İntiqam Yaşar Özbəkistanda Türk dünyasının ədəbi əlaqələri mövzusunda məruzə edib

Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı, Özbəkistan Yazıçılar Birliyinin fəxri üzvü İntiqam Yaşar Özbəkistanın Çırçıq Dövlət Pedaqoji Universitetində keçirilən beynəlxalq konfransda iştirak edib.

Bu barədə “Ədəbiyyat və incəsənət” portalına İntiqam Yaşar məlumat verib.

 

“Türk dillərində elmi müqayisəli tədqiqatlar və metodologiya” mövzusuna həsr olunmuş beynəlxalq konfransda türk dillərinin elmi tədqiqi, müqayisəli araşdırmalar və türk xalqları arasında elmi-mədəni əlaqələrin inkişafı məsələləri diqqət mərkəzində olub.

Konfrans çərçivəsində İntiqam Yaşar “Türk dünyası yeni nəsil yazarları və tədqiqatçıları arasında ədəbi əlaqələr və qarşıda duran vəzifələr” mövzusunda məruzə ilə çıxış edib.

Məruzədə Türk dünyasının yeni nəsil yazarları və tədqiqatçıları arasında ədəbi əlaqələrin genişləndirilməsi, ortaq ədəbi-mədəni dəyərlərin qorunması və təbliği, qarşılıqlı tərcümə fəaliyyətinin gücləndirilməsi, gənc yazarların əsərlərinin müxtəlif türk dillərində nəşri və birgə ədəbi layihələrin həyata keçirilməsi kimi məsələlər ön plana çıxarılıb.

Özbəkistan, Qazaxıstan, Türkiyə, Qırğızıstan Respublikalarından olan elmi-mədəniyyət nümayəndələrinin iştirakı ilə baş tutan konfransda Türk xalqlarının ədəbiyyat nümayəndələri arasında davamlı əməkdaşlığın qurulması, gənc yazar və tədqiqatçıların beynəlxalq platformalarda təmsil olunması, ortaq ədəbi təşəbbüslərin dəstəklənməsi Türk dünyasının mədəni inteqrasiyasına töhfə verən mühüm istiqamətlər kimi qeyd olunub.

 

“Ədəbiyyat və incəsənət”

(22.10.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.