BİR DİREKTOR, BİR ŞAGİRD Səadət Cahandarova və Naibə İsmayılova ilə Featured

"Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun, Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə "Bir direktor, bir şagird" adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların Ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda İlyas Əfəndiyev adına Elitar gimnaziyadır.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

 

DİREKTOR:

Səadət Akif qızı Cahandarova 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 2003-cü ildə həmin universiteti bitirmişdir.

2006-cı ildə Azərbaycan Müəllimlər İnstitutunda Tarix- Coğrafiya üzrə ixtisasını artırmışdır.

2003-2021-ci ilədək Bakı Avropa Liseyində Tarix müəllimi, 2016-2022-ci ilədək isə həmin liseydə Direktor müavini vəzifəsində çalışmışdır.

2022-ci il iyul ayının 29 -da Azərbaycan Respublikasının Təhsil Nazirinin əmri ilə İlyas Əfəndiyev adına Elitar gimnaziyaya Direktor vəzifəsinə təyin olunmuşdur. 

2011-ci il may ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının T-381 saylı qərarı ilə "Fəxri Fərman"la təltif edilmişdir.

2012-2013-cü illərdə keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. Həmçinin 2012-2013-cü illərdə "Tarix fənn kurikumlarının hazırlanması üzrə işçi qrupunun üzvü" olmuşdur.

2015-ci il oktyabrında Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının № 2768 saylı qərarı ilə "Fəxri Fərman"la təltif olunmuşdur.

2015-2017-ci illərdə "X-XI təmayül siniflərdə Tədris planı"nın hazırlanmasında iştirak etmişdir.

2017-ci il oktyabrında Azərbaycan Respublikası Təhsil Nazirinin K- 560/1. № - li əmrinə əsasən "Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.

2018-ci il iyul ayında "Respublika Pedoqoji Mühazirələri"nin nəticələrinə görə III dərəcəli diplomla təltif edilmişdir.

2022-ci ilin mayın 16- da Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının №4547 saylı qərarı ilə "Fəxri Fərman"la təltif olunmuşdur. 

2022-ci ilin iyun ayının 11-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Əvəzsiz dəstəyi və gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etdiyinə görə "Təltifnamə" ilə təltif edilmişdir.

 

ŞAGİRD

 

Mən, İsmayılova Naibə Fərid qızı İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 9-cu sinfində təhsil alıram.

AMO olimpiadasından gümüş və qızıl medallar, SASMO olimpiadasından gümüş medal, Bolqarıstan Beynəlxalq Sərhədsiz Riyaziyyat Olimpiadasında gümüş və bürünc medallar, Lütfi- Zadə adına məntiq olimpiadasında bürünc medal, Cambridge ingilis dili olimpiadasında qızıl sertifikat ilə təltif olunmuşam.

     

ESSE   

Mədəniyyət ocağı Şuşa

 

Dünyada bir çox valehedici şəhərlər var ki, gözəllikləri ilə hər görəni heyran edirlər. Belə şəhərlərdən danışan zaman Şuşanın adını çəkməmək olmaz. Şuşa istər görkəmi ilə, istərsə də mədəniyyəti, tarixi, incəsənəti ilə digər şəhərlərdən fərqlənir.

Əsası XVIII əsrdə Pənahəli xan tərəfindən qoyulan qədim şəhərin təbiəti bir sözlə ürəkaçandır. Geniş flora və faunaya, uca dağlara, gözoxşayan meşələrə malik Şuşa zəngin ekosistemi ilə həm yerli, həm də qlobal səviyyədə diqqət çəkən bir yerdir. Şuşada bitən xarıbülbül adlı nadir bitki özünəməxsus cəlbedici formaya malikdir və Şuşanın simvolu kimi qəbul olunur.

Bu şəhərin Azərbaycan mədəniyyəti üçün töhfələri də çoxdur. Məşhur Şuşa qalası, Cıdır düzü, Cümə məscidi, Xan sarayı kimi turistik yerlərə sahib Şuşa həmçinin Xurşidbanu Natəvan, Bülbül, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli kimi nüfuzlu şəxsiyyətlərin doğma məskəni olmuşdur.

Ölkəmizin incəsənətinin böyük bir parçası olan xalçaçılıq şəhərdə xeyll inkişaf etmiş, geniş yayılmışdır.

Biz bu mükəmməl şəhərə otuz ilə yaxındır ki həsrət qalmışdıq. Könüllərdə yara qoymuş bu həsrətə axır ki 2020-ci ildə son qoyuldu. Birinci Qarabağ müharibəsində erməni daşnakları tərəfindən işğal edilən Şuşa 8 noyabr 2020-ci il tarixində prezident İlham Əliyevin liderliyi və təşəbbüsü ilə axır ki azad edildi. 44 gün sürən müharibəyə qüdrətli ordumuzun bu şanlı zəfəri son nöqtə oldu. Prezidentin 3 dekabr tarixli sərəncamına görə qürurverici qələbəni əbədiləşdirmək üçün hər il noyabrın 8-i Zəfər Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Şuşanın azad olunmasından bəri şəhərdə yenidənqurma işləri gedir. Cıdır düzündə “Xarıbülbül” musiqi festivalının və Vaqifin möhtəşəm məqbərəsi önündə Vaqif Poeziya Günlərinin təşkili ənənəsinin bərpası da göstərir ki, Şuşa sürətlə dirçələrək əvvəlki dolğun mədəni həyatına qovuşmaq yolundadır.

Şəhər 2021-ci ildə “Azərbaycanın mədəniyyət paytaxtı”, 2023-cü ildə isə “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Cənab Prezidentimiz 2022-ci ilin “Şuşa ili” adlandırılması barədə sərəncamında qeyd etmişdir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq və Şuşanın Azərbaycan xalqı üçün tarixi əhəmiyyətini, yüksək mədəni-mənəvi dəyərini nəzərə alaraq qərara alıram:

1. 2022-ci il Azərbaycan Respublikasında “Şuşa İli” elan edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı tədbirlər planı hazırlayıb həyata keçirsin.”

 

Bu, dövlətimizin Şuşaya verdiyi dəyərin və şəhərin əhəmiyyətinin başlıca göstəricisidir.

Şuşa təkcə bir şəhər deyil. O, Azərbaycanın mədəni kimliyinin bir simvoludur. Şuşa saf təbiətin təzahürə çıxdığı bir məkandır və onun gözəlliyi sonsuzadək yaşamalıdır.

 

“Ədəbiyyat və incəsənət”

(05.06.2025)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.