylaşmaq istəyirəm. Hələ kiçik yaşlarımdan sevərək, hiss edərək oxuduğum, heç zaman dilimdən düşməyən bu şeir mənə görə Azərbaycan ədəbiyyatında özünəməxsus yerə malikdir. Onun hər kəlməsi bir duyğu yükü daşıyır, oxucunu düşündürür və hiss etdirir. Bu, Azərbaycan ədəbiyyatının görkəmli şairi Cəfər Cabbarlının “Ana” şeiridir.
Əgər bütün bəşəriyyət ədüvvi‑canım ola,
Ürək süqut eləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm gər alimlər
Min il də vəz edələr dəhşətü‑qiyamətdən.
Pələnglər tuta dövrüm, çəkinmərəm əsla,
Və ya ki, vəd edələr dövləti‑cahanı mənə
Ki, bir kəsə baş əyib içzimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.
Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücilə mənə hökm edə olum təslim,
Əyilmərəm yenə haşa! Ölüm nədir ki, onun
Gücilə xalqa həqiranə eyləyim təzim?
Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü, zəif bir vücud var, yahu,
Ki, hazıram yıxılıb xaki‑payinə hər gün,
Öpüm ayağını əcz ilə. Kimdir o? Nədir o?
Ana! Ana!.. O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir,
Onun əliylə bəla bəhrinə yuvarlansam,
Yenə xəyal edərəm bəzmi‑istirahətdir.
Əs, ey külək, bağır, ey bəhri‑biaman, ləpələn!
Atıl cahana sən, ey ildırım, alış, parla!
Gurulda, taqi‑səmavi, gurulda, çatla, dağıl!
Sön, ey günəş, yağışın yağdır, ey bulud, ağla!
Bunlar mənə əsər eylərmi? Mütləqa yox! Yox!‑ Yox!
Fəqət Ana! O müqəddəs adın qabağında—
O pak bağrına bassın məni, desin layla,
Təbəssüm oynadaraq titrəyən dodağında.
Bütün vücudum əsər, ruhum eyləyər pərvaz,
Uçar səmalara o, aləmi‑xəyalətdə.
Yatar, ölər bədənim, nitqdən düşər bir söz:
–Ana… Ana… Sənə mən rahibəm itaətdə!..
Aman… Aman!... Bu müqəddəs vücudu mümkünmü
Ki, bir taqım canavar zülmnən şikar eləsin?!
Yıxıb da xaki‑rəzalətdə, tapdayıb əzərək,
Ayaqlar altına torpaq kibi nisar eləsin?!
Zəlilü‑xar edərək məhbəsi‑əsarətdə,
O şanlı qollarına zülminən vurar zəncir.
Niyə? Neçin? Hanı vicdan? Hanı ədalət bəs?
Neçin də parlayıb etməz cahanı bir tənvir?
Aləmi, ədl‑ədalət üzüldü dünyadən,
Neçin nəsibim edibsən bu zülm‑dövranı.
Ey asiman, dağıl, ey zöhrələr axın, tökülün,
Ki, aləmi‑bəşəriyyət unutdu vicdanı.
Bu şeiri ilk dəfə oxuduğum gün hiss etdiyim duyğuları ifadə etmək çətindir. Şeiri səsləndirən zaman göz yaşlarımı saxlaya bilməmişdim, çünki şeir ürəyimə toxunmuşdu. O, mənim içimdəki duyğuları oyatmışdı. Hər dəfə bu şeiri oxuyanda dərin hisslər yaşayıram. Bir şeir üçün də ən vacib olan şey – toxuna bilməkdir. Cəfər Cabbarlı bunu bacarmışdı.
Bu şeiri sevməyimin əsas səbəbi, ana sevgisini, ana fədakarlığını ürəkdən və dərin hisslərlə ifadə etməsidir. Ana obrazının əzəməti, fədakarlığı və şəfqəti mənə həmişə ilham mənbəyi olub. “Ana” şeiri mənə anama olan sevgimi, ona duyduğum hörməti bir daha xatırladır. Ona görə də bu, mənim üçün sadəcə bir şeir deyil, həyatın ən qiymətli duyğularının ifadəsidir.
Şair burada ananın müqəddəsliyini vurğulayır. Bütün bəşəriyyətə, zülmə, ölümə, dünyaya baş əyməyəcəyini bildirir, ancaq bir müqəddəs varlıq qarşısında – anası qarşısında bir qul tək səcdə etməyə razı olduğunu ifadə edir. Heç bir təbiət hadisəsi belə şairə təsir edə bilmir. O, yalnız anasının laylasında rahatlıq taparaq təslim olur. Ana burada müqəddəsliyin, insanlığın simvoludur. Şair həm də zülmə və ədalətsizliyə qarşı səsini ucaldır.
“Ana” şeiri mənə bir daha xatırlatdı ki, kim olursan ol, harada yaşayırsan yaşa – ananın yerini heç nə tuta bilməz. Ana əvəzsizdir. Mən ana olmağın məsuliyyətini bu şeirdə bir daha dərk etdim. Bu adın haqqını hər qadın verə bilməz, amma verənlər əsl qəhrəmandır. Mənim ən sevdiyim qəhrəmanım isə bizə əlləri ilə həyat toxuyan, gələcək bəxş edən, ağ saçlı anamdır
Bu şeirdə səni görürəm, əziz anam!
“Ədəbiyyat və incəsənət”
(14.07.2025)