​Sözün, sazın və irfanın işığında: Kırşehirdə 12-ci Beynəlxalq Aşıq Paşa Şeir Buluşması Featured

Dr. Həyat Şəmi,

Türkiyədən

“Ədəbiyyat və incəsənət” üçün

image1795363245265.png

 

20–22 noyabr 2026-cı il tarixlərində Türkiyənin Kırşehir şəhərində KIYŞAD Başkanı Veysəl Turqut hocanın rəhbərliyiylə keçirilən 12-ci Beynəlxalq Aşıq Paşa Şeir Buluşması böyük uğurla başa çatdı. Türk fikir və təsəvvüf ənənəsinin təməl daşlarından olan ölməz "Qəribnamə"nin müəllifi, böyük mütəfəkkir və ozan Aşıq Paşanın əziz xatirəsini yaşatmaq, Türk dünyasının ürək səsini şeirin qanadlarında bir araya gətirmək məqsədilə on ikinci dəfə düzənlənən bu mötəbər məclis unudulmaz xatirələrlə yadda qaldı.

image1795363245243.png

​Axiliyin mayası ilə yoğrulmuş, xoşgörünün və qardaşlığın sönməz ocağı olan bu qədim torpaqlarda kırşehirlilər və Türk dünyasının dəyərli qələm sahibləri ilə eyni havanı udmaqdan böyük zövq aldıq. Bozqırın ortasında bir vahə kimi parlayan Kırşehir — Yunus Əmrənin sevdasını, Ahi Evranın əxlaqını, Hacı Bektaş Vəlinin hikmətini hər küçəsində pıçıldayan, könül telimizi titrədən ustad Neşet Ertaşın bozlaqları ilə ruhu yuyulan müstəsna bir mədəniyyət paytaxtıdır. İki gün boyunca daşına-torpağına ozanların nəfəsi hopmuş bu səmimi diyarda, Cacabəyin elm və irfan yuvasının kölgəsində misraların sehrinə qərq olduq.

​

Birinci gün: Neşet Ertaş Mədəniyyət Mərkəzində Söz Məclisi

Noyabrın 20-də böyük ustad Neşet Ertaşın adını daşıyan Mədəniyyət Mərkəzində şair Erol Kılıçın peşəkar təqdimatı və dərin ədəbi şərhləri ilə ilk ədəbi-bədii tədbir baş tutdu. Səmimi və doğma image1795363245245.pngab-havada keçən gecədə şairlərin oxuduğu şeirlər və ozanların saz havaları salonu əsl sənət məclisinə çevirdi. Tədbirdə milli-mənəvi dəyərlərin qorunması, aşıq sənəti və müasir poeziya ənənələrinin yaşadılması ətrafında dəyərli fikirlər səsləndirildi.

​

İkinci gün: Kırşehirin Tarixi İzinə Səyahət

Noyabrın 21-də gündüz saatlarında qonaqlar üçün təşkil olunan şəhər gəzintisində bələdçimiz Eyyub Timurun ətraflı və maraqlı məlumatları ilə Kırşehirin mənəvi xəzinələrini yaxından tanıdıq:

-Aşıq Paşa Türbəsi və Hamidiye Məscidi:

Yolçuluğumuz Aşıq Paşa türbəsini ziyarətlə başladı. Daha sonra interyeri "Bəqərə" surəsinin bir ayəsindən ilhamlanaraq hazırlanan Hamidiye Mehmet Mermer məscidində olduq. Yaşıl ot örtüyünü xatırladan xalçası, səma və bulud təsvirli günbəzi, divarlarındakı ağac və şəlalə image1795363245256.pngrəsmləri ilə seçilən (yerli əhali arasında "Şəlaləli məscid" kimi tanınan) bu ibadətgahın rəssamının azərbaycanlı olması mənə xüsusi qürur verdi.

-Neşet Ertaşın İzində:

Ardınca Neşet Ertaş Könül Sultanları Kültür Evini ziyarət etdik. Burada klassiklərimiz İmadəddin Nəsimi, Məhəmməd Füzuli və Aşıq Ələsgərin adlarına, ölməz misralarına rast gəlmək qəlbimi fərəhləndirdi. Daha sonra ustad sənətkarın məzarını ziyarət edib, Neşet Ertaş Türkü Bağçasını gəzdik.

-Ahi Evran və Uğur Mumcu Muzeyi:

Səfərimiz Ahi Evran-ı Vəli məscidini ziyarət və Uğur Mumcu Mətbuat Muzeyi ilə tanışlıqla davam etdi.

-Cacabəy Rəsədxanası (Mədrəsəsi):

 Gəzintinin məni ən çox sehrinə salan dayanacağı isə XIII əsrdə (1271–1272-ci illərdə) Anadolu Səlcuqlu sultanı III image1795363245260.pngQiyasəddin Keyxosrovun dövründə Kırşehir əmiri Nurəddin Cibril bin Cacabəy tərəfindən inşa etdirilən və dünyanın ilk astronomiya mədrəsələrindən biri sayılan Cacabəy Rəsədxanası oldu. Vaxtilə həm yüksək təhsil ocağı, həm də səma cisimlərinin müşahidə mərkəzi kimi fəaliyyət göstərən, günümüzə qədər vəqfiyyəsi gəlib çatmış bu nadir memarlıq abidəsi hazırda məscid kimi xalqın xidmətindədir.

​

Möhtəşəm Final Gecəsi

Noyabrın 21-i axşam saatlarında Kırşehir Yazarlar və Şairlər Dərnəyinin sədri Veysəl Turqutun təşkilatçılığı və şair Canan Göksalın aparıcılığı ilə tədbirin əsas bədii gecəsi keçirildi. Mərasimdə Kırşehir valisi Murat Səfa Dəmiryürek, Bələdiyyə Başkanı Səlahəddin Ekicioğlu, Mədəniyyət və Turizm müdiri Mustafa Doğan, İl Milli Təhsil müdiri Yusif Yasin Gülşen image1795363245262.pngvə çoxsaylı sənətsevərlər iştirak etdilər.

​Türk dünyasının müxtəlif guşələrindən gələn söz ustadlarının — İraqdan (Telafer) Sadık Yahyaoğlu, Özbəkistandan Mirzə Kərim, Ahıskadan Vahid Vəfai, İstanbuldan İmdat Avşar, Qarsdan Aşıq Səlahəddin Dündar, Ankaradan Songül Dündar, Aydından Şükrü Öksüz, Dənizlidən Yaşar Aydınlık və Kırşehirdən Erol Kılıç, Sait Sargın, Ozan Nihat Soykan, Fendiye Dinç, Feride Taşkoparan, Ruhiyyə Baldədə, Dərviş Ekim, Ozan İsa Erdoğan, Hikmət Şəntürk, Sultan Orman, Mahmut Seyfeli, Recai Yağmurun çıxışları gecəyə xüsusi rəng qatdı. Bu mötəbər poeziya bayramında bir şair-yazar kimi Azərbaycanı təmsil etməkdən sonsuz qürur duydum.

​İki günün hər bir mənalı anı ömrümün və yaddaşımın ən işıqlı səhifələrinə yazıldı.

 

“Ədəbiyyat və incəsənət”

(23.11.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.