Bu gün Röyanın doğum günüdür - DÜŞÜRSƏN TEZ-TEZ YADA Featured

İnci Məmmədzadə, “Ədəbiyyat və incəsənət”

 

O populyarlıq qazandıqdan sonra, pop musiqimizdə taxt-taca yüksəldikdən sonra əsla oradan düşmür. Çalışqanlığı, zəhmətsevərliliyi sayəsində hər il bir neçə yeni mahnı yazdırır, gözəl musiqi zövqü və duyumu sayəsində repertuarına həmişə ən gözəl mahnıları salmağı bacarır.

 

Azərbaycan Respublikasının xalq artisti Röya Ayxan!

Çoxmilyonlu tamaşaçı və dinləyici ordusu üçün sadəcə Röya.

Röya 14 iyun 1982-ci ildə doğulmuşdur. Bəzi mənbələrdə Ağdam rayonu onun doğum yeri kimi göstərilir, lakin öz sözlərinə görə, o, Bakıda anadan olub. Bakı şəhəri Nəsimi rayon 5 saylı tam orta məktəbin məzunu olub. 2004-cü ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsinə daxil olub. Diplomunu da alıb. Əlavə diplom kimə mane olur ki?

Amma həyatını əlbəttə ki, musiqiyə bağlayıb.

İlk dəfə Vaqif Gərayzadənin "W-trio" qrupunda çıxış edib. 90-cı illərin sonlarında ilk dəfə Yeni Nəsil Jurnalistlər Birliyinin İlin adamı müsabiqəsi zamanı Vaqif Gərayzadə 3 gənc qızı - "W-trio"qrupunu təqdim edib. Qızlardan Natəvan və Elnarə daha fəal görünürdü, Röyasa utancaq birisi təsirini bağışlayırdı. Onda kim bilərdi ki, bu 3 qızdan ən məşhuru məhz elə Röya olacaq.

Qrupdan ayrıldıqdan sonra Röya solo müğənniliyə başlayıb. 2005-ci ildə Heydər Əliyev Sarayında "Bu gecə" adlı ilk solo konserti olub. 2006-cı ildə 3 gün yenidən həmin sarayda "Darıxmışam" adlı solo konsert verib. "Şəfa" stadionunda və Milli Parkda solo konserti olub.

Yalta şəhərində keçirilən Beynəlxalq Gənc İfaçılar müsabiqəsində "Tamaşaçı simpatiyası" nominasiyası üzrə laureat olub. V&V prodüser mərkəzinin keçirdiyi sorğuya əsasən "İlin müğənnisi" və "İlin konserti" nominasiyaları üzrə qalib gəlib.

O, hərdən ekstravaqant geyim tərzi, sensasiyalı bəyanatları, müğənni həmkarları ilə qalmaqalları, sevgi macəraları ilə gündəmi zəbt edir. Amma onu yaşadan əsla bunlar deyil. Onu yaşadan onun sənətidir.

 

Albomları 

 

1. Yalan Sözlər

2. Dəyər

3. Evlisən

4. Sənə Görə

5. Məhkumam

6. Röyayam

7. Qatar

8. Xəbərsiz

9. Cücə

10. Düşürsən tez-tez yada

11. Bu Gecə

12. Söylə

13. Səndən Başqa

14. Dünya

15. Dedilər

16. Baku

 

Filmoqrafiya 

 

Məhəllə – diskotekadakı qız

Yanmış körpülər – Cavanşirin tanışı

İstanbul tətili – Ayan

Aktrisa – mahnı ifa edən

Bacanaqlar – özü

 

Röya öncə Azərbaycan Respublikasının əməkdar artisti və daha sonra Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına layiq görülüb. "Altın Kelebek" mükafatını Azərbaycana gətirən ilk azərbaycanlı ifaçı olub. O, 2017-ci ildə "Azərbaycanın ən parlaq ulduzu" nominasiyasına layiq görülüb. Röya bu mükafatı 2020-ci ildə yenidən ikincə dəfə qazanıb.

2025-ci ilin yazında Röya öz vokal imkanlarını ortaya çıxaran parçalar ifa etməyə başladı, bu isə onun daim axtarışda olduğunu göstərir.

O sevilir. O populyardır. Ən əsası bax budur.

 

“Ədəbiyyat və incəsənət”

(14.06.2025)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.