Tənzilə sözünün mənası- güzəşt edən, narahatlıqları dəf edən və qeybdən gələn deməkdir.. Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Azərbaycan qadınlarının fədakarlığı barədə çox yazılıb, çox deyilib. Belə qadınların hər birinin həyatını araşdırdıqca parlaq nümunələrin şahidi olmaq olar. Elə qadınlarımız olub ki, tarix boyu ölkənin inkişafında mühüm rol oynayıblar, milli dəyərlərin, milli mənəviyyatın qoruyucusu olublar.“Kitabi-Dədə Qorqud” dastanındakı qadın obrazları bu gün də öz aktuallığını itirməyib. Hələ də aramızda belə qadınlarımız var.

 

Böyük şairimiz Nizami Gəncəvi öz əsərlərində ölkəni idarə edən müdrik, o cümlədən cəsur və fədakar qadınlardan çox danışıb. Hüseyn Cavidin “Qadın gülərsə şu issız mühitimiz güləcək, sürüklənən bəşəriyyət qadınla yüksələcək!”- ifadəsi qadına göstərilən ehtiramın bariz ifadəsidir. Bu dəfə sizə bir neçə aydan sonra 65 yaşı qeyd olunacaq bir qadın haqqında danışmaq istəyirəm...

 

Müsahibələrinin birində deyir ki:- “Mən həqiqətən də güclü qadınam, çünki çox mübariz, acılar yaşayan ailədən gəlmişəm. Nənəm türkiyəli olub, atamın atasının nənəmə görə çox başı ağrıyıb, həbs ediblər, sürgünə göndəriblər. Nənəm üç uşaqla təkbaşına qalıb. Mən bir az da nənəmə oxşayıram. Nənəm o bölgədə Kommunist partiyasının ilk üzvlərindən olub. Türk qızı o partiyaya üzv olub ki, ailəsini qorusun. İkinci Dünya müharibəsində əlində qamçı, atın belində kəndi idarə edib. Atam da bizi çox güclü böyüdüb, mən əsasən ondan tərbiyə almışam. Atamın bizə əsas iki nəsihəti olub. Birincisi oxumaq, həmişə deyirdi ki, qızlarımın diplomu onun cehizidir; ikincisi mübariz olmaq.
Ailəmiz həm də zəhmətkeş olub. Yadımdadır, atam bizi meşəyə- odun yığmağa aparardı və biz yoğun ağacları daşımağa atama kömək edirdik. Hamımız uşaqlıqdan əməyə öyrəşmişdik. Bizdə iş bölgüsü yox idi, hamı iş görürdü. Nənəm isə sərt qaydaları olan bir qadın idi. İmkan vermirdi ki, bir dəfə də olsun, biz şikayət edək. Yaxşı xatırlayıram, ortancıl qardaşım qonşu uşaqlarına döyülüb evə gəlmişdi deyə, nənəm onu qamçı ilə vurdu, dedi ki, ac qalacaqsan bu gecə, sənə yemək yoxdur. Onda anladım ki, güclü olmasam, məni də döyəcəklər...

 

Çox yüksək enerjisi var. Bu enerji ona həmişə xoşbəxtlik gətirir. Praktiki zəkası ilə insanlarla münasibətini asanlaşdırır, dərin xarekteri ilə isə münasibəti canlı saxlaya bilir. Cəmiyyət içində şən olması, nəzakəti, daxili cazibəsi ilə sevilən insandır. Gözəl xarekteri və geniş maraq dairəsi sayəsində ətrafına insanları toplamağı bacarır. Evdə oturanda belə, özünə məşğul olacaq fəaliyyət tapa bilir. Dostluq onun üçün çox vacibdir. Necə deyərlər, dostları onun üçün əzizdir və onlar üçün hər cür fədakarlıq göstərməyə hazırdır. Amma bu fədakarlığa sadiq qalmayan dostları da olub. Gənclik illərində dostlarından aldığı yaralara görə, həmişə özünü qorumağa məcburdur. Gözəl liderlik qabiliyyəti var, cəsur və cəsarətlidir...

 

Həmişə istəyirəm ki, mükəmməl olum. Heç vaxt razı olmaram ki, kimsə mənə "sən bu işi bacarmadın" desin. Qorxmadan bəlanın üstünə gedənəm. Həyat yoldaşım həmişə deyir ki, sən bəlaya gəl-gəl deyənsən. Çünki özümə söz vermişəm, dünya dağılsa da, şantaja, təhdidə boyun əymərəm. Heç vaxt. Çünki o səni sənlikdən çıxarar. Ona boyun əydinsə, səni qaranlığa sürükləyər. Bir nəfər var idi - Azərbaycanın bəlası. Ondan hamı qaçırdı, amma mən onunla uğraşdım. Çünki özümə arxayınam. İnsan başqalarına nələr yaşadırsa, hamısını özü yaşayır. Mən həyatımda iki dəfə haqsızlıq etmişəm, ikisi də vaxt keçəndən sonra öz başıma gəlib. O haqsızlığın üstündə nə qədər yaxşılıq etsəm də, yenə də onu yaşamışam...”- söyləyir.

 

Bəli, bu dəfə Sizə xalq şairi Sabir Rüstəmxanının ömür-gün yoldaşı, millət vəkili Tənzilə Rüstəmxanlıdan danışıram. O, 1960-cı il noyabr ayının 28-də Qərbi Azərbaycanın Amasya rayonunun Əzizbəyov kəndin anadan olub. 1969-ci ildə ailə vəziyyətiylə əlaqədər, Balakən rayonunun Qazbinə kəndinə köçüblər. 8-ci sinfi həmin kənddə başa vuraraq, təhsilini Bakı şəhərində Bakı Ticarət Texnikomuna davam etdirib. Orada mühasibat uçotu üzrə ixtisasa yiyələnib. Təyinatla Mingəçevir şəhərinin Ticarət İdarəsinə göndərilib. 1982-ci ildən bəri Azərbaycan Mərkəzi Kooperativlər İttifaqında (Azərittifaq) müxtəlif vəzifələrdə çalışıb. Hal-hazırda Azərittifaqda sədrin 1-ci müavini vəzifəsində işləyir. O, 1991-ci ildə Moskva Kooperativ İnstitutunun Bakı flialını iqtisadçı ixtisası üzrə başa vurub. 2012-ci ildə Bakı Dövlət Universitetində Filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini alıb. 1996-ci il may ayının 3-də Azəri Türk Qadınlar Birliyinin- sədri seçilib. Bir çox beynalxalq konfrans və simpoziumların təşkilatçısı və iştirakçısı olub. Rəhbəri olduğu Azəri-Türk Qadınlar Birliyi müxtəlif illərdə nüfuzlu sorğu mərkəzlərinin açıqladıqları nəticələrə görə, “ilin ən yaxşı təşkilatı” adına layiq görülüb. Ümumiyyətlə, Tənzilə xanımın xeyli mükafatı var. Onun təltif olunduğu mükafatları sadalamaqla vaxtınızı almaq istəmirəm. Amma bir şeyi qeyd etməyi vacib bilirəm ki, sinsəsini bir sıra medallarla yanaşı, “Şöhrət” ordeni də bəzəyir...

 

Deyir ki:- “Sabir bəylə evlənəndə atam mənə dedi ki, ay qız, sən hara gedirsən, bunun bütün ətrafı qadınla doludur. Dedim olsun, o qadınların öhdəsindən mən gələcəm. Sabir Rüstəmxanlı ona gələn sevgi məktublarını orada-burada gizlədirdi. Getdim arxivindən tapdım. Şairdir də, sevəcək, özü də şöhrətinin zirvəsində olan vaxtlar idi. 30-40 il bundan əvvəli danışıram sizə. Bir gün açdım, gördüm, ilahi, necə gözəl sevgi məktubları var. Lənkərandan bir qız yazmışdı, o məktubu oxuyanda ağladım. Dedim ki, ay Allah, bədii təfəkkürünə bax bunun, Sabir bəyi nə gözəl sevir, o məktublara baxanda qıza yazığım gəldi. Sevəndə də gözəl sevmək lazımdır, indiki gənclər elə sevə bilmir. İndiki sevgilərin çoxu əxlaqdan uzaqdır. O məktubları götürdüm, Qənirə Bəyzadəni çağırdım, dedim sən yaxşı jurnalistsən, həm də alimsən. Gəl, bu məktubları toplayaq, buna gözəl bədii don ver, məktubu yazanların adın verməmək şərti ilə kitab kimi çap edək. Sabir bəyin onda qarşıdan 50 illiyi gəlirdi, o kitabı həmin gün ona hədiyyə verdim. Şoka düşmüşdü, rəng alıb-rəng verirdi. Dedim ki, Sabir bəy, nə vaxta qədər gizlədəcəkdin bunu, sənin yaşanmış həyatın var, bu millət səni sevir, aralarında sənə sevgisi olan qadın da olacaqdı. Yazıq deyilmi bu məktublar?

 

Tənzilə Rüstəmxanlı hal-hazırda Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlının müşaviridir. 2024-cü il növbədənkənar parlament seçkilərində Vətəndaş Həmrəyliyi Partiyası üzvü kimi 70 saylı Neftçala seçki dairəsindən deputat seçilib. Onun şüarı "Neftçala üçün birlikdə"dir. Və parlamentin Azərbaycan - Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəridir...

“Qadınlar siyasətə girməyə ehtiyat edir, qorxurlar. O qədər böyük əngəllərlə qarşılaşırlar ki. Bizdə qadının qadınlığı yaşına baxmadan ona silah olur. Mənim millətimdə qadın çox müqəddəsdir, həyat yoldaşı qədər hökmlüdür, kişi qadının namusuna söz atmaz. İllərdir Qərb və Şərq öz dəyərlərini bura gətirmək üçün işlədiyi projelər həyata keçirirlər. Bu projelərin nəticəsində doğulan nəsil var ki, mən onları tanımaq istəmirəm. Hansı ki, onlar siyasətə girmək istəyən qadınları təhqir edirlər. Bunlar hamısı fars əxlaqdır, türklərdə belə şeylər olmayıb. İndi də qadınlar siyasətə buna görə girməkdən qorxur. O çirkabı, iftiranı götürə bilən var, bilməyən var. Bunda zərrə qədər həqiqət payı olsa deyərsən ki, düz deyir, amma elə deyil və Azərbaycandakı qədər çirkab heç yerdə yoxdur. Bu gün sosial mediada nələrə rast gəlmirsən, adam o sözləri heç təklikdə olanda deyə bilmir...- söyləyir.

Bəli, bu il Tənzilə xanım üçün yubiley ilidir. Yəqin ki, haqqında xeyli təbrik yazıları yazılıb, xoş sözlər söylənəcək. Qoy mənim bu söhbətim onun şəninə söylənəcək fikirlərə başlanğıc olsun! Tənzilə xanıma uzun ömür, can sağlığı, fəaliyyətində uğurlar arzulayıram...

...Az qala unutmuşdum, “Tənzilə” sözünün mənası- güzəşt edən, narahatlıqları dəf edən və qeybdən gələn deməkdir... 

 

“Ədəbiyyat və incəsənət”

(12.06.2025)

 

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.