O, həm fədakar elm xadimi, həm də istedadlı qələm adamıdır… Featured

Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”

 

Dünyanın hər bir yerində olduğu kimi, bizim cəmiyyətdə də xanım alimlərə xüsusi ehtiram və diqqət var. Fəqət, yaxın keçmişə qədər Azərbaycan xanımlarına elmlə, tədqiqatla məşğul olmaq yasaq edilmişdi. Sanki xanımların təhsil alması, savadlanması kimlərəsə mane olurdu. Yalnız XX əsrin ortalarından başlayaraq, elmin müxtəlif sahələrində alim xanımlarımız da yer tuta bildilər.

Bəli, bu dəfə sizə bir alim xanım- Mahirə Hüseynova haqqında söhbət açmaq istəyirəm. Onu həm də gözəl şeirlər müəllifi Mahirə Nağıqızı kimi tanıyırlar.

 

Gəlin əvvəlcə Mahirə xanımın ömür kitabına nəzər yetirək:

O, 1960-cı ilin noyabr ayının 4-də Naxçıvan MR-də, Babək rayonununSust kəndində anadan olub. Orta təhsilini 1978-ci ildə Abşeron rayonu Novxanı qəsəbə 1 saylı məktəb başa vurub.1980-1984-cü illər indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsində ali təhsilə yiyələnərək oranı fərqlənmə diplomu ilə bitirib. Əvvəlcə təyinatla Abşeron rayonu Mehdiabad qəsəbə 1 saylı orta məktəbdə, sonra isə Bakı şəhəri Nəriman Nərimanov rayonundakı 43 saylı MLK-da öz ixtisası üzrə müəllim işləyib. Həmin illərdə Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülüb.

2009-cu ildən ADPU-nun Müasir Azərbaycan dili kafedrasının müəllimi kimi fəaliyyətə başlayıb.2012-ci ildə “Həsən Mirzəyevin yaradıcılığında filologiya məsələləri” adlı dissertasiyasını uğurla müdafiə edərək, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə yiyələnib. 2017-ci ildə isə “XIX-XX əsr Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri (Dərələyəz mahalı üzrə)” mövzusunda elmi iş müdafiə edərək filologiya elmləri doktoru alimlik dərəcəsinə yüksəlib. ADPU-da işlədiyi müddət ərzində dosent, kafedra müdiri, fakültənin dekanı vəzifələrində çalışıb. 2021-ci ildən etibarən isə həmin universitetin Beynəlxalq əlaqələr üzrə prorektoru vəifəsində çalışır. Həm də 2024-cü ildən Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibində fəaliyyət göstərir...

Filologiya üzrə fəlsəfə doktoru Məlahət Babayeva onu belə təqdim edir: “Azərbaycan dilçilik elmini dünya miqyasında tanıdan,ölkəmizin elm xəzinəsinə sanballı töhfələr verən, beynəlxalq miqyasda böyük nüfuz qazanan, məhsuldar və yorulmaz fəaliyyəti ilə filologiya elminin, mədəniyyətin dinamik inkişafına qayğısını əsirgəməyən görkəmli dilçi-alim,filologiya elmləri doktoru, professor,tanınmış şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoruMahirə Hüseynova zamandan bir addım öndə irəliləyən alimlərimizdəndir.XXI əsr Azərbaycan elmi və təhsili tarixində özünəməxsus yer tutan böyük alim, professor Mahirə Hüseynova bütün fəaliyyətini, yaradıcılığını mədəniyyətimizin, ədəbiyyatımızın, təhsilimizin inkişafına sərf edən dəyərli ziyalılarımızdandır. Onun mühüm həyati problemlər qaldıran, vacib ictimai-siyasi və mənəvi-əxlaqi məsələləri əks etdirən tədqiqatlarında əsas tədqiq və inikas obyekti insan, onun mənəvi dünyasıdır. Xalqımızın gözəl, zəngin mənəvi dəyərlərinin təbliği görkəmli alimin yaradıcılığında mühüm yer tutur. Onun məqalələri, araşdırmaları və monoqrafiyaları həm mövzu zənginliyinə, həm də dil və üslubuna görə böyük maraq doğurur. Dərin zəka sahibi olan Mahirə xanım həm görkəmli alim, pedaqoq, həm də istedadlı şair kimi tanınmaqdadır.”

 

Sirrli cazibə qüvvəsi, güclü daxili enerjisi və sabit xarakteri ilə seçilir. Əslində, o özündə dərin duyğuları, güclü intuisiya qabiliyyətini ehtiva edir və öz dəyərlərinə sadiqdir. Həyatında nə istədiyini dəqiq bilir və bu məqsədlərə çatmaq üçün qətiyyətlə səy göstərir. Ətrafında baş verən hadisələrə qarşı soyuqqanlı və sakitdir. Bəzən qərarları emosional əsaslara söykənsə də, məntiqi düşüncəsini heç vaxt itirmir. Dostluqda sadiq və etibarlıdır. Xəyanəti, nankorluğu bağışlamır. Hissetmə qabiliyyəti çoxgüclüdür- qarşısındakı insanın niyyətini, necə deyərlər,ilk sözündən anlayır. Bəzən sərt və qapalı görünsə də, bu onun zəif olduğunu deyil, əksinə, çox güclü insan olduğunu göstərir. Ətrafındakı insanlara qarşı daim diqqətlidir və analitik yanaşma sərgiləyir...

Əməkdar müəllim, filologiya elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev isə onun haqqında yazır:Professor Mahirə Hüseynovanın elmi yardıcılığı çoxşaxəlidir. Azərbaycan dilçiliyi, ədəbiyyatşünaslıq, türkologiya, dilimizin metodika məsələləri, publisistika, bədii yaradıcılıq. Məlum olduğu kimi, Azərbaycan elmində bədii ədəbiyyatın araşdırılması əsasında yaranan dilçilik tədqiqatları əsasən iki sahədə: ədəbi dil tarixi və üslubiyyat istiqamətlərində inkişaf edib. Mahirə xanım isə Dərələyəz mahalının zəngin aşıq ədəbiyyatı və xalq şeiri materialları əsasında onomastik vahidlərin, toponimlərin tədqiq olunmasına üstünlük verməklə ədəbiyyat yönümlü dilçilik tədqiqatlarının əhatə dairəsini genişləndirib. Onun “Qərbi Azərbaycanın Dərələyəz mahalının aşıq və el şairlərinin yaradıcılığında onomastik vahidlər” adlı monoqrafiyası bu istiqamətdə meydana çıxan ilk uğurlu tədqiqatlardan biridir. Məsələyə bu cür elmi baxış, həm şifahi xalq ədəbiyyatının dərin qatlarının, ictimai-mədəni köklərinin nəzəri cəhətdən aydınlaşdırılmasına və həm də qrammatik strukturun real və təbii mənzərəsinin canlandırılmasına şərait yaradıb. Bu mənada Mahirə Hüseynovanın qədim Azərbaycan torpaqlarından olan Dərələyəz mahalının folklorunun dilçilik yönündən öyrənilməsinə həsr olunmuş tədqiqatları həm də həmin regionun tarixi, etnoqrafiyası və ədəbiyyatına dair araşdırmaların da vəzifəsini yerinə yetirir. Onun 2017-ci ildə “XIX-XX əsrlər Qərbi Azərbaycan aşıq və el şairlərinin yaradıcılığının dil və üslub xüsusiyyətləri” mövzusunda müdafiə etdiyi doktorluq dissertasiyası isə milli folklor irsinə fəlsəfə doktorluğu dövründən başlanmış vətəndaş alim münasibətinin daha da dərinləşməsinə xidmət edir. Mahirə xanım müxtəlif illərdə Azərbaycan aşıq və el şairlərinin əsərlərinin linqvistikasının ayrı-ayrı sahələrinin, həmçinin problemlərinin öyrənilməsinə həsr olunan ardıcıl və sanballı tədqiqatları ilə qrammatika üzrə mükəmməl bir dilçilik araşdırmaları silsiləsi yaradıb.Bu silsilənin davamı kimi professorun Dərələyəz mahalının dil materialları əsasında 2015-ci ildə qələmə aldığı “Aşıq və el şairlərinin fonopoetikası”, 2016-cı ildə “Aşıq və el şairlərinin leksikası”,daha sonra “Aşıq və el şairlərinin üslubi frazeologiyası”, Aşıq və el şairlərinin üslubi morfologiyası”, “Aşıq və el şairlərinin üslubi sintaksisi” adlı eyni ildə işıq üzü görmüş kitabları da problemin daha dərindən araşdırılmasına xidmət göstərir...”

Mahirə xanımın bədii yaradıcılığında isə mənəvi saflıq və vətənpərvərlik ana xətt rolunu oynayır. Onun şeirləriqürurun, mərdliyin, saflığın aydın poetik ifadəsidir. Mahirə xanım “Mənim anam”, “Su at dalımca, ana”, “Ana sevgisindən doğan nəğmələr”, “Yaşadacaq anam məni”, ”Ömrümün çırağı sənsən”, “Analı dünyam”adlı kitablarını təşkil edən poeziya nümunələrində ilahi sözün təbii poetik ifadəsi öz əksini tapıb.Ümumiyyətlə,professor, şair Mahirə Nağıqızı ədəbiyyatımızın inkişafında böyük xidmətlər göstərməkdədir və həm fədakar elm xadimi, həm də şair kimi yorulmadan yazıb-yaradır...

 

...Bəli, haqqında söhbət açdığım Mahirə xanımın bu il 65 yaşı tamam olur, yubiley ilidir. Yəqin ki, ilboyu həmkarları, dost və tanışları, o cümlədən qələm adamları onun barəsində xoş söz deməyə tələsəcəklər. Qoy “Ədəbiyyat və incəsənət”dəki bu söhbətimiz bu sırada ilk olsun!

 

“Ədəbiyyat və incəsənət”

(25.05.2025)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.