BİR DİREKTOR, BİR ŞAGİRD layihəsində Səadət Cahandarova və Məryəm İsmayıl Featured

"Ədəbiyyat və İncəsənət" portalının media dəstəyi ilə Azərbaycan Ədəbiyyat Fondunun, Bakı Şəhəri Üzrə Təhsil İdarəsi ilə birgə "Bir direktor, bir şagird" adlı layihəsinin məqsədi nümunəvi məktəblərimizi, istedadlı şagirdlərimizi üzə çıxarmaq, onların Ədəbiyyata olan marağına diqqət yönəltməkdir.

Hazırda təqdimatda İlyas Əfəndiyev adına Elitar gimnaziyadır.

 

Layihəni təqdim edir: Ülviyyə Əbülfəzqızı

 

DİREKTOR:

Səadət Akif qızı Cahandarova 2000-ci ildə Bakı Dövlət Universitetinin Tarix fakültəsinə daxil olmuş, 2003-cü ildə həmin universiteti bitirmişdir.

2006-cı ildə Azərbaycan Müəllimlər İnstitutunda Tarix- Coğrafiya üzrə ixtisasını artırmışdır.

2003-2021-ci ilədək Bakı Avropa Liseyində Tarix müəllimi, 2016-2022-ci ilədək isə həmin liseydə Direktor müavini vəzifəsində çalışmışdır.

2022-ci il iyul ayının 29 -da Azərbaycan Respublikasının Təhsil Nazirinin əmri ilə İlyas Əfəndiyev adına Elitar gimnaziyaya Direktor vəzifəsinə təyin olunmuşdur. 

2011-ci il may ayında Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının T-381 saylı qərarı ilə "Fəxri Fərman"la təltif edilmişdir.

2012-2013-cü illərdə keçirilmiş "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi olmuşdur. Həmçinin 2012-2013-cü illərdə "Tarix fənn kurikumlarının hazırlanması üzrə işçi qrupunun üzvü" olmuşdur.

2015-ci il oktyabrında Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının № 2768 saylı qərarı ilə "Fəxri Fərman"la təltif olunmuşdur.

2015-2017-ci illərdə "X-XI təmayül siniflərdə Tədris planı"nın hazırlanmasında iştirak etmişdir.

2017-ci il oktyabrında Azərbaycan Respublikası Təhsil Nazirinin K- 560/1. № - li əmrinə əsasən "Azərbaycan Respublikası Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif edilmişdir.

2018-ci il iyul ayında "Respublika Pedoqoji Mühazirələri"nin nəticələrinə görə III dərəcəli diplomla təltif edilmişdir.

2022-ci ilin mayın 16- da Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının №4547 saylı qərarı ilə "Fəxri Fərman"la təltif olunmuşdur. 

2022-ci ilin iyun ayının 11-də Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən "Əvəzsiz dəstəyi və gənc nəslin təlim-tərbiyəsində yüksək nailiyyətlər əldə etdiyinə görə "Təltifnamə" ilə təltif edilmişdir.

 

ŞAGİRD:

Mən, Məryəm İsmayıl Böyük-Ağa qızı İlyas Əfəndiyev adına Elitar Gimnaziyanın 9-cu sinfində təhsil alıram.

MATEMATICS WITHOUTS BORDERS, KENQURU, SAF2023, ETÜD, UİF FESTİVALINDA, Fizika -Riyaziyyat, Ümumrespublika İngilis dili olimpiadasında, Respublika Fən Olimpiadası iştirak edərək dərəcələr almışam.

Yapon dilindən-JLPT N5 səviyyəsinə dair sertifikat əldə etmişəm. Həmçinin ingilis, rus, alman dillərində sərbəst danışmağı bacarıram.

 

ESSE:

“Uşaq hüquqları”

 

Bütün dövrlərdə, cəmiyyətlərin inkişaf səviyyəsindən asılı olmayaraq, uşaqların haqq və hüquqlarının açıq-aydın şəkildə yox sayılaraq tapdalanması hər zaman aktual bir mövzu olmuşdur. Uşaqların hüquqlarının mudafiəsi yalnız milli deyil, həm də beynəlxalq səviyyədə həll olunması vacib olan bir məsələdir. Tez-tez eşitdiyimiz “Sən hələ uşaqsan! Uşaqlar böyüklərin işlərinə qarışmaz!” və s. kimi cümlələr cəmiyyətin həssas təbəqəsi sayılan uşaqların fikir azadlığını pozur. Onların fiziki, psixoloji və mənəvi inkişafı üçün təhlükəsiz və stimullaşdırıcı mühitin yaradılması, doğulduğu andan uşaqları şəxsiyyət kimi yetişdirən cəmiyyətin olması mühümdür.

Uşaqlar da böyüklər kimi hüquqlara malikdir və onlara şəxsiyyət kimi yanaşılması mənəvi baxımdan vacibdir. Uşaqların sağlamlığını qorumaq, təhsilə yönləndirmək, zorakılıq və pis vərdişlərdən uzaq cəmiyyəti yaratmaq hər birimizin borcudur. Elə bu səbəbdən də, yaşından asılı olmayaraq fikirlərini azad, rahat, özgüvənli, ətraflı izah etməyi, haqqını və hüquqlarını tələb etməyi uşaqlara öyrətməliyik. İndiki dövrdə, müasir dövlətlər bu məsələni daha sistemli və hüquqi əsaslarla həll etməyə çalışır. Xüsusilə də son illərdə Azərbaycanda uşaqlara göstərilən dövlət qayğısı, sağlamlıq, sosial müdafiə və hüquq mühafizəsi sahələrində ciddi nəticələr vermişdir. Qanunvericiliyə əsasən uşaqların təhsil, sağlamlıq, yaşamaq, inkişaf, qayğı, fikirlərini azad bölüşmək, zorakılıq, laqeyidlikdən qorunmaq kimi hüquqları var. Hər bir vətəndaş cəmiyyətdə zorakılıq, məcburi əməkdən isfifadə, təhsildən yayınmaq, sağlamlıq hüququnu pozan hallarla rastlaşdıqda, səssiz qalmamalı, dərhal uşaqların hüquqlarının bərpasında iştirak etməlidir.

“Uşaq Hüquqları Konvensiyası”nda da bu barədə açıq-aydın bəhs olunur. Bu beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilmişdir. Bu konvensiya 193 ölkə tərəfindən ratifikasiya olunmuş və uşaqların hüquqlarının təminatı üçün universal bir hüquqi baza yaratmışdır. Mən fəxr edirəm ki, Azərbaycanda konvensiyanı qəbul edən ölkələrdən biridir. Hətta uşaq hüquqları Azərbaycan Respublikasının qanununda da öz əksini tapmışdır. Bu Qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Uşaq Hüquqları Bəyannaməsinə, Uşaq Hüquqlarına dair Konvensiyaya və digər beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycan Respublikasında uşaqların hüquqlarını və azadlıqlarını, uşaqlar barəsində dövlət siyasətinin əsas prinsiplərini, onların müdafiəsi sahəsində dövlət orqanlarının, digər hüquqi və fiziki şəxslərin vəzifələrini müəyyən edir. Dövlətimiz müxtəlif maarifləndirici tədbirlər, uşaqların iştirakı ilə ictimai formlar, zorakılıq hallarının qarşısını almaq üçün sığınacaqlar, qaynar xətlər, maarifləndirmə programları da həyata keçirir. Ulu Öndərimiz Heydər Əliyev deyirdi: “Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahı bundan asılı olacaqdır”. Azərbaycan dövləti tərəfindən uşaqlara verilən dəyərin isbatı olaraq 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi günü kimi qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sözlərində deyilirdi: “Uşaqlarımızın hər tərəfli şəxsiyyət, ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir”. Ümumiyyətlə, hər bir uşaq irqindən təhsilindən, cinsindən, dünyagörüşündən, sağlamlığından asılı olmayaraq, bərabər hüquqlara malikdir. 

Düşünürəm ki, sağlam cəmiyyətdə hüquqları tapdalanmayan uşaqlar, parlaq gələcəyin təminatçısıdır. Hər birimizin bu sağlam və güclü cəmiyyəti yaratmaq üçün fəal iştirakı və verdiyi dəyərdən asılı olaraq əvəzolunmaz rolu var!

 

“Ədəbiyyat və incəsənət”

(29.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.