Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti TÜRKPA-nın 15-ci plenar iclasında çıxış edib Featured

20 oktyabr 2026-cı il tarixində, Qırğız Respublikasının Bişkek şəhərində Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) “Süni intellekt və texnoloji tərəqqi dövründə Türk dünyasında parlament əməkdaşlığı” mövzusunda 15-ci plenar iclası keçirilib.

 

Tədbirdə parlament sədrləri, parlament nümayəndə heyətləri və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

 

“Ədəbiyyat və incəsənət” portalı xəbər verir ki, fəxri qonaq qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova görüşün təşkilinə görə Qırğız Respublikasının Prezidenti Sadır Japarova, Joqorku Keneşə və onun sədri Marlen Mamataliyevə təşəkkürünü bildirib, TÜRKPA-ya sədrlik dövründə Qırğız tərəfinə uğurlar arzulayıb.

Fondun prezidenti öz çıxışında süni intellekt və rəqəmsallaşmanın mədəni irsin qorunması, öyrənilməsi və təbliği, türk mədəniyyətinin zənginliyi haqqında etibarlı məlumatlara çıxışın genişləndirilməsi, eləcə də bu irsin gələcək nəsillərə ötürülməsi baxımından mühüm rolunu vurğulayıb.

Türk dövlətlərinin başçılarının təşəbbüslərinə, mədəni birliyin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafı istiqamətində qarşıya qoyulan vəzifələrə xüsusi diqqət yetirilib. Aktotı Raimkulova Fondun fəaliyyətinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib və türk dövlətlərinin ekspertləri ilə birgə hazırlanan rəqəmsal platforma da daxil olmaqla, Fondun layihələri barədə məlumat verib.

Fondun prezidenti TÜRKPA ilə tərəfdaşlığın əhəmiyyətini də qeyd edərək, ortaq mədəni irsin qorunması sahəsində parlamentlərlə əməkdaşlığın inkişaf etdirilməsinə hazır olduqlarını bildirib.

Plenar iclas TÜRKPA-nın fəaliyyətdə olan sədri, Qırğız Respublikası Joqorku Keneşinin Sədri Marlen Mamataliyevin açılış nitqi ilə başlayıb. İclasda, həmçinin Azərbaycan Respublikası Milli Məclisinin Sədri Sahibə Qafarova, Qazaxıstan Respublikası Qurultayının Sədri Aybek Dadebay, Türkiyə Böyük Millət Məclisinin Sədri Numan Kurtulmuş, Özbəkistan Respublikası Ali Məclisi Senatının Sədri Tanzila Narbayeva, Şimali Kipr Türk Cümhuriyyəti Cümhuriyyət Məclisinin Sədri Ziya Öztürkler və TÜRKPA-nın Baş katibi Ramil Həsən çıxış ediblər.

İclas iştirakçıları parlamentlərarası əməkdaşlığın perspektivlərini, müasir texnologiyaların tətbiqini və birgə təşəbbüslərin həyata keçirilməsini müzakirə ediblər.

 

“Ədəbiyyat və incəsənət”

(21.10.2026)

 

 

 

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.