Bu gün Mövlana Cəlaləddin Ruminin doğum günüdür Featured

İnci Məmmədzadə,

“Ədəbiyyat və incəsənət” portalının Xəbərlər və Təqvim şöbəsi

 

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində bu gün sizlərə türk dünyasının böyük şairi və mütəfəkkiri Mövlana Cəlaləddin Rumi barədə söz açacağıq. Bu gün onun anadan olmasının 1019-cu ildönümüdür.

 

Mövlana Cəlaləddin Rumi 30 sentyabr 1207-ci ildə Bəlx şəhərində (indiki Əfqanıstan ərazisi) anadan olub. XIII əsrin ən böyük sufi şair və mütəfəkkirlərindən biri hesab olunur. Atası Bəhaəddin Vələd dövrünün tanınmış alim və vaizlərindən idi.

Ailəsi sonradan Xorasandan qərbə köçərək Anadoluya gəlib və nəhayət Konyada məskunlaşıb. Ruminin həyatının böyük hissəsi burada keçib və məhz buna görə ona “Rumi”, yəni “Rum diyarından olan” adı verilib

Rumi əvvəlcə dini elmlər, fəlsəfə və hüquq sahəsində ciddi təhsil alıb. Lakin onun dünyagörüşündə ən böyük dəyişikliklərdən biri Şəms Təbrizi ilə görüşündən sonra baş verib. Bu görüş Ruminin həyatında mühüm dönüş nöqtəsi olub. O, bundan sonra mistik düşüncəyə, ilahi eşqə və insanın mənəvi kamilləşməsinə daha dərindən yönəlib

Yqəin ki Elif Şafakın “Aşk” romanını oxumusunuz. Roman məhz bu iki şəxsiyyətin münasibətləri barədədir.

Şəms Təbrizi Ruminin həyatında xüsusi yer tutur. Onların görüşü Ruminin daxili dünyasını dəyişdirib. Rumi üçün Şəms sadəcə müəllim və ya dost deyil, onun mənəvi inkişafında mühüm rol oynayan şəxs olub. Şəmsin sonradan Konya şəhərindən yoxa çıxması Ruminin böyük kədərinə səbəb olub.

Bu ayrılıq onun yaradıcılığında dərin iz buraxıb. Ruminin “Divan-i Şəms” adlı əsərinin böyük hissəsi də Şəmsə olan mənəvi bağlılığı ilə əlaqələndirilir.

 

Ən məşhur əsərləri

 

“Məsnəvi” (مثنویمعنوی) — Ruminin ən məşhur əsəridir. Altı cilddən ibarət böyük mənəvi-poetik əsərdə müxtəlif hekayələr, rəvayətlər və alleqoriyalar vasitəsilə insanın mənəvi kamilləşməsi, nəfs, eşq, səbir, təvazökarlıq və Allah sevgisi haqqında düşüncələr ifadə olunur.

 

“Divan-i Şəms Təbrizi” (دیوانشمستبریزی) — əsasən qəzəllərdən və digər poetik nümunələrdən ibarətdir. Əsərdə ilahi eşq və Şəms Təbriziyə olan mənəvi bağlılıq mühüm yer tutur.

 

“Fihi Ma Fih” — Ruminin söhbət və düşüncələrindən ibarət nəsr əsəridir.

 

“Məcalis-i Səbə” — onun müxtəlif məclislərdə söylədiyi dini və mənəvi söhbətlərin toplusudur.

 

“Məktubat” — Ruminin yazdığı məktublardan ibarət əsərdir.

Düşüncələrinin əsas mövzuları

Ruminin fəlsəfəsinin mərkəzində eşq dayanır. Lakin onun haqqında danışarkən “eşq” yalnız romantik məna daşımır. Ruminin yaradıcılığında bu, insanı mənəvi olaraq dəyişdirən və Yaradanına yaxınlaşdıran ilahi məhəbbət mənasında işlənir.

 

Onun düşüncələrində:

insanın özünü tanıması;

nəfsə qalib gəlmək;

səbir və təvazökarlıq;

bağışlamaq;

mənəvi azadlıq;

Allah sevgisi;

zahiri görünüşdən çox daxili aləmə diqqət;

bütün insanlarda mənəvi dəyər görmək

kimi mövzular mühüm yer tutur.

 

Ruminin adı həmçinin səma mərasimi ilə sıx bağlıdır. Onun davamçıları tərəfindən inkişaf etdirilən Mövləvi ənənəsində dərvişlərin fırlanaraq icra etdikləri səma mənəvi yüksəlişin və Allahla birliyin simvolik ifadəsi kimi qəbul edilir. Ruminin ölümündən sonra onun ardıcılları əsasında Mövləviyyə təriqəti formalaşıb. Konya isə bu ənənənin əsas mərkəzinə çevrilib.

 

Mövlana 17 dekabr 1273-cü ildə Konyada vəfat edib. Onun vəfat etdiyi gecə Mövləvi ənənəsində “Şəb-i Arus” — “Toy gecəsi” adlandırılır. Bunun səbəbi Ruminin ölümü ayrılıq deyil, Allaha qovuşma kimi görməsi olub. Ruminin məzarı Konyadakı Mövlana Muzeyi və türbəsində yerləşir və bu məkan bu gün də dünyanın müxtəlif yerlərindən gələn insanların ziyarət etdiyi mühüm mədəni-mənəvi mərkəzlərdən biridir.

 

Ədəbiyyatdakı yeri

Mövlana Cəlaləddin Rumi əsasən fars dilində yazıb və farsdilli klassik ədəbiyyatın ən böyük simalarından biridir. Onun əsərləri sonrakı əsrlərdə İran, Anadolu, Orta Asiya və Cənubi Asiya ədəbiyyatına böyük təsir göstərib. Ruminin yaradıcılığı bu gün də yalnız Şərqdə deyil, dünyanın müxtəlif ölkələrində oxunur və tədqiq edilir. Onun əsərləri müxtəlif dillərə tərcümə olunub.

Allah rəhmət eləsin!

 

“Ədəbiyyat və incəsənət”

(30.09.2026)

 

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.