Şərəf Cəlilli, Filologiya üzrə fəlsəfə doktoru. “Ədəbiyyat və incəsənət” üçün
Bütün həyatını mənsub olduğu millətin cəhalətdən qurtuluşuna, milli mənlik və milli kimlik uğrunda mücadiləsinə həsr edən, “Dövlət qalan, qalan hər şey yalan!” nidası ilə qələm çalan, müəllim, alim, yazıçı-publisist, ictimai-siyasi xadim kimi tarix yaradan Nəriman Nərimanov “Xalqı yaşat ki, dövlət yaşasın!”, - deyib milli məfkurədən milli dövlətçiliyə yol gəldi. O, bir Qarapapaq türkü, Qacarlar sülaləsinin nümayəndəsi idi. Dövlət qurmaq, dövlətə sahib çıxmaq, millətə, məmləkətə təmənnasız xidmətdə bulunmaq onun ərzi-halında idi.
Qori Müəllimlər Seminariyasını bitirdikdən sonra Borçalıda Qızılhacılı qəza məktəbini quran Nərimanov Bakıya da məktəb qurmaq üçün gəlmişdi. İlk əlindən tutan isə iki tarixi şəxsiyyət Sultan Məcid Qənizadə və Həbib bəy Mahmudbəyov olmuşdu. Sonra Mahmudbəyovun istəyi ilə millət fədaisi, mesenat Hacı Zeynalabdin Tağıyevlə tanış olmuşdu. Bu tanışlıq əbədi dostluğa, Ustad-şəyird, Mürşid-mürid müqəddəsliyinə çevrilmişdi. Tağıyev Nərimanovu himayəsinə almış, onun ideyalarını dəstəkləmiş, Odessaya Novorossiyski İmperator Universitetində təhsil alması üçün şərait yaratmışdı. Ən əsası inqilabçı ruhuna, Güney Azərbaycanda qurduğu “Mücahid” təşkilatındakı siyasi fəaliyyətinə görə Qafqaz Canişini İllarion İvanoviç Vorontsov-Daşkovun qərarı ilə Metex qalasına salındıqda Tağıyev 6 aylıq həbs müddətindən sonra onun həbsxana həyatının sürgünlə əvəz olunmasına nail olmuş, hətta bunun üçün canişin Vorontsov-Daşkova dörd vaqonlu qatar “hədiyyə” etmişdi. Şamaxı əsilzadələrinə məxsus Gülsüm xanımla ailə quranda toyun məsrəflərini öz üzərinə almış, onlara xeyir-duasını vermişdi.
Öləndə məni Hacı Əbuturabın ayaqları altında dəfn edin. Onun ayaqları bildiyini mənim başım bilmir
Nəriman Nərimanov təbabətdən siyasətə yol gəldi. Müəllimdən müqəddəs sənət, həkimdən uca peşə, millətə, məmləkətə təmənnasız xidmətdən ali vəzifə tanımadı. Bütün dahilər, istedadlı isanlar kimi, sözü imzası, imzası sözü oldu. Əlindən tutanları unutmadı, işverənləri, üzəduranları da bağışlamadı. Kimsəyə hörmətsizlik etmədi, kimsənin də ona hörmətsizlik etməsinə icazə vermədi.
Siyasi fəaliyyəti təlatümlərlə müşayiət olunan Nərimanovun adı quruluşu, rejimi dəyişənlərin sırasına yazıldı. Sosializmin memarlarından biri kimi yeni dünya düzəninə töhfədə bulundu. Kapitalizmin iflası, Cümhuriyyətin devrilməsi, sosializmin təntənəsi ilə müşayiət olunan siyasi hakimiyyəti dövründə simasını itirmədi. Şura hökumətinin, Mərkəzin, Moskvanın təhdidlərinə baxmayaraq komissar Nərimanov əlini millətinin qanına batmaqdan qorudu. Mənəvi terrorun ilk ilində Firudin bəy Köçərlini bolşevik Rusiyasının, Əliheydər Qarayevin, Qəzənfər Musabəyovun fitnəsindən qoruya bilməsə də, Səməd bəy Mehmandarov, Əhməd bəy Peninov, Salman Mümtaz, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Hüseyn Cavid, Əhməd Cavad, Üzeyir bəy və adlarını sadalamadığımız yüzlərlə 30-cu illərin qurbanı kimi Nargin adasında güllələnən, Sibir çöllərinə sürgün edilən ziyalının xilaskarına çevrildi. Onların sırasında Tiflisdən Bakıya qədəm qoyarkən əlindən tutan, pedaqoq, ictimai-siyasi xadim Həbib bəy Mahmudbəyovun oğlu Musavat Partiyasının qurucularından biri, Cümhuriyyət zamanı Cəbrayıl qəzasının polis rəisi, Qarabağın hərbi valisi qubernator Xosrov bəy Sultanovun müşaviri Şamil bəy Həbib bəy oğlu Mahmudbəyov da var idi. Nəriman Nərimanov heç bir təhdidə, təzyiqə baxmayaraq Şamil bəyin siyasi keçmişini nəzərə almadan öncə onu Şuşa qəzası İcraiyyə Komitəsinə sədri, sonra Naxçıvanın Daxili İşlər komissarı, daha sonra Naxçıvan İcraiyyə Komitəsinin sədri təyin edir. Bu Nəriman Nərimanov idi. Onun bir türk, azərbaycanlı qeyrəti, ləyaqəti var idi. 22 yaşında Bakıya qədəm qoyarkən ona arxa-dayaq olan, əlindən tutan Həbib bəy Mahmudbəyovun kürəyini yerə vurmaz, kəsdiyi çörəyi basmazdı.
Nəriman Nərimanovun, daha doğrusu komissar Nərimanovun siyasi fəaliyyətinin Bakı dövrü həm də onun kişiliyinin, mərdliyinin, qeyrətinin sınağa çəkildiyi illər idi. Məhz onun sayəsində Şeyxzamanovların, Rəfibəyovların, Murtuza Muxtarovun, Şəmsi Əsədullayevin, Kərbəlayi İsmayılın ailə üzvləri mühacirətdə yerbəyer olmuş, Naxçıvan Milli Şurasının sədri Mirzə Nəsrulla bəy Mmirovun 20-ci illər istintaqı ləğv edilmiş, Əlimərdan bəy Topçubaşovun ona şəxsi müraciətindən sonra ailə üzvləri Parisə təhlükəsiz şəkildə köçə bilmişdi. Nəriman Nərimanov qüdrətli dövlət xadimi, nüfuzlu ictimai-siyasi xadim, əvəzolunmaz, alicənab, eyni zamanda əhdə vəfalı insan idi.
Şura hökuməti gələndə bütün imkanlı insanlar kimi onun da mülklərinə əl qoydu, əmlakını müsadirə etdi. Onu Bolşevik Rusiyasının təhdidlərindən komissar Nərimanovun iradəsi xilas etdi. Bütün həyatını milli-mənəvi dəyərlərin, teatr və mədəniyyətin inkişafına həsr edən, insanların cəhalətdən qurtuluşuna töhfələr verən, milli maarifçiliyin, beşiyinin başında duran Tağıyevin əlində qalan tək və yeganə mülkü, malikanəsi Mərdəkandakı bağ evi oldu. Bu da Nərimanovun diqtəsi, iradəsi sayəsində mümkün olmuşdu.
Deyirlər, Hacı Zeynalabdin Tağıyev Hacı Əbuturabla faytonunda yol gedirmiş, Bakını gözəlləşdirən möhtəşəm tikililərə baxıb sual edir: “Ay Hacı, bu qədər sərvətim ki var, əlimdən çıxa bilər?”, – Hacı Əbuturab köksünü ötürüb cavab verir: “Allah istəsə bir anın içərisində!” Hacının dediyi o müdhiş an gəlir. Şura hökuməti onun bütün sərvətini müsadirə edir. Tək və yeganə mülkünü Nəriman Nərimanov zalımın zülmündən xilas edir. Onu da deyirlər ki, Tağıyevin ömrünün son günləriymiş, yelləncəkli kreslosunda oturub dünyanın yükünü bu başdan o başa daşıyır, yaddaşının ilmələrini çözürmüş. Yadına Hacı Əbuturabın dedikləri düşür: “Öləndə məni Hacı Əbuturabın ayaqları altında dəfn edin, onun ayaqları bildiyini mənim başım bilmir”, - deyir.
Mərdəkan məzarlığında bir cüt ibrətlik məzar var: Hacı Əbuturabın, bir də Hacı Zeynalabdin Tağıyevin. Bu ibrətlik məzarlar sübut edir ki, dünya malına düşkün olub tikib-qurduqlarınıza güvənməyin. Tikdiyiniz saraylar sizin olmasa da, sarayında taxt qurduğunuz könüllər əbədi, diri, dipdiridi.
Hacı Zeynalabdin Tağıyev Nərimanovun əlindən tutanda, onun əl-ətəyə, qayğıya ehtiyacı var idi. Quruluş, zaman Tağıyevin üzərinə yeriyəndə isə onu Nərimanova.
Tağıyev Nərimanova yardımda bulunanda kimə, niyə, nə üçün etdiyini düşünmürdü. Nərimanova qədər də, ondan sonra da əldən tutmuşdu. Nərimanov Tağıyevi nədən müdafiə etdiyini yaxşı bilirdi. O həm Millətin Atasının, həm də Ruhunun Atasının olduğu yerdə idi. Dünyanı gözəl edən də, belə özəl və gözəl duyğular, sevgilərdi.
Nərimanov ilk məhəbbətin acı xatirəsini qəlbində yaşatdı
Nəriman Nərimanov böyük siyasətə Tələbə hərəkatından, Odessada Novorosiyski İmperator Universitetində təhsil aldığı illərdən gəldi. Dövrünün məşhur simaları, inqilabçıları ilə burada tanış oldu. Adını eşidib səcdəsinə durduğu “Dildə, fikirdə, işdə birlik!” nidası ilə “Tərcüman”ı millətinin milli kimlik, milli birlik uğrunda mücadiləsinin aynasına çevirən, “Üsuli-cədid” yolu ilə Şərqdə, Türk dünyasında, Çar Rusiyasında belə yeni tipli məktəbin əsasını qoyan İsmayıl bəy Qaspıralı ilə görüşə, Bağçasaraya da buradan yollandı. Bu təkcə Ruhunun Atası, Ustadı ilə görüş olmadı. İlk məhəbbətin acı xatirəsi kimi ürəyində qaldı. Adını qəlbinə yazdığı Şəfiqə xanıma ilk baxışda burada vuruldu. O zaman İsmayıl bəy Qaspıralın əksər şəyirdləri onun biri-birindən ağıllı qızlarına aşiq olurdular. Qaspıralı bir qızının taleyini Yusif bəy Aqçuralaya etibar etmişdi. Şəfiqənin könlü uğrundakı savaş iki azərbaycanlı liderin dueli – ölüm-qalım savaşı ilə bitdi. Nərimanov Baxçasarayda Nəsib bəy Yusifbəylini duelə çağırdı. Tapançadan açılan atəşin hədəfə dəyməməsi Nərimanovu ölümdən xilas etdi. Nərimanov Nəsib bəyin yerə atdığı tapançanı qaldırıb, “Azərbaycanlı azərbaycanlıya tapança sıxmaz. Əlini qardaş qanına bulamaz!”, - deyib. Duelin qaydalarına görə hədəfə düz tuşlamayan Nəsib bəydən sonra gərək ki, Nərimanov atəş açaydı. O, əlini qana, özünün dili ilə desək, qardaş qanına batırmadı. Nəsib bəylə Şəfiqə xanım ailə qurdu. Deyirlər, Şəfiqə xanımın da gözü-könlü Nəsib bəydə imiş. O, Nərimanovla müqayisədə həm yaraşıqlı, həm də imkanlı idi. Firudin bəy Köçərlinin ömür-gün yoldaşı Badisəba xanım danışarmış ki, Cümhuriyyət zamanı Hökumətə rəhbərlik edən Nəsib bəy Yusifbəylinin əlindən, daha doğrusu, əməlindən xəta çıxıbmış. O, Şəfiqə xanımın rəfiqəsi ilə ona “xəyanət” edib. Şəfiqə xanım Qaspıralının qızı idi. Eşqinin tərcümanını belə görmək istəmirdi. Bütün kübarlara, əsilzadələrə xas ucalıqla övladlarını götürüb sakitcə, səssizcə İstanbula, atasının yanına köçüb. Bu Nəsib bəy Yusifbəyliyə verilən ən acı dərslərdən biri idi. Şəfiqə xanım, ona yox, onun taleyini Yusifbəyliyə etibar edən Qaspıralıya hörmətsizliyi qəbul etmədi. Üstündən qısa zaman keçəndən sonra Cümhuriyyətin də, Nəsib bəy Yusifbəylinin də üzərini qara buludlar aldı. Qızıl Ordunun qırmızı terroru hər şeyə son qoydu. Şəfiqə xanım İstanbula köçəndən sonra hər ay ünvanına Bakıdan para gəldi. Bu naməlum göndərişi atasının tələbələrinin adı ilə bağlasa da, kimin göndərdiyini bilmədi. Nəriman Nərimanovun müdhiş, müəmmalı ölümü hər şeyi gün kimi üzə çıxardı. Nəriman Nərimanov ilk məhəbbətini, nakam sevgisini qəlbində qövr edən acı xatirə kimi qoruyub. O, bir Qarapapaq türkü idi. Ana tərəfdən Bolus bəylərinə, ata tərəfdən Qacarlar sülaləsinə bağlı idi. Könül alıb, könül vermək, sevdiyini sarayda sultan etmək, etibarın, sədaqətin eşqinə alın yazısı ilə barışmaq alın yazısı idi.
Ağa Məhəmməd şah Qacar Şuşa qalasında qətlə yetirildikdən sonra Fətəli şah vərəsə olaraq hakimiyyət başına keçmişdi. Qarabağ xanı İbrahim Xəlil xan xətircəmlik üçün külli miqdarda sərvətlə yanaşı, oğlunu və qızını Qacarlar sarayına göndərir. Təzminatla birlikdə saraya göndərilən Ağabəyim Ağa gözəllikdə xan olmaqla yanaşı, həm də kamalda sultan idi. İlk baxışdan Fətəli şahın könlündə taxt qursa da, Qarabağda, Şuşa qalasında qoyub gəldiyi ilk məhəbbətin sarayında kimsəyə yer vermədi. Şaha, sərdara baş əyməyib, həsrətin oduna yandı.
Fətəli şah Ağabəyim Ağanı sarayında da, könlündə də sultan etdi. Sevgisindən dönməyən Ağabəyim Ağaya toxunmadı. Adına bağ saldı, saray tikdi. Sarayının baş köşəsində yer verdi. Nə əl uzadıb sevdiyinə toxundu, nə də kitab kimi oxundu. Bir Qacar törəsi olaraq Nərimanova da yazan belə yazmışdı. Sevmək, yanmaq, yara qovuşmamaq alın yazısı idi. Deyirlər, Şəfiqə xanım Nərimanovun ölüm xəbərini kədərlə qarşılayıb. Nərimanovdan sonra Şəfiqənin də, balalarının da vətəndən gələn payı kəsilib. Hər ay naməlum imza ilə İstanbula göndərilən paranın Nərimanovun istəyi ilə Gülsüm xanım tərəfindən göndərildiyini biləndə Şəfiqə xanım mütəəssir olub. Komissar Nərimanova taleyini etibar edən Gülsüm xanımın əzəmətinə, böyük ürəyinə heyrətini gizlədə bilməyib. “O, Qaspıralının qızından daha müdrik doğulub, atasının qürurunu, özünün taleyini kimə etibar etdiyini bilib...”
“Ədəbiyyat və incəsənət”
(20.05.2025)