İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”
Ağdam Qarabağ müharibəsinə necə böyük qəhrəmanlar bəxş etmiş bir diyardır. Bu sırada Murov Qartalı Raquf Orucovun adı xüsusən əzəmətli çəkilir.
O, 1972-ci il 12 iyulda Ağdam rayonunun Cinli kəndində Raya və İbrahim Orucovların ailəsində anadan olub. 1990-cı ildə Sovet Qoşunlarında xidmət edən Orucov bir müddət Özbəkistanda xidmət etdikdən sonra Qarabağ müharibəsinin başlaması xəbərini alıb və Sovet ordusundan ayrılaraq Azərbaycan Ordusunun sıralarına qoşulub, üç-dörd ay ərzində Fərrux dağı və Aranzəmin kəndində aparılan hərbi əməliyyatlar zamanı ayağından ağır qəlpə yarası alıb.
O, Qarabağda döyüşməyə başlayarkən Ağdamda Allahverdi Qənbərovun rəhbərlik etdiyi özünümüdafiə batalyonuna qatılıb. Onun anası Raya xanım 1993-cü ilin 12 iyununda Ağdam rayonunun Cinli kəndini işğal edilməsi nəticəsində şəhid olub. Elə həmin ildən Raquf Orucov sənədlərini Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbinə verib, lakin həmin məktəbə qəbul ola bilməyib, növbəti ildə isə arzusu baş tutub.
O, Bakı Ali Hərbi Ümumqoşun Komandirləri Məktəbində iki il ərzində lazımi biliklərə yiyələnib. 1996-cı ildə həmin məktəbi bitirən Raquf Orucov daha sonra Bakı şəhərində yerləşən hərbi hissələrin birinə təyinat alıb, amma gənc zabit ön cəbhədə olmağa üstünlük verib. 1996-cı ildə təyinatını Murovdağa alıb və kəşfiyyat bölüyünün komandiri kimi fəaliyyətini davam etdirib.
2003–2005-ci illər arasında Ali Hərbi Akademiyanı bitirib. Hərbi xidməti dövründə həmişə ön cəbhədə xidmət edərək, Ağdam rayonunda yerləşən “N” saylı hərbi hissənin komandiri vəzifəsinədək yüksəlib. Raquf Orucova Murovdağda həyata keçirdiyi uğurlu kəşfiyyat əməliyyatlarınına görə “Murov Qartalı” ləqəbi verilib.
2016-cı ilin aprel ayının 4-də Ağdərə rayonunun Talış kəndinin erməni işğalçılarından azad edilməsi uğrunda Xüsusi Təyinatlı Qüvvələrin tərkibində polkovnik–leytenant Raquf Orucov sonuncu döyüşünə qatılıb və qəhrəmancasına şəhid olub. Aprelin 5-i polkovnik–leytenant Raquf Orucov son mənzilə yola salınıb, Sumqayıt şəhərində baş tutan dəfn mərasiminə minlərlə insan, Müdafiə Nazirliyinin üst rütbəli zabitləri iştirak edib.
Sumqayıtın Şəhidlər Xiyabanında dəfn olunan Raquf Orucovun məzarının solunda 2014-cü il döyüşlərində şəhid olan əsgər Hüseyn Abdulov, sağında elə Aprel döyüşlərində şəhid olan Murad Məmmədov dəfn edilib. Həm Hüseyn Abdulov, həm də Murad Məmmədov polkovnik–leytenant Raquf Orucovun əsgərləri olub.
Təltifləri
- "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı
- "Hərbi xidmətlərə görə" medalı
- "Azərbaycan Silahlı Qüvvələrinin 10 illiyi" yubiley medalı
- "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalı
- "Azərbaycan Silahlı Qüvvələrinin 90 illiyi" yubiley medalı
- "Qüsursuz xidmətə görə" 2-ci dərəcəli medalı
- "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı
- "Qüsursuz xidmətə görə" 1-ci dərəcəli medalı
- "İgidliyə görə" medalı (ölümündən sonra)
Məqamlar
2016-cı ilin iyulun 12-də UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutan "Qarabağ"—"Dudelanj" (2:0) görüşündən əvvəl Tofiq Bəhramov adına Respublika Stadionunda, həmin gün 44 yaşı tamam olan Raquf Orucovun xatirəsinə banner asılıb. Bannerdə Raquf Orucovun şəkili və "ÖLMƏZ KOMANDİR RAQUF ORUCOV" yazısı yer alıb .
Elə həmin gündə də Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında 44 yaşı tamam olan Raquf Orucovun anım mərasimi baş tutub. Anım mərasiminə şəhərin ziyalıları, habelə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya çempionu Fərid Mansurov, Olimpiya Oyunlarının bürünc medalçısı Şahin İmranov, pəşəkar boks üzrə Dünya çempionu Fariz Məmmədov və digər şəxslər qatılıb. Ağdam şəhərinin sabiq meri Nizami Sadıqov və 2013-cü ildə Raquf Orucovun rəhbərliyi altında hərbi xidmətdə olan pəşəkar boksçu Fazir Məmmədov onun haqqında xatirələrini bölüşüb
2017-ci il 13 fevralda isə Oxford Məktəbində Raquf Orucovun həyatından bəhs olunan "Murov qartalı" kitabının təqdimatı mərasimi olub. Mərasim Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başlayıb. Təqdimat mərasiminə Parlamentin deputatlatı Qənirə Paşayeva, Adil Əliyev və Fuad Muradov, habelə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Olimpiya çempionu Fərid Mansurov, pəşəkar boks üzrə Dünya çempionu Fariz Məmmədov, ombudsman Elmira Süleymanova və digər şəxslər qatılıb.
Təqdimat mərasimi natiqlərin çıxışı və şagirdlərin vətənpərvərlik mövzusunda şeir və musiqi nömrələri ilə başlayıb. Daha sonra mərasimə dəvət olunan ictimai xadimlər, deputatlar, idman ictimaiyyətinin nümayəndələri Raquf Orucov barəsində xatirələrini bölüşüb. Elşən Əliyev və Elxan Salahovun müəllifliyi və tərtibçili ilə ərsəyə gələn kitabda şəhidin həyat yoldaşı Sevinc Orucovanın yazdığı olduğca təsirli esse də yer alıb. Kitab Raquf Orucovun əsgər yoldaşları, dostları və ailə üzvlərinin xatirələri əsasında yazılıb.
Təqdimat mərasiminin sonunda Raquf Orucov haqqında sənədli film nümayiş olunub.
2019-cu ildə Şərif Ağayar tərəfindən Raquf Orucovun düşmən arxasına keçərək düşmənin alay komandirinin oğlunu əsir götürməsi və bunun sayəsində əsir düşən 5 əsgərimizin xilas olmasından bəhs edən “Komandir” kitabı yazılıb.
“Cüdo Klub 2012” tərəfindən Raquf Orucov adına Beynəlxalq Cüdo Turniri təsis edilib. Hər il Bakıda onun adına ənənəvi cüdo turniri keçirilir.
Allah Şəhidlərimizə rəhmət eləsin!
Amin!
“Ədəbiyyat və incəsənət”
(12.07.2025)