“Ayrılıqdan betər dünyada nə var?” , Nigar Rəfibəylinin əziz xatirəsinə – DÖRDÜNCÜ YAZI Featured

Şərəf Cəlilli, filolgiya üzrə fəlsəfə doktoru, “Ədəbiyyat və incəsənət” üçün

 

Nigar xanım Rəfibəyli böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi üçün çalışmışdır. Azərbaycan xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmişdir.

               Heydər Əliyev

 

Doğudan Batıya at çapan, çatdığı məmləkətlərdə altundan saraylar yapan, sarayını sənətin, mədəniyyətin gülzarına çevirən türklər baş köşələrində ustad sənətkarlara, təbib-filosoflara, fikir və düşüncə sahiblərinə, mütəfəkkir şairlərə yer verdilər. Bilgə xaqanın sarayını Tonyukuk, Oğuz xaqanın sarayını Dədə Qorqud, Oğuz-Səlcuq sarayını, Məlikşahın dünyasını Nizamül-mülk, Ömər Xəyyam, Osman Qazinin sarayını Şeyx Əbdalı, Şah İsmayıl Səfəvinin sarayını Həbibi, dünyaşöhrətli rəssam Behzat, Sultan Səlimin və Sultan Süleymanın saraylarını Mustafa Xocazadə, Kamil Paşazadə, Hüseyn Baykaranın sarayını Əlişir Nəvai zinətləndirmişdi.

 Bu ənənə üstündən illər, əsrlər ötəndən sonra Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətinin birinci mərhələsindən başlayaraq davam etdirildi. Milli-mənəvi dəyərlər tariximizə adını həkk edən Səməd Vurğun, Nəriman Nərimanov, Mikayıl Müşfiq, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyov, Bülbül, Seyid İmadəddin Nəsimi, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Mikayıl Müşfiq, Cəfər Cabbarlı kimi dahilərin abidələri ucaldıldı, ev-müzeyləri yaradıldı.  Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, İsa Hüseynov, Qara Qarayev, Fikrət Əmirov, Arif Məlikov kimi fitri istedad sahibləri, İstiqlal fədailəri himayə olunub qorunduğu kimi, Mirzə İbrahimov, Süleyman Rüstəm, Rəsul Rza, Mirvari Dilbazi, Əminə Dilbazi, Hökumə Büllruri, Mədinə Gülgün, Balaş Azəroğlu, Söhrab Tahir kimi dövrün cövrünü çəkən, quruluşun, zamanın fövqünə qalxıb qələmi millətin, məmləkətin nəfinə işlədən şair və yazıçılar, ictimai-siyasi xadimlər xüsusi qayğı ilə əhatə olundu. Vəzifə pillələrində irəli çəkildi. Fəxri adlara, orden, medallara layiq görüldü. Onların arasında bir tarixi şəxsiyyət də vardı ki, o, Ulu Öndər üçün dəyərli, qiymətli, əziz idi.  O, adı milli mənəvi dəyərlər və milli dövlətçilik tariximizə həkk olunan, soyu-kökü, şəcərə dəftəri ilə Azərbaycan, daha doğrusu paralanmış, yaralanmış Azərbaycan olan, sinəsinə repressiyaların, müharibələrin dağı çəkilən, Qacarların, Əfşarların, Osmanlı sultanlarının, Gəncəli Cavad xanın, Cümhuriyyətə bağlı Rəfibəylilərin, Xasməmədovların genetik kodlarının daşıyıcısı Nigar Xudadat bəy qızı Rəfibəyli idi. 20-ci illərin qanlı repressiyalarının qurbanı olan general-qubernator atası Xudadat bəy Rəfibəylinin, Cümhuriyyət qurucuları arasıda yer alan dayısının, dayısı oğullarının, qohumlarının siyasi fəaliyyətinə baxmayaraq Mircəfər Bağırov da, ondan sonra ölkəni idarə edən Birinci katiblər- İmam Mustafayev də, Vəli Axundov da ona toxunmamışdı.

Möcüzələr sayəsində 30-cu illərin qanlı repressiyalarından xilas olan Nigar Xudadat bəy qızı Rəfibəylinin fəaliyyəti 50-ci illərə qədər kölgədə qalsa da, Stalinizmin iflasından, Xruşşov yumşalmasından sonra onun da adı rəsmi səviyyələrdə tutulmuşdu. Ulu Öndərin siyasi hakimiyyətə gəlişi ilə isə “Günəş Şərqdən doğacaq!” nidası ilə qələm çalan Nigar Rəfibəylinin dəyərini Ulu Öndər Heydər Əliyev verdi. 1959-cu il iyunun 9-da Azərbaycanın Birinci katibi İmam Mustafayevin imzası, Azərbaycan SSRİ Mərkəzi Komitəsi Bürosunun qərarı ilə “Şərəf nişanı” ordeninə, 1967-ci il oktyabrın 29-da Azərbaycanın Birinci katibi Vəli Axundovun imzası ilə Azərbaycan Mərkəzi Komitəsinin Bürosunun qərarı ilə “Azərbaycan SSR əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülən Nigar Xudadat qızı Rəfibəyli Azərbaycan SSRİ Mərkəzi Komitəsi Bürosunun 6 iyul 1973-cü il tarixli 67-ci protokolunun 15-ci bəndinə əsasən Mərkəzi Komitənin kaitibi Heydər Əliyevin imzası ilə Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə görə və 60 illik yubileyi münasibəti ilə “Fəxri Fərman”la təltif edilir. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində Birinci Fondda, 68-ci siyahıda, 11-ci qutuda qorunan 90-cı işdə yer alan bir rəsmi sənəd isə Ulu Öndərin Nigar Xudadat qızı Rəfibəylinin irsinə, şəxsiyyətinə, şəcərəsinə verdiyi dəyərin ən ali göstəricisidir. Azərbaycan SSR Mərkəzi Komitəsinin Bürosunun 13 iyun 1981-ci il tarixli iclasının 15-ci protokolunun 11-ci bəndinə əsasən Azərbaycan ədəbiyyatının inkişafındakı xidmətlərinə, ictimai fəaliyyətinə görə Nigar Xudadat qızı Rəfibəyliyə xalq şairi fəxri adı verilir. Mərkəzi Komitənin qərarı bir gün sonra 19 iyun 1981-ci ildə Azərbaycanın Birinci kaitibinin imzası ilə təsdiq edilir. Xalq şairi fəxri adından sonra da, Azərbaycanın Birinci şəxsi Nigar Rəfibəyli ilə bağlı tarixi qərarlar aldı. Onun Fəxri Xiyabanda dəfn edilməsi, adının və xatirəsinin əbədiləşdirilməsi, irsinin dövlət mirası elan olunması, yubiley mərasimlərinin təşkili daima Ulu Öndərin nəzarətində oldu. Dəyərlərin əyarı olan Ulu Öndərin Nigar Rəfibəyli irsinə, şəxsiyyətinə münasibəti, həm də onun şəcərəsinə ehtiramının göstəricisi idi. O qüdrətli şəxsiyyətin, mütəfəkkir dövlət xadiminin siyasi hakimiyyətinin ikinci mərhələsində Nigar Rəfibəylinin Gəncədə ucaldılan abidəsinin açılış mərasimindəki nitqi də dediklərimizə əyani sübutdur: “Nigar xanım Rəfibəyli Gəncənin böyük Rəfibəylilər ailəsinin çox parlaq nümayəndəsidir. Nigar xanım Rəfibəyli böyük yol keçmiş, Azərbaycan mədəniyyətinin inkişaf etməsi üçün çalışmışdır. Azərbaycan xalqına sədaqətlə xidmət etmişdir. Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlər göstərmişdir.”

                  

Qərənfili sevir könlüm...

Stalinizmin xofunun səngiməsi, Xruşşov yumşalması, Bağırov mərhələsinin başa çatması 50-ci illər Azərbaycanının nəfəsliyi oldu. 30-cu illərin dəhşətləri ilə 60-cı illərin mənəvi tərəqqisi, yaddaşa qayıdış ideologiyasının formalaşması üçün milli-mənəvi dəyərlər və milli dövlətçilik tariximizdə Nəriman Nərimanov, Əziz Əliyev, İmam Mustafayev, Mirəsədulla Mirqasımov, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Üzeyir bəy, Bülbül, Mirzə İbrahimov, Süleyman Rüstəm, Mir Cəlal, Qulam Məmmədli, Nəsir İmanquliyev, İlyas Əfəndiyev kimi simaların varlığı, Ulu Öndər Heydər Əliyevin bir dövlət xadimi, sərkərdə xaqan kimi əzəməti Cümhuriyyətdən sonra repressiyanın girdabında, müharibənin dəhşətlərində üzülən məmləkətin inamına, ümid yerinə döndü. Ədəbiyyatı partiyanın təkərciyi, vintciyi hesab edən Sosializm-realizminin diqtəsindən fərqli olaraq milli mücahidlər doğuldu. 1988-ci ilin Milli İstiqlal savaşı “Lenin meydanı”ndan, Xəzərin sahilindən başlamışdı. Əbülfəz Elçibəyin, Tağı Xalisbəylinin, Xəlil Rza Ulutürkün, Bəxtiyar Vahabzadənin, İsmayıl Şıxlının, Sabir Rüstəmxanlının millətə, məmləkətə üz tutub oyanışın, qurtluşun nəğməsini çağıran İstiqlal aşiqlərinin sırasında bir tarixi şəxsiyyət, ictimai-siyasi xadim də var idi ki, o dik duruşu, nitqi, kübar və əsilzadə görkəmi, məğrurluq, müdrikliyi ilə fərqli idi. O, Fətəli xan Qacardan, Nadir şah Əfşardan, Ağa Məhəmməd şah Qacardan, Gəncəli Cavad xandan, Ələkbər bəy Rəfibəylidən, “İstiqlal Bəyannaməsi”nə imza atan Xudadat bəy Rəfibəylidən, Xəlil bəy Xasməmmədovdan nişanə idi. Onun damarından bütün həyatını milli mənlik və milli kimlik uğrunda mücadiləyə həsr edən, qələmini süngüyə çevirən, milli-mənəvi dəyərlər tariximizə Azərbaycan Kinostudiyasının, Milli Ensiklopediyanın qurucusu, Azərbaycan Yazıçılar İttifaqının sədri kimi yazılan Rəsul Rzanın, Nigar Rəfibəylinin, Qacarlar sülaləsinə bağlı Məmmədxanlıların qanı axırdı. O, Anardı! İmzası addan, mükafatdan belə yuxarıda duran, varlığı millət üçün  Tanrıdan tale payı olan Anar! 1988-ci ilin Meydan hərəkatı, 20 yanvar dəhşətləri ilə müşayiət olundu. Oyanışın, Qurtluşun dastanını yazan xalqın gözünü qırmaq üçün  1990-cı ilin qarlı qış gecəsində onu güllə-boran etdilər.  O müdhiş günlərdə Anarın haqq səsi Bəxtiyar Vahabzadə, İsmayıl Şıxlı, Xəlil Rza Ulutürk, Sabir Rüstəmxanlı qədər kəskin idi. Ulu Öndər Heydər Əliyevin siyasi və mənəvi varisi İlham Əliyevlə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gəlişi, Qorbaçov rejiminə etiraz notası ünvanlaması, SSRİ Ali Sovetinin deputatları Tofiq İsmayılovun, Midhət Abbasovun, Arif Məlikovun, Anarın etiraz çıxışları, Mixail Qarboçov əl uzadarkən “Millətimin qanına batan əli sıxa bilmərəm” - deyib, ona tarixi dərs verən, şəcərə dəftəri ilə Xurşudbanu Natəvan və Mir Teyyub ağa müqəddəsliyinə bağlı Məleykə Həşimovanın iradəsi, o ağır, dar zamanlarda, buralarda, Qafqazlarda qüdrətli bir millətin, məmlkəkətin olduğuna sübut olmaqla yanaşı, SSRİ Nazirlər Soveti sədrinin müavini Heydər Əliyevə yazdırılan istefa ərizəsinin “Dağlıq Qarabağ Azərbaycanın ayrlmaz tərkib hissəsidir” nidasına bağlı olduğunu təsdiq etdi. 1990-cı ilin 22 yanvarında yüz minlərlə insan Şəhidləri çiyinlərinə alıb Çəmbərəkəndə qaldırdı. Xalq bununla, bu cəsarətli addımı, tarixi qərarı ilə 1918-ci il 31 mart soyqırımı şəhidlərinin məzarı üzərində “Dostluq parkı” salan imperiyaya unuda bilməyəcəyi dərs verib yerini göstərdi.Həmin gün Bakı kəndlərində qərənfil qalmamışdı. Şəhərə qərənfil yağmışdı. Kamil Cəlilovun ifasında “Zəminxarə” səslənirdi. O gün, bir yumruq kimi birləşən Xalq vardı, Çəmbərəkənd vardı, Əbədi İstiqlalın manifestini al qanı ilə yazan Şəhidlərin cənazələri vardı, Şəhidlərin kəfən yerinə geydikləri al qırmızı Qərənfillər vardı, bir də Nigar Rəfibəylinin, Pənahəli xanın son vərəsəsi, Qarabağın “Dürr-yekta”sı Xurşudbanu Natəvandan sonra bir başqa biçimdə təsvir etdiyi, təqdim etdiyi misralar vardı:

Qərənfili sevdi könlüm,

Çiçəklərin arasından.

Elə bil, iki damla qan sızır,

Ürəyimin yarısından.

“Bir kərə yüksələn bayraq bir daha enməz” nidası ilə yoxdan bir bayraq yapıb, dövlət quranların sırasında yer alan atası Xudadat bəy Rəfibəyli Nargin adasında güllələnib şəhid ediləndə Nigarın yeddi yaşı vardı. Bir qadın, bir ana, bir nənə kimi sevincin, səadətin səltənətindən payı olsa da, onun sinəsində Qacarların, Əfşarların, Cavad xanın, Ələkbər bəyin, Cümhuriyyətin dağları vardı. Dilə gətirməsə də, üzə vurmasa da, sözə köçürürdü. Azərbaycanın rəmzlərindən biri kimi onun imzasına, möhürbəndinə çevrilən Qərənfilə könlünün sevgisi, ürəyinin parası, həm də qan axan, qaysaq tutmayan yarası kimi baxırdı. Nigar Rəfibəyli elə baxmasaydı, “Qərənfili” qələmə aldıqdan düz bir qərinə  sonra duyduqları, hiss etdikləri gerçəyə çevrilməzdi. 20 yanvar dəhşətlərindən sonra Qərənfil-Şəhidlərin, Şəhidlər Əbədi İstiqlalın rəmzinə, simvoluna çevrildi. Qan yaddaşımız oldu! Olmuşlara, olanlara, Qərənfil ömrünə baxmayaraq o, dünyanın ən xoşbəxt türklərindən, azərbaycanlılarından idi. “İstiqlal Bəyannaməsi”nə imza atanların sırasında Atası, Əbədi İstiqlalın Manifestini yazanların, “Müstəqillik Aktı”na imza atanların arasında Oğlu vardı: Anar!

 

Gəncə üsyanından – Gəncə qiyamına

Azərbaycan Xalq Cümhuriyyəyi Tiflisdə elan olundu. On gün sonra Gəncəyə köçürüldü. Cümhuriyyətin də, ölkənin də müqəddəsliyi ilə bağlı qərarlar məhz burada – Gəncədə alındı. Cümhuriyyət səlib yürüşünə, Qızıl Ordunun qırmızı terroruna, Bolşevik Rusiyasının hücumlarına məruz qalanda onun taleyi ilə bağlı qərar Gəncədə alındığı kimi, müqəddəratı ilə bağlı məsələlər də burada gündəmə gətirildi. Cümhuriyyət Tiflisdən Gəncəyə iyunun 16-da köçmüşdü. Onun aldığı ilk tarixi qərarların sırasında isə Gəncənin siyasi taleyi ilə bağlı qərar vardı. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra hökumətin 30 iyul 1918-ci il tarixli qərarı ilə Yelizavetpolun tarixi adı – Gəncə bərpa edildi. Gəncə şəhəri 1918-ci il iyunun 17-dən, sentyabrın 17-nə , Bakı XI Qafqaz İslam Ordusu və Milli Ordu tərəfindən işğaldan azad olunanadək dövlətin müvəqqəti paytaxtı oldu. “1920-ci il aprelin 28-də isə Gəncədə də hakimiyyət İnqilab Komitəsinin əlinə keçdi. 1920-ci il mayın 1-də Gəncədə Sovet hakimiyyəti quruldu. 1920-ci il mayın 25-də Gəncədəki Milli qüvvələr Sovet hakimiyyətinə və Qızıl Ordu qarnizonuna qarşı fəal silahlı çıxışlara başladılar. Mayın 28-dən 29-na keçən gecə bolşevik əsgərləri şəhərin müsəlmanlar yaşayan hissəsini tutdu. Üsyanın yatırıldığı bir neçə gün ərzində minlərlə üsyançı həlak oldu. Qızıl Ordunun Gəncədə üsyanı yatırılmasında ermənilər də iştirak edirdilər. Gəncə ermənilərinin kömək göstərməsi Qızıl Ordu əsgərlərində ermənilərə rəğbət doğururdu”. Bütün bu faktlar Xudadat bəy Rəfibəyli, Firudin bəy Köçərli, Abbas bəy Rəfibəyli, Hacı Məmmədhüseyn Rəfibəyli, Məhəmməd Rəfiyev, Əyyub bəy Rəfibəyli, Abuzər bəy Rzayev, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli kimi tarixi şəxsiyyətlərin bir qisminin on minlərlə gəncəlinin iştirakı, etiraz dalğası ilə baş tutan “Gəncə üsyanı”nın təşkilatçısı, iştirakçısı kimi ya yerində güllələndi, ya Bakıya gətirilib Nargin adasında ölümün ağuşuna atıldı. Şura hökumətinin bu torpaqlarda atı 70 il işlədi. Gəncənin adı 1935-ci ildə dəyişdirilib cəllad Sergey Mironoviç Kirovun “şərəfinə” Kirovabad qoyulsa da, 1989-cu ilin Milli Azadlıq Hərəkatından sonra onun tarixi adı yenidən bərpa edildi. 20 yanvar dəhşətləri, Heydər Əliyevsiz Azərbaycan üçün faciələri üst-üstə gətirdi.

Xocalı faciəsi, Qarabağın, Şərqi Zəngəzurun işğalı, ölkəni bürüyən səfalət, vətəndaş qarşıdurması, mərkəzi hakimiyyətin zəifləməsi Gəncəni yenidən siyasi mərkəzə, hərbi münaqişənin ocağına çevirdi. Surət Hüseynovun qiyamı, dövlət çevrilişi cəhdləri hər gün işğala məruz qalan Vətən torpaqlarında faciəni dərinləşdirdi. Xalqın iradəsi isə Naxçıvandan Bakıya dönən Ulu Öndər, siyasi sabitliyə nail olmaq üçün öncə Gəncəyə - Surət Hüseynovun “qərargahına” yollandı. İki tarixi şəxsiyyətin, ictimai xadimin- Aslan Abbasovun və Anarın Gəncəyə Ulu Öndərlə gəlişi artıq bütün Gəncənin mövqeyi idi. Onların hər ikisi bu müqəddəs torpaqda, bütün dövrlərdə ölkənin ikinci paytaxtı olan şəhərdə nüfuz sahibi idi. Anarın yeri, məqamı isə daha fərqli idi. Onun mənsub olduğu soyun tarixi şəxsiyyətləri Gəncənin qurucuları, xilaskarları sırasında yüz illər boyu yer almışdı. Nəinki yer almışdı, onun sarayında sultan, xan olmuşdu. Heydər Əliyev sıradan bir dövlət xadimi deyildi. Təhlükəsizlik orqanlarında ən kiçik vəzifədən və rütbədən, ən ali vəzifəyə, rütbəyə qədər yüksəlmişdi. Bu məmləkətdə kimin, daha doğrusu hansı yaradıcı insanın, soyun, dəyərin nədən ibarət olduğunu yaxşı bilirdi.  Qəhrəman, mərd, məğrur Gəncə tarixdəki rolunu və yerini sevdiklərinin üzü-suyu hörmətinə bir daha sərf-nəzər edib müəyyənləşdirdi. Əbədi Xilaskarına, Qurtuluşun Memarına-Ulu Öndərə söykəndi. Əliheydər Qarayev kimi öz qılıncına doğranan Surət Hüseynova yerini göstərdi.Hər şeyin dərmanı olan zaman öz hökmünü verdi. 1994-cü ilin Oktyabr hadisələri həqiqəti üzə çıxardı. Ulu Öndərin cəsarətli addımları ilə öncə “Atəşkəs”,  sonra isə  “Əsrin müqaviləsi” imzalandı. Lider-varis ənənəsinə söykənən Azərbaycan xalqı Ulu Öndərin diqtəsi ilə taleyini etibarlı əllərə - Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə tapşırdı. 2020-ci ilin 44 günlük tarixi Vətən savaşından sonra Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Qarabağda, Şərqi Zəngəzurda Qayıdışın, Dirçəlişin dastanı yazıldı. Qurucu Əzizin nəvəsi Qurucu İlham, Ulu Öndərin Xilaskar varisi Qarabağın Memarı kimi Vətən torpağına can gətirdi. Qılıncla Qələmin vəhdətində qurulan yeni dünyada Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın öz yeri, məqamı oldu. “Vaqif Poeziya Günləri”, “Xarıbülbül” Musiqi Festivalı, Molla Pənah Vaqifin məqbərəsinin Heydər Əliyev Fondu, ölkənin Birinci Vitse-prezdenti xanım Mehriban Əliyeva tərəfindən bəpra olunduğu gün xalq 1993-cü ilin  Gəncə səfərini, bir də “Dədə Qorqud” filminin son səhnəsini yada saldı: “Çağlayıb axan sularımız qurumasın. Qanadlarımız qırılmasın. Uca dağın ocaqları həmişə yanar olsun!”

 

Nigar-Rəsul sevgisi – bir məhəbbət əfsanəsi

 “Qabusnamə”də təsvir olunan əfsanələr çoxdu. Biri də belə başlayır. “Şərqdə bir quş var: O hər gün ötüb deyir: “Yaxşını yamana, yamanı yaxşıya yaz”. Ancaq bircə gün: “Yaxşını yaxşıya yaz” deyib ötür. Rəsul Rza ilə Nigar Rəfibəylinin alın yazısı onları yaxından tanıyanların yadına həmişə bu əhvalatı salıb. Rəsul Rza Nigar Rəfibəyliyə könlünü açanda quruluşun, zamanın üstünə yeridiyini bilirdi. Onların nigahı 37-ci ilin dəhşətli repressiyalarının tüğyan etdiyi günlərə təsadüf edirdi. Gecə gələn qara maşınlar Hüseyn Cavidi, Salman Mümtazı, Hənəfi Zeynallını, Mikayıl Müşfiqi, Əhməd Cavadı, daha kimləri, kimləri zindana, sürgünə, Nargin adasına aparırdı. Rəsul Rza isə “İstiqalal Bəyannaməsi”nə imza atan, Cümhuriyyətin ilk səhiyyə naziri, Gəncənin general-qubernatorunun, ən əsası Bolşevik Rusiyasına, Qızıl ordunun Qırmızı terorruna  etiraz edib “Gəncə qiyamı”nın əsas təşkilatçılarından biri kimi Nargin adasında güllələnən Xudadat bəy Rəfibəylinin qızı, Difai Partiyasının Gəncə bölməsinin sədri Ələkbər bəy Rəfibəylinin nəvəsi ilə izdivaca gedirdi. 30-cu illərin repressiyasının tüğyan etdiyi bir dövrdə bu ölümü gözə almaq, başını edam kötüyünə qoymaqdı. O, Rəsul Rza idi. Deyirlər, Firon İbrahim peyğəmbəri  oda atmaq üçün tonqal çatdırır. Qövm iki yerə bölünür. Yarısı Peyğəmbərin, yarısı da Fironun yanında yer alır. Bir də görürlər ki, bir qarışqa gölməçədən ağzında su götürüb gəlir və tonqala yaxınlaşır. Sual edirlər: Ağzındakı  bir damcı  su ilə tonqalı söndürmək olarmı? Müdrik, yüku həmişə boyundan, çəkisindən ağır olan qarışqa deyir: Bilirəm, bir damcı su, tonqal söndürməz, amma, Səfimi müəyyən edirəm”. Rəsul Rzanın 37-ci ildə Nigar Rəfibəyli ilə nigaha getdiyi gün, Onun Səfini müəyyənləşdirdiyi gün idi. Ondan 28 mayın əzəməti, 28 aprelin dəhşəti boylanırdı. O, həmin gün “İstiqlal Bəyannaməsi”nə imza atan Liderin, millət və dövlət qurucusunun qızının əlindən tuturdu. O əl sıradan bir əl deyildi. Onda Qacarların, Əfşarların, Osmanlı sultanlarının, Cavad xanın, Ələkbər bəy Rəfibəylinin, ən əsası Xudadat bəy Rəfibəylinin sığalı vardı. Nigar Rəfibəyli böyük ədəbiyyata 1928-ci ildə, 16 yaşında “Çadra” şeiri ilə gəldi. “Şeirlər”, “Dənizin səsi gəlir”, “İşıqlı dünyam”, “Günəşdən gənclik istədim”, “Həzin bir axşam düşsən yadıma”, “Şanlı nəsillərin yadigarısan”, “Zəfər nəğməsi”, “Anaların səsi”, “Balaca qəhrəman”, “Günəşin cavabı”, “Məstanın balaları”, “Bizə bahar yaraşır”, “Yol xatirələri, Avropa ətrafında səyahət gündəliyindən” kitabları, Məhsəti Gəncəvi, Evripid, Şiller, Çexov, Voyniç, Qonçar, Puşkin, Lermontov, Şevçenko, Petrofi, Mitskeviç, Seriteli, Əlişir Nəvai kimi dahilərin irsindən etdiyi tərcümələrlə qaldı. O, 1913-cü ildə Gəncədə doğuldu, şöhrətin çələngini Bakıda başına qoydu. İlk sevginin hənirtisini, qəlb çırpıntısını, qadın məhəbbətini, ana səadətinin, nənə müqəddəsliyini də, burada yaşadı. Sürgün illərinin məşəqqəti onu 15 yaşından çörək qazanmağa məhkum etmişdi. 1927-ci ildə Kinostudiyada tərcüməçi kimi əmək fəaliyyətinə başlamışdı. 30-cu ildə Maarif Evində könlünün sultanı ilə ilk dəfə üz-üzə gəlmişdi. Qəribəsi, maraqlısı, daha dəhşətlisi də, odur ki, ilk məhəbbəti onu hədəfə alanların, incidənlərin, ilk qəlb çırpıntısına görə tənqid edənlərin sırasında yer almışdı. Amma, su axıb çuxurunu tapan kimi, onlar da, “İkimizdə bir ürək var” – deyib əl-ələ, ürək-ürəyə, kürək-kürəyə verib xan Çinara, qos-qoca Palıd ağacına çevrilmişdilər. Nigar Rəfibəylinin Moskvaya Ədəbiyyat İnstitutunda təhsil almağa yollanması böyük və sonsuz sevgisini də Moskvaya gətirmişdi. Bir yerdə təhsil alıb dönəndən sonra 1937-ci ildə Əbədi sevginin dəryasına varmışdılar. “Moskva göz yaşlarına inanmasa da”, Əbədi məhəbbətə, sonsuz sevgiyə inanmağa məcbur olmuşdu. Bu özəl, gözəl tanışlıqdan, Tanrıya xoş gedən nikahdan Anar, Fidan, Təranə doğulmuşdu. Səfərovların incisi Zemfira gəlin gəlmişdi. Bir-birindən qiymətli nəvələr, nəticələr “Bir qəlbdə iki can – Azərbaycan” olan Nigarla Rəsulun əfsanəvi sevgisindən ilham almışdılar...

 

Dərya kənarında bir ev tikmişəm

Nigar Rəfibəyli dünyaya gələndə atası Xudadat bəy ona vaxtsız ayrılığı ilə ailəyə kədər yaşadan bacısı Suğra xanımın adını vermişdi. Türk ədəbiyyatını oxumağı, mütaliə etməyi sevən, şəcərə dəftəri ilə də, Osmanlı sultanlarına bağlı olan Cəvahir xanım onu Nigar deyə çağırır. Ad dönür onun taleyi olur. Tanrının mələklərin qanadında yer üzünə endirib Peyğəmbər əleyhissəlamın ruhundan cücərtdiyi “Şüəra” və “Qələm” surələri ilə müjdələnən Nigar Nigar Rəfibəyli kimi 30-cu illərdən sonra budaqları budanan Soy Ağacının Dirilik Suyu olur. Sürgün illərini Bakıda anası Cəvahir xanımla keçirən, Qacarlar səltənətinin Şahbanularından biri saraydan saraya deyil, yosmaca evdən yosmaca evə gəlin gedir.  Bakı Qara ağacları, Göyçay, Gəncə, Zəngilan xan Çinarları ilə məşhurdur. Ağlım kəsəndən, özümü dərk edəndə Rəsul Rza irsini həmin xan çinarlara bənzətmişəm. Oğuz xaqanla bağlı əfsanədən birində buyrulur: Suların bağrında bitən Qaba Ağacın yaxasının bağı cözüldü. Oradan altun saçlı, ala gözlü, sarıbənizli bir xatun çıxdı. Oğuz xaqanın ondan Ayxan, Gün xan, Dəniz xan adında oğulları doğuldu. Onlar Boz oxların, Üç oxların dastanını yaratdılar. Nigarla Rəsul Bakıda ala gözlü Xəzərin yaxasında tanış oldular. Rəsul Qaba Ağacının diyarından gəlmişdi. Göyçayda doğulmuşdu. Gəncədə oxumuşdu. Nigar onun rastına Oğuz xaqanın qarşısına çıxan, Qaba Ağacdan doğulan sarı bənizli, ala gözlü altun saçlı qız kimi çıxmışdı. Rəsulun gözünə Bəxt üzüyünün firuzə qaşı kimi görünmüşdü. Yoxsa o, nədən qərib, kimsəsiz şəhərdə bu misraları muncuq kimi ipə-sapa düzəydi?

Üzüyümün qaşı firuzədəndir,

Könlüm açılmayır nədəndir?

Yaman gündə dost əlindən bərk yapış,

Dünyanın həvəsi gəldi gedərdir.

Onlar yaman gündə 30-cu illərin qara yellərinin əsdiyi, qara buludların ətəyini sıxdığı illərdə əl-ələ verdilər.

Necə çətin olsa ömrün yolları,

Birlikdə yorulmaz vurarıq başa

– dedilər. “Bir baxışla qəlbə məlhəm oldular”. Əbədi sevginin, düz ilqarın eşqinə bir-birinə dağ bilib söykəndilər. Əsrə bərabər illəri millətə, məmləkətə təmənnasız xidmətdə keçirdilər. Repressiyaların, müharibənin, 50-ci illəri Xruşşov yumşalmasının, 60-cı illərin yaddaşa qayıdış ideologiyasının öndərlərindən oldular. Övladlar böyütdülər. Hər biri yeriyən Azərbaycan olan övladlar. Nigar Rəfibəylinin bir Qacar Şahbanusu kimi Bakıda ömrü boyu iki səltənəti, möhtəşəm sarayı olmuşdu. Onun biri ala gözlü Xəzərdi. Cümhuriyyət atası Xudadat bəy Rəfibəylinin cisminin və ruhunun yiyəsi Xəzər. Digəri Kəlam və Qələm Rəsul Rzanın – ala gözlü Rəsulun bütöv Azərbaycan, Turan, türk dünyası boyda olan Könlü idi. Bu səbəbdən də onsuz, daha doğrusu onlarsız keçən gecələr uzun olurdu:

Ala gözlüm səndən ayrı gecələr,

Bir il kimi uzun olur neyləyim?

Bağçamızda qızılgüllər hər səhər,

Tezdən açır, vaxtsız solur neyləyim?

Bu misralardan təkcə Nigar Rəfibəylinin yardan ayrı qara gecələrin, uzun gecələrinin ağrısı, acısı boy vermir. Onda Qarabağdan, ilk məhəbbətindən qoparılan Ağabəyim Ağanın, Qubalı Fətəli xanın könlünün sultanı Tutu Bikənin, Cavad xanın qisasını qiyamətə qoymayan, Sisianovun təqdim etdiyi qızıl dolu təzminat torbasını “Osmanlı tokatı” kimi onun üzünə çırpan Bəyim xanımın, Köçdən köçə qoşulduqca Firudin bəy Köçərlinin əlyazmalarını, çırağını, kül qabını, alışqanını” yar əmanəti kimi yanından, ürəyinin başından ayırmayan Badisəba xanımın, “Soyadınızı dəyişin, Sizi Şimali Qafqaza göndərək” deyib, ona yardım etmək istəyən müstəntiqi: “Oğlum, bəy titulumu Axundzadəyə dəyişdim, Əhməd Cavadı kimə dəyişim” Sualı ilə heyrətləndirən Şükriyyə xanımın, Şamil bəy Mahmudbəyovun yolunda şimal səhralarına qədər pay-piyada gedən Məhbubə xanım Qacarın, ən əsası bolşevik cəlladı Əliheydər Qarayevin boğazını: “Atın yerinə eşşək bağlamaram” nidası ilə qurudan anası Cəvahir xanımın həsrəti, nisgili, əbədi sevgisi vardı.20-ci illərin qara yellərindən, 30-cü illərin dəhşətli repressiyalarından sonra Cavidin Müşgünazının, Nəriman Nərimanovun Gülsümünün, Firudin bəyin Badisəbasının, intizar gözləri çiçək kimi yol çəkən fədailərin nə çəkdiyini Nigar Rəfibəyli qədər anlayan bir də onların özləri, doğmaları idi. Elə olmasaydı, göydə mələklərə, suda pərilərə bağlı olan bu misralar zamanın, quruluşun, həsrətin, hicrətin, mühacirətin rəngli göz yaşına, tablosuna, yaddaş illüstrasiyasına çevrilməzdi.

Çiçəklərin çəkir gözü intizar,

Ayrılıqdan betər dünyada nə var?

Yaz axşamı səni bil ki, bu Nigar,

Həzin-həzin yada salır neyləyim.

Ötən əsrin əvvəlində görkəmli maarifçi, ictimai xadim ilk kitabxananın, qiraətxananın, teatr truppasının qurucusu Həbib bəy Mahmudbəyov Sultan Məcid Qənizadə ilə birlikdə Staroselski və Kolubakin küçələrinin kəsişdiyi yerdə, neft milyonçusu Hacı Hacıağa Dadaşovun dörd gözlü dükanını kirayə götürüb ilk Rus-Tatar Məktəbini qurdu. Bu millətin cəhalətdən qurtuluşu üçün Mirzə Fətəli Axundzadədən, Mirzə Kazım bəydən, Abbasqulu Ağa Bakıxanovdan, Hacı Zeynalabdin Tağıyevdən, Həsən bəy Zərdabidən sonra atılan cəsarətli addım idi. Hər dəfə Zərgərpalan küçəsi ilə Nigar Rəfibəyli küçəsinin kəsişdiyi həmin nöqtədən keçəndə lal sükuta dalır, Həbib bəylə birlikdə Sultan Məcid Qənizadəni ehtiram hissi ilə anıram. Şeyx Nizami Gəncəvinin adını daşıyan küçədən keçəndə isə paralel küçəyə burulub “Kitab pasajı”nda növbəyə durduğum illərə dönmək istəyirəm. Bu küçə mənim kimi 80-cı illər insanı üçün həmişə əziz olub. Bakının ən qiymətli Kitab Evi burada idi. Bu küçədən keçəndə, daha doğrusu “Kitab pasajı”nın önündə dayananda isə qulağıma uzaqdan, lap uzaqdan “Cahargah” dəsgahının iki əsas şöbəsindən biri - “Bəstə-nigar” təsnifi gələrdi. Şair Ramiz Qusarçaylını Qubada deyil, Bakıda “Pasaj”ın qabağında nəfəs-nəfəsə duyar, dinləyirmiş kimi pıçıldayardım:

“Altda ürək, üstə Nigar,

“Bəstə-nigar, “Bəstə-nigar”.

Gözlərimi qaldırıb kitab dükanının üstündəki pəncərəyə - Kitab Adamların – Rəsul Rza ilə Nigar Rəfibəylinin dünyasına sarı boylanardım...Şura hökuməti gələndə, Cümhuriyyət Qızıl Ordunun Qırmızı terroruna məruz qalanda Nigarın 7 yaşı vardı. Bolşevik Rusiyası Xudadat bəy Rəfibəylini Nargin adasında güllələyib Xəzərdə qurda-quşa yem edəndən sonra kini, nifrəti, qəzəbi soyumadı. Onun tifaqını dağıtdı. Mülkünü, malikanəsini müsadirə, ailə üzvlərini, doğmalarını sürgün etdi. Tanrının Kəlam və Qələm müqəddəsliyi ilə müjdələnən tək və yeganə qızı Nigar Rəfibəylinin adını daşıyan ünvanda iki millət fədaisinə-Rəsul Rza ilə Nigar Rəfibəyliyə Dərya kənarında, Xəzərin ətəyində dövlət tərəfindən ev verildi. Azərbaycan Bakıdan, Bakı Səbail qəsrindən başlayır. Qədim-qayım Səbailin 200 illik inkişaf tarixində “Tarqovi” deyilən, Nizami küçəsinin öz yeri var. Kimin bu əl, ürək boyda ünvana necə baxmasından, dəyər verməsindən asılı olmayaraq buralar mənim üçün həm də, ikinci paytaxtımızdan – Gəncədən nişanədi. O yandan da, bu yandan da keçəndə qabağına Gəncənin kamalda xan, cahanda sultan simaları çıxır: Nizami Gəncəvi və Nigar Rəfibəyli, hər ikisi də:

Eşqdir mehrabı uca göylərin,

Eşqsiz ey dünya nədir dəyərin? – deyir.

Şura hökuməti Xudadat bəy Rəfibəylinin tifaqını dağıtdı. Qanını dəryaya – ala gözlü Xəzərə axıtdı. Tanrı onun gözünün nuruna, ruhunun və cisminin davamçılarına, vərəsələrinə Dəryalarda üzən Rəsul Rza və Nigar Rəfibəyli gəmilərindən pay verdi. Birinin suyu qurtaranda, özgə gəmidən yox, digərindən alacaq qədər müqəddəsliyə sahib Gəmilər! Tanrı onlara həm də, Dərya kənarında ev tikdi. Mənim verdiyimi məndən savayı kimsə ala bilməz deyib, əbədi, sonsuz, hüdudları məlum olmayan Sevgisini nəğməyə çevirdi.”

Dərya kənarında bir ev tikmişəm,

Hasarın çəkmişəm, üstün örtmüşəm.

Ay bu gələn gözələ gözüm dikmişəm.

Bağçada güllər,

Oxur bülbüllər,

Elə deyirələr,

Yenə yaz gəlir.

Dərya kənarındakı evdən Rəsul Rza cismən aprelin 1-də, Nigar Rəfibəyli iyulun 9-da ayrıldı. 1981-ci ilin yazı belə gəlmişdi...

 2025-ci il mayın 31-də onlar yenidən Fəxri Xiyabandan qopub “Yar yarından ayrı qüssə, qəm eylər”, “Sonalar göllərdə gəzərlər qoşa” deyib, Dərya kənarına gəldilər. O gün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Rəsul Rzanın ev muzeyinin yaradılması” haqqında 2022-ci ildə imzaladığı Sərəncam icra olunur, Muzeyin açılış mərasimi keçirilirdi...

   

“Ədəbiyyat və incəsənət”

(30.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.