Bir millət, iki dövlətin sarsılmaz qalası Featured

PROFESSOR AYGÜN ATTARIN PRİNSİPİAL MÜBARİZƏSİ 

 

Təranə Turan Rəhimli,

“Ədəbiyyat və incəsənət” üçün

 

Azərbaycan-Türkiyə qardaşlığının polad təməlləri üzərində qurulduğunu həzm edə bilməyən, iki qardaş dövlət arasında nifaq toxumu səpməyə çalışan bəzi bədxah və anti-Türk dairələrin son dövrdəki çirkin cəhdləri növbəti dəfə boşa çıxdı. İki ölkə arasındakı sarsılmaz telləri qorumaq uğrunda mübarizənin ön cəbhəsində dayanan tanınmış alim, Professor Doktor Aygün Attar son dövrlərdəki kəsərli duruşu və təsirli mücadiləsi ilə bir daha həqiqi vətənpərvərlik nümunəsi göstərdi.

 

Qardaşlıq münasibətlərini hədəf alan manipulyasiyalara, dezinformasiyalara və gizli hiylələrə qarşı hər zaman tutarlı faktlarla, cəsarətli çıxışları ilə cavab verən Aygün xanım, bu prosesdə təkcə bir ziyalı və dövlət məmuru kimi deyil, həm də iki xalqın vahid ruhunun müdafiəçisi kimi çıxış etdi. Xüsusilə son dövrlərdə qələmə aldığı "Bu kardeşliğin hafızası var"  başlıqlı silsilə məqalələri və Haber Global kanalında yayımlanan "Türkiye-Azerbaycan Kardeşliğini Hedef Alan Provokatörlere Haddini Bildirdi!" başlıqlı çıxışı kimi son dərəcə kəsərli çıxışları, eləcə də liderlərə xitabən yazdığı "Türk Dünyası İçin Birlik Çağrısı" yazısı iki qardaş ölkə arasına nifaq salmaq istəyən dairələrə endirilən ən ağır zərbələr oldu. Onun Türkiyə və Azərbaycanın strateji mənfəətlərini, sarsılmaz birliyini hədəf alan qüvvələrə qarşı apardığı prinsipial mübarizə ictimaiyyət tərəfindən böyük rəğbətlə qarşılandı və təqdir gördü.

Belə müqəddəs amala yönələn mübarizənin sevinci,  sarsılmaz birliyimizin ən təsirli, ən qürurverici mənzərəsi isə 8 Noyabr – Zəfər Günü münasibətilə reallaşan tarixi səfər zamanı yaşandı. Türkiyə Respublikasının Prezidenti Sayın Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfər heyətində yer alan Aygün Attar üçün bu səfər sadəcə protokol tədbiri deyil, illərdir çəkilən zəhmətin və aparılan mübarizənin təntənəsi idi.

Zəfər Gününün coşqusunu Bakıda, qardaş ölkə lideri Sayın Rəcəb Tayyib Ərdoğanın Hörmətli İlham Əliyevin yanında dayanaraq birlikdə qeyd etməsi  Türkiyə-Azərbaycan dostluğuna kölgə salmaq istəyən bütün bədxahlara verilmiş ən tutarlı və ən kəsərli cavab oldu. Səfər müddətində Aygün xanımın simasındakı o sonsuz qürur və sevinc ifadəsi əslində səmimi bir qəlbin, illərini Türk birliyi idealına həsr etmiş, bu birliyə əmək etmiş bir ziyalının və dövlət məmurunun ikiqat bir qələbə sevinci idi.

Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalandığı bu tarixi gündə verilən mesaj aydın idi: Bizi heç bir qüvvə ayıra bilməz, birliyimiz əbədidir!

Aygün Attarın bu misilsiz fədakarlığı və Türk dünyasının birliyi naminə yorulmaz mübarizəsi hər cür təqdirə layiqdir. Belə vətənpərvər ziyalılarımız var olduqca Türk birliyimiz də daim yaşayacaq və güclənməyə davam edəcəkdir.

 

“Ədəbiyyat və incəsənət”

(12.11.2026)

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.