Elman Eldaroğlu, “Ədəbiyyat və incəsənət”
Doğru deyiblər, bu dünya bir tamaşadır. İnsanlar isə bu tamaşada rol alan aktyorlar. Hər kəs öz obrazını yaradır. Kimisi bəxtəvərdir, kimisi də bədbəxt. Amma, aralarında elələri də var ki, nə bəxtəvərdir, nə də bədbəxt. Səssiz gəlir, səssiz yaşayır, səssiz də ölür. Bəlkə Allah bunu ona görə düşünüb ki, heç kim müqəddəsləşə bilməsin...
Onun da dünya malından hər şeyi var idi- nüfuz, şöhrət və istedad. Amma dərdləri də az deyildi. Ofeliya Aslanı deyirəm. Məşhur aktyor Səyavuş Aslanla ailə qurandan sonra, əvvəlcə Aslanova, sonra isə Aslan soyadları ilə təqdim olunurdu...
Qəribə tale yaşayıb. Azərbaycan Dövlət İncəsənət İnstitutunun musiqili komediya aktyorluğu fakültəsində qiyabi təhsil alıb. Aktyorluğa isə 1956-cı ildə Quba Dövlət Dram Teatrında başlayıb. 1958-1961-ci illrdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında işləyib. 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrı xorunda oxuyub. 1965-1968-ci illərdə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında aktyor kimi fəaliyyət göstərib. 1968-ci ildən ömrünün sonuna qədər isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında aktrisa olub...
…Onda bəxtəvər çağları idi, kukla teatrının xorunda çalışırdı. Günlərin birində onun səsinə heyran olan Səyavuş Aslan kukla teatrına gəlib Ofeliyanın da oxuduğu tamaşanı izləyir. Tamaşadan sonra kulisə çıxan Siyavuş Ofeliya ilə yaxından tanış olur. Bu tanışlıq yavaş-yavaş münasibətləri istiləşdirir. Və bir il sonra Səyavuş Ofeliyaya sevgisini elan edir. Evlənirlər. Ofeliya xanım Rza Əfqanlının - o dövrün məşhur sənətkarının qızıydı. Səyavuş Aslan isə çox kasıb bir ailənin övladı. Hətta toylarında geyinməyə kostyumu da olmayıb. Kostyumu ona rejissor Şəmsi Bədəlbəyli teatrın qarderobundan verib…
Musiqili Komediya Teatrında əvvəl xor artisti, ardınca aktrisa kimi çalışan Ofeliya ana olduqdan sonra uzun müddət işləməyib və 1997-ci ildən yenidən teatra qayıdıb...
Ofeliya Aslan böyük rejissorların, eləcə də geniş tamaşaçı kütləsinin dəyər verdiyi aktrisalardan idi. Amma bir qadın kimi çox kaprizli olub. Onunla birlikdə yaşamaq, dostluq, yoldaşlıq etmək olduqca çətin idi. Bəlkə də, bu səbəbdən də, Siyavuş Aslanla evliliyi sonadək baş tutmayıb...
Teatrşünas İlham Rəhimli Ofeliya Aslanı belə xarakterizə edir: “Onun Musiqili Komediya Teatrında işlədiyi illər Şəmsi Bədəlbəylinin teatrdan getdiyi vaxta təsadüf elədi. Teatrda tənəzzül başlamışdı. Ofeliya qabiliyyətli olduğunu göstərə bildi, amma istedadını tam təqdim etmək imkanı əlinə düşmədi. Qabiliyyət istedada keçir, istedad peşəkarlığa. Bu pillə Həsənağa Turabovda, Səməndər Rzayevdə, Məlik Dadaşovda sürətlə üzə çıxdı, amma Ofelya Aslanda yarımçıq qaldı. Maraqlı obrazlar oynadı, heç bir fəxri adı olmadı, izi qalmadı...”
On beş il əvvəl bu gün- 18 may 2010-cu ildə iki illik xəstəlikdən sonra 71 yaşında ikən ürək tutmasından dünyasını dəyişdi…
Bəli, bu dünya bir tamaşadır. İnsanlar isə bu tamaşada rol alan aktyorlar. Hər kəs öz obrazını yaradır. Qəribədir, deyilmi?
Söhbətimi böyük Bəxtiyar Vahabzadənin məşhur şeirindən aşağıdakı misralarla bitirirmək istəyirəm:
Həyat sən nə şirinsən, kim səndən doydu getdi?
Gedənlər öz qəlbini dünyada qoydu getdi.
Səndən doymaq olarmı, çoxun, azın da şirin.
Həyat qışın da şirin, həyat yazın da şirin!..
“Ədəbiyyat və incəsənət”
(18.05.2025)