Türkiyədən şeir yarpaqları: Lətif Güler Featured

Türk Mədəniyyəti və İrsi Fondu ilə “Ədəbiyyat və incəsənət” portalının birgə layihəsində - Türk ədəbiyyatı müntəxabatındayıq. Yolumuz qardaş Türkiyəyədir. Sizlərə Lətif Gülerin şeirlərini təqdim edəcəyik.

Şeirləri Azərbaycan türkcəsinə Həyat Şəmi uyğunlaşdırıb.

 

LƏTİF GÜLER  -  1953-cü il Bayburt doğumlu. Milli Təhsil Nazirliyindən müəllim olaraq təqaüdə çıxmış. 23 il Azərbaycanda iş insanı və qəzetəçi olaraq çalışmış.  Şeir və ədəbi çalışmalarıyla yola davam etməkdədir.

 

 

MƏN AZƏRBAYCANAM

 

​Mən ulduzam, ayam, günəşəm,

Varılığım qara qızıllı Xəzər,

Qara naxışlı torpağam.

 

Dumanlı gecələrdən qorxmadan

yürüyər,

qaçar ümid daşım,

gələcəyə sevdalı yoldaşam.

​Mən küləyəm, yağışam, buludam,

Sevda məğmələrini alıb yara götürən.

Şamaxı dağlarında yaslı qərənfil,

Bülbül avazındakı kədər,

Ərgənəkondakı ülküdaşam,

Təbrizdə bacınam, Arazda qardaşam.

​Füzuliyəm, Laçınam, Şuşayam,

ağ gündən qara günə qalan,

öyülən-söyülən qaçqınam.

Dönüb-dönüb arxasına baxan,

alın tərindəki çiləli yaşam,

ürəyimdəki acılara sirdaşam.

 

​Qafqazam, Anadoluyam, Naxçıvanam,

sinəsindən xəncər dəyib bölünən,

parça-parça bir canam,

alan kim, satan kim, bilmədiyim.

 

​Xainlərə əbədi kindaşam,

Dəli-doluyam, fikirdaşam.

​Mən Bayburtam Qop dağından,

Zihniyəm, ayrılmışam yurdumdan.

Dədə Qorqudam, soyum bəllidir,

Cəlaliyəm, İrşadiyəm, Sümmaniyəm.

qalanın bürclərindəki daşam.

Dağındadır, dașındadır göz yaşım.

​Maviyəm, qırmızıyam, yaşılam,

Xıyabanda sıra-sıra düzülmüş

Duayam, ibrətəm, nifrətəm,

Dərs almışam əsarətdən, səfalətdən,

Təşvişlərin zirvəsinə qayğıdaşam.

 

​Bəxtiyaram, Cavidəm, Şəhriyaram,

Səsi göyləri titrədən Rəşid bəyəm.

Tikdiyi daş saraylarda dustaq edilən Hacı Zeynalabdınam,

Enməz bayrağım, Rəsulzadəyəm.

Eşq ilə yoğrulmuş könüldaşam,

Düşmən anlasın, dikdir başım!

 

​Mən Atatürkəm, Şamiləm, Heydərəm.

Elçibəyəm, azadlıqda öncül mənəm,

Alqışlarda Zeynəb, şəhidlərdə anayam,

Önündəykən iyirmi birinci əsrin,

Şərqdən qərbə çağdaşam,

Geri dönüşü yoxdur, arxadaşam.

​Mən dünənəm, bu günəm, səhərlərəm,

Qarabağda axan çay deyil, qanımdır.

Xaincəsinə şah damarından vurulub,

yenidən doğulan, yenidən oyanan

milyonlarla canam.

Şimaldan Cənuba Azərbaycanam.

İki ruhda bir candaşam,

Bil ki, əbədiyyən Sənə qandașam.

 

 

SENTYABRI SEVƏRƏM

 

​Yayla vidalaşma öpüşü qoyaraq,

çırpınır ürəyim.

Sahildə rüzgar saçlarımı oxşayır,

yay sevgimi arayır dumanlı gözlərim.

​Bir yanımda sevdalarımın hərarəti,

digər yanımda qulağıma pıçıldayan payız nəğmələri,

ovcumda ayrılığın dərin acısı.

​Üsküdarda yavaş-yavaş tökülən çinar yarpaqları,

Mən sentyabrı sevərəm...

 

​Qızmar günəş daha yandırmaz bizi,

təbiət yavaş-yavaş hazırlaşır,

yeni bir fəslin doğum sancısı ilə.

​Yeni ümidlərə yelkən açıram,

ömürlük nəğmələr qulaqlarımda,

Bir payız yağmuru başlayır,

ardından göyqurşağı doğulur.

Mən sentyabrı sevərəm,

​gün batanda qırmızıya dönər üfüq,

​Kəndimizdə bir başqa olar payızın bərəkəti,

üzüm yığımı başlayar,

xırmanlar bərəkətlə qovuşar,

kənd ortasında qurular toy-büsat:

toylar, gəlinlər, yallı gedərlər,

Coşar nağaralar, zurnalar; bax mən buna görə sentyabrı sevərəm.

 

“Ədəbiyyat və incəsənət”

(07.09.2026)

Sayt Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən 2024-cü ildə “Qeyri-hökumət təşkilatları üçün qrant müsabiqəsi” çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun həyata keçirdiyi “Yeniyetmə və gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması” layihəsinin tərəfdaşı olaraq yenilənmiş, yeni bölmələr əlavə ediımiş, layihənin təbliği üzrə funksional fəaliyyət aparılmışdır.