Kazım Kazım Arıcan,
Ankara Sosial Elmlər Universitetinin rektoru, professor.
“Ədəbiyyat və incəsənət”
İKİNCİ HİSSƏ
Kitab bir dayaqdır
Proqram çərçivəsində “Kitab dayanağı” guşəsinin açılışı da mənəvi məna baxımından olduqca zəngin idi.
Dayaq insanın söykəndiyi, güc aldığı və ayaqda qalmasını təmin edən əsasdır. Kitab da insan və cəmiyyət üçün məhz belə bir dayaqdır.
Şəhərlər dağıla bilər. Tikililər məhv edilə bilər. Siyasi quruluşlar dəyişə bilər. Lakin kitab bir millətin düşüncəsini və həyat təcrübəsini zamanın fövqünə daşıyır.
Bir cəmiyyət öz kitablarını, poeziyasını, tarixini və mütəfəkkirlərini yaşatdığı qədər mövcudluğunu qoruyur. Bununla belə, kitabın əsl dəyəri yalnız rəflərdə dayanmasında deyil. Oxunmayan kitab qapalı bir yaddaşdır. Kitabın gənclərlə görüşməsi, ictimai həyata qarışması, müzakirə olunması və yenidən şərh edilməsi zəruridir.
Bir şəhərin yenidən qurulmasında kitabxanaların, kitab guşələrinin, poeziya məclislərinin və incəsənət məkanlarının yer alması buna görə həyati əhəmiyyət daşıyır. Maddi bərpa mədəni dirçəlişlə tamamlanmadıqda şəhər sadəcə binalar toplusu olaraq qalır. Divarları olur, lakin səsi olmur.
Şuşanın həqiqi dirçəlişi də yalnız daşlarının bərpası ilə deyil, tarix boyu daşıdığı poeziya, musiqi və fikir yaratmaq qüdrətinin yenidən canlandırılması ilə mümkün olacaqdır.
Ağdamda sözün sabahı
17 iyul günortadan sonra Ağdam Muğam Mərkəzində keçirilən “Sözün Sabahı – Türk Dünyası Gənc Şairlər Festivalı” səfərin ən mənalı dayanacaqlarından biri oldu.
Başlıqdakı “sabah” sözü təkcə günün müəyyən bir vaxtını deyil, həm də yeni başlanğıcı ifadə edirdi. Gənc şairlər türk dünyası sözünün sabahıdır. Onlar köklü bir irsi qəbul edərkən onu sadəcə təkrarlamaqla kifayətlənməməli, yeni dövrün dili ilə yenidən qurmalıdırlar.
Festivalda Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Səlim Babullaoğlu, Türkiyə Yazarlar Birliyinin başqanı prof.doktor Məhəmməd Enes Kala və mən çıxış etdik. Qırğızıstan, Özbəkistan və Türkmənistanın yazıçılar birlikləri və mədəniyyət qurumlarından gələn nümayəndələrin iştirakı ilə zal qardaş coğrafiyalardan yüksələn gənc səslərlə dolmuşdu.
Sultan Raev çıxışında fiziki sərhədlərin poeziyanın və incəsənətin birləşdirici gücü qarşısında nə qədər keçici olduğunu vurğuladı. Yunus Əmrədən Molla Pənah Vaqifə, Abaydan Məxtumquluya qədər uzanan ədəbi irsin türk dünyasının ən möhkəm mənəvi bağlarından biri olduğunu qeyd etdi. Ötən il Qırğızıstanın Oş şəhərində başlanan festivalın Şuşadakı ikinci mərhələsi ilə davamlı ənənəyə çevrilməsi salonda xüsusi həyəcan yaratdı.
Öz çıxışımda Türkiyədən, mənəvi coğrafiyamızın iki böyük dayağı olan Hacı Bayram Vəli və Yunus Əmrənin yurdundan Şuşaya könül dolusu salamlar gətirdiyimi söylədim. Türk xalqlarının tarixinin bir mənada poeziya tarixi olduğunu, müharibələrin, zəfərlərin, matəmlərin, toyların və şənliklərin bu coğrafiyada şeirlə yaddaşa həkk edildiyini vurğuladım.
Molla Pənah Vaqif, Nizami Gəncəvi, Şəhriyar, Bəxtiyar Vahabzadə, Əhməd Cavad və Hüseyn Cavidlə yanaşı, Qazaxıstandan Qırğızıstana, Özbəkistandan Türkmənistana qədər uzanan geniş coğrafiyanın böyük söz ustalarını xatırladaraq gənc şairlərə belə müraciət etdim:
İngilis mədəniyyət dünyası Şekspiri daim yenidən oxuyur, şərh edir və dünyaya tanıdır. Türk dünyasının gəncliyi də öz köklərindəki ulu çinarları yenidən kəşf etməli, onları dərindən mənimsəməli və onların yol göstəriciliyi ilə qlobal miqyasda yeni əsərlər yaratmalıdır.
Poeziyanın sərhədləri və qitələri aşan gücünü göstərmək üçün yaxın vaxtlarda İngiltərə və Şotlandiyaya etdiyim səfərdən bir xatirəni də gənc şairlərlə bölüşdüm.
Məşhur musiqiçi Erik Kleptonun yaşadığı böyük sevgi ağrısı dövründə ona hədiyyə edilən Nizami Gəncəvinin “Leyli və Məcnun” əsərindən dərin təsirləndiyi, musiqi tarixinin unudulmaz nümunələrindən olan “Layla” mahnısının yaranmasında bu qədim eşq hekayəsinin mühüm ilham mənbəyi olduğu məlumdur. Şərqin əsrlər əvvəl söylədiyi bir sevgi hekayəsinin sonralar Qərbli bir sənətkarın ruhunda yenidən səslənməsi həqiqi sözün sərhəd tanımadığını göstərir.
Bu nümunədən çıxış edərək gənc şairlərə dedim ki, yazacaqları şeirlər İngiltərədən Yaponiyaya, Amerikadan Çinə qədər dünyanın müxtəlif guşələrində yaşayan insanların öz ruhlarından bir parça tapa biləcəkləri ümumbəşəri dərinliyə malik olmalıdır. Çünki böyük əsər doğulduğu torpağa sədaqətli qalmaqla yanaşı, bütün bəşəriyyətə səslənə bilən əsərdir.
Türkiyə Yazarlar Birliyinin koordinasiyası ilə ölkəmizi təmsil edən gənc şairlərin bu festivalda iştirak etməsi bizim üçün xüsusi məna daşıyırdı. Gənc bir şairin başqa bir türk ölkəsində öz ana dilində şeir oxuması siyasi və mədəni sərhədlərin fövqündə ortaq duyğu məkanı yaradır.
Türk dünyası təkcə tarixi və ya geosiyasi anlayış deyil. Onu gerçək edən ortaq sözlər, türkülər, dastanlar, ağılar, nağıllar və şeirlərdir.
Birliyi yalnız qurumlar yaratmır. Onu ortaq məna dünyası yaradır. Gənc Şairlər Festivalı da məhz buna görə gələcəyə qoyulmuş böyük mədəniyyət sərmayəsidir. Eyni səhnədə şeir oxuyan Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistanın gəncləri ortaq türk ədəbi məkanının ilk təməllərini qoyurlar.
Siyasətin yaratdığı bağlar şəraitə görə dəyişə bilər. İncəsənətin yaratdığı bağlar isə insanın qəlbində yaşayır.
Ağdam: Dağıntılar içindən yüksələn səs
Ağdama çatdığınız zaman şəhər anlayışı haqqında yenidən düşünməyə başlayırsınız. Çünki bəzi şəhərlər canlılığı ilə, bəziləri isə itirdikləri ilə danışır.
Ağdamın yaxın tarixi müharibənin və dağıntının bir şəhərin üzərində necə dərin izlər buraxa biləcəyini göstərir. Lakin belə ağır bir yaddaşın ortasında Muğam Mərkəzində gənc şairlərin şeir səsləndirməsi adi bir mədəni tədbir deyildi. Bu, dağıntıya qarşı həyatın, sükuta qarşı sözün, unutqanlığa qarşı isə yaddaşın bəyanı idi.
Bir şəhər dağılanda təkcə binalar uçmur. Uşaqlıqlar, qonşuluqlar, küçələrin səsləri, toylar, yaslar, bağçalar, pəncərələr və gündəlik həyatın kiçik detalları da dağılır.
Bu səbəbdən yenidənqurma yalnız beton və daş məsələsi deyil.
Şəhər yenidən qurularkən onun xatirələri də bərpa olunmalıdır.
Ağdam Muğam Mərkəzində poeziyanın və musiqinin yüksəlməsi bu baxımdan olduqca güclü bir rəmz idi. Muğam Azərbaycan mədəniyyətində insan ruhunun bütün hallarını özündə daşıyan böyük bir səs sistemidir. Sevinc, kədər, ayrılıq, məhəbbət, qürbət və qovuşma eyni muğamın ahəngində bir-birinə toxunur.
Muğamın yenidən səsləndiyi şəhər təkcə bərpa olunmur, həm də öz səsini və yaddaşını yenidən tapır.
Sözün baxışı
Proqram çərçivəsində keçirilən “Sözün baxışı – yazıçılarla görüş” mövzusu üzərində ayrıca düşünmək lazım idi. Çünki söz təkcə eşidilən deyil, həm də baxış, dünyanı dərk etmə və varlığı anlama tərzidir.
Hər bir həqiqi yazıçı həyata fərqli bir pəncərədən baxır. Buna görə də yazıçıların görüşü sadəcə şəxsi tanışlıq deyil, müxtəlif dünyagörüşlərinin qarşılaşmasıdır.
Türk dünyası ədəbiyyatları uzun illər siyasi sərhədlər və əlifba fərqləri səbəbindən bir-birini kifayət qədər tanıya bilməmişdir. Eyni kökdən qidalanan dillər müxtəlif yazı sistemlərinə və fərqli mədəni mühitlərə yönəlmişdir.
Bunun nəticəsində Türkiyədəki bir oxucu müasir qazax, qırğız, özbək, türkmən və ya Azərbaycan ədəbiyyatını məhdud şəkildə tanıyır. Digər türk coğrafiyalarında isə Türkiyədəki müasir ədəbi proseslər kifayət qədər izlənilmir.
Bu məsafənin aradan qalxması üçün tərcümə fəaliyyəti, ortaq nəşrlər, yazıçı görüşləri və gənc ədəbiyyatçıların mübadilə proqramları böyük əhəmiyyət daşıyır. Biz bir-birimizi yalnız rəsmi mərasimlərdə deyil, kitablarımız vasitəsilə də tanımalıyıq. Türk dünyasının ortaq gələcəyi bir-birinin şeirini oxuya bilən nəsillər tərəfindən qurulacaqdır.
Natəvanın evi önündə
Şuşa tədbirinin ən mənalı məkanlarından biri Xurşidbanu Natəvanın evinin ətrafı idi. Natəvan təkcə qüdrətli şair deyil, həm də sənətə himayədarlığı, xeyriyyəçiliyi və mədəni rəhbərliyi ilə seçilən müstəsna bir şəxsiyyətdir.
Qarabağ xanları nəslindən gəlməsinə baxmayaraq, onu tarixdə əbədiləşdirən əsas amil sahib olduğu titul deyil, sözə və cəmiyyətə verdiyi töhfələrdir. “Məclisi-Üns” ətrafında şairləri bir araya gətirməsi, Şuşaya su çəkilməsinə öncüllük etməsi və xalqın həyatına toxunan xidmətləri sənətin yalnız fərdi ifadə vasitəsi olmadığını göstərir.
Natəvanın həyatında poeziya ilə məsuliyyət bir-birindən ayrılmaz anlayışlardır.
Bir şairin şəhərə su gətirməsi mədəniyyət baxımından son dərəcə güclü bir rəmzdir. O, yalnız məcaz aləmində susuzluqdan bəhs etməmiş, şəhərin həqiqi susuzluğuna da çarə olmuşdur.
Şeir də su kimidir. Həyat verir. Təmizləyir. Qurumuş könüllərə yol tapır. Natəvanın poeziyasındakı hüzn yalnız şəxsi itkilərlə məhdudlaşmır. Bir ananın ağrısı, insanın faniliyi və həyatın kövrəkliyi onun misralarında ümumbəşəri insani duyğuya çevrilir.
Evinin qarşısında nümayiş etdirilən “Şuşa hekayələri” tamaşası məkanın yaddaşını sənət vasitəsilə yenidən canlandırırdı. Tarixi bir evin önündə teatr izləmək, sanki vaxtilə burada yaşamış insanların səslərinin bu günə qarışmasını xatırladırdı.
Məkan sənətin gücü ilə yenidən danışmağa başlayırdı.
Şuşa gecələri
Gecə Qarabağ Otelinin qarşısında keçirilən yazıçı görüşü və onun ardınca gənc şairlərin iştirakı ilə təşkil olunan “Şuşa gecələri – interaktiv şeir saatı” rəsmi proqramın sərhədlərini aşaraq səmimi bir ədəbi mühit yaratdı.
Bəlkə də şeirin əsl təbiəti elə budur. Şeir protokola sığmır. O, rəsmi səhnədə başlayır, lakin gecənin irəliləyən saatlarında bir meydanda, söhbət məclisində və ya dost çevrəsində öz həqiqi həyatına qovuşur.
Gənclərin növbə ilə şeir oxuması, bir-birinin misralarına cavab verməsi və müxtəlif ləhcələrin eyni gecədə yanaşı səslənməsi türk dilinin geniş coğrafiyasını göstərirdi.
Sözlər dəyişir, səslər fərqlənir, amma duyğular doğma qalırdı.
Qazax şairinin bozqırı təsvir edərkən işlətdiyi obraz Anadoludakı bir türkünü xatırlada bilir, azərbaycanlı şairin Qarabağ həsrəti isə başqa bir coğrafiyanın yurd sevgisinə toxuna bilirdi.
Ortaqlıq hər zaman sözlərin tamamilə eyni olmasında deyil. Bəzən fərqli sözlərin eyni ürək halını daşımasındadır.
Şuşa gecəsində anladım ki, Türk dünyası təkcə ortaq keçmişin adı deyil. O, həm də bir-birimizin gələcəyinə qulaq asmaq iradəsidir.
Sözün və sazın aşığı
18 iyul tarixindəki proqram Qarabağ Otelinin qarşısında keçirilən “Sözün Aşığı – Sazın Aşığı” tədbiri ilə başladı. Proqramın Aşıq Ələsgərin vəfatının yüz illiyinə həsr olunması Türk dünyasının böyük ustad aşığa göstərilən ehtiramının ifadəsi idi.
Aşıq Ələsgərin şeiri xalq dilinin necə yüksək estetik qüdrətə çata bildiyini nümayiş etdirir. Onun misralarında dağ, yaylaq, sevda və insan gözəlliyi təkcə təsvir olunmur, canlı bir duyğu aləminə çevrilir.
Aşıqlıq ənənəsi Türk mədəniyyətinin ən qədim və ən davamlı damarlarından biridir. Aşıq bir tərəfdən şair, bir tərəfdən musiqiçi, digər tərəfdən tarixçi və mənəvi dəyərlərin daşıyıcısıdır. O, xalqın yaşadığı hadisələri yaddaşa həkk edir, cəmiyyətin dəyərlərini qoruyur və nəsillər arasında yaddaş körpüsü yaradır.
Müasir dünyada bilik əsasən yazılı və rəqəmsal arxivlərdə qorunur. Halbuki əsrlər boyu türk xalqlarının yaddaşını məhz aşıqlar yaşatmışdır. Bir kənddən digərinə gedən saz şairi yalnız mahnı aparmırdı; o, həm də xəbər, hekayə, mənəviyyat və ortaq mənsubiyyət hissini daşıyırdı.Sazın teli coğrafiyalar arasında qurulmuş görünməz bir rabitə xətti idi.
Şuşada Aşıq Ələsgərin anılması göstərirdi ki, bu ənənə keçmişdə qalmış sadə folklor nümunəsi deyil, bu günün mədəni həyatı üçün də canlı və aktual bir dəyərdir.
Xaqani: Göyə ucalan söz
Mehmandarlar Evində keçirilən ““Sözün Xaqanı – Xəlqaniyəm, Xəlqani” adlı elmi konfrans Xaqani Şirvaninin anadan olmasının 900 illiyinə həsr olunmuşdu.
Xaqani Qafqazın və geniş İslam ədəbiyyatının ən böyük şairlərindən biridir. Onun poeziyası klassik ədəbiyyatın rəmzi zənginliyini, fikri dərinliyini və bəlağət qüdrətini təcəssüm etdirir.
Molla Pənah Vaqifin xalq dilinə yaxınlaşan poeziyası ilə Xaqaninin yüksək klassik üslubu ilk baxışda iki fərqli ədəbi dünyaya aid görünür. Lakin onların hər ikisi eyni böyük mədəniyyət məkanının fərqli imkanlarını nümayiş etdirir.
Ədəbiyyat yalnız sadə və ya yalnız ağır, yalnız xalq ruhuna yaxın və ya yalnız klassik olduqda zənginləşmir. Əsl zənginlik müxtəlif ifadə tərzlərinin eyni mədəniyyət daxilində bir-birini tamamlaması ilə yaranır.
Xaqani dilin nə qədər yüksələ biləcəyini göstərir. Vaqif isə şeirin xalqa yaxınlaşarkən necə qüdrətli qala bildiyini. Biri göylərə yüksələn sözün, digəri isə yer üzünə enən şeirin ustasıdır. Türk və İslam ədəbiyyatlarının gələcəyi bu iki istiqaməti bir-birinə qarşı qoymaqda deyil, onların arasında yaradıcı körpülər qurmaqda gizlidir.
Şəhriyar və geri qayıdılmayan zaman
Natəvanın evinin önündə keçirilən “Sözün həsrəti – Heydərbabaya salam” adlı musiqili ədəbi kompozisiya Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illiyinə həsr edilmişdi.
Şəhriyarın “Heydərbabaya salam” poeması türk dünyası ədəbiyyatında vətən, uşaqlıq və həsrət hissinin ən qüdrətli ifadələrindən biridir. Bu əsərin böyüklüyü yalnız forması və dili ilə deyil, insanın itirdiyi zamana duyduğu həsrəti ümumbəşəri hissə çevirməsindədir.
Heydərbaba bir dağın adıdır. Lakin şeirdə o, uşaqlığın, yurdun, məsumiyyətin və geri qayıdılması mümkün olmayan zamanın rəmzinə çevrilir. İnsan doğulduğu yer olduğu üçün deyil, dünyanı ilk dəfə orada tanıdığı, səsləri, qoxuları və insan simalarını ilk dəfə orada öyrəndiyi üçün vətənini sevir. Vətən insan yaddaşında dünyanın ilk surətidir.
Bu səbəbdən Şəhriyarın poeziyası Təbrizi və ümumiyyətlə Azərbaycan coğrafiyasını aşaraq bütün insanlığa səslənir. Çünki hər kəsin daxilində bir Heydərbaba vardır: uşaqlığın geridə qaldığı, qayıdılsa belə əvvəlki kimi tapılmayacaq bir məkan.
Bu şeirin Şuşada, Natəvanın evinin önündə yad edilməsi həsrətin müxtəlif tarixlərini eyni məkanda qovuşdururdu. Şəhriyarın uşaqlıq həsrəti ilə Şuşanın uzun ayrılıq yaddaşı bir-birinə toxunurdu.
Həsrət bəzən insanı yaralayan hiss kimi qəbul edilir. Halbuki o, eyni zamanda aidiyyətin də sübutudur. İnsan yalnız həqiqətən bağlı olduğu şey üçün darıxar.
Sözün zəfəri
Festivalın bağlanış konserti “Sözün zəfəri – Zəfərin sədası” adlanırdı. Bu ifadə proqram boyu deyilən şeir, yaddaş və yenidən doğuluş mövzularını bir araya gətirirdi.
Zəfər anlayışı mədəni və əxlaqi dərinliklə dərk edilməlidir. Hərbi uğur bir torpağın hakimiyyətini dəyişə bilər. Lakin əsl böyük zəfər həmin torpaqda yenidən həyat, hüquq, mədəniyyət və ədalət qura bilməkdir.
Bir şəhər geri qaytarıla bilər, lakin onun ruhunu yenidən dirçəltmək uzun və diqqətli zəhmət tələb edir.
Sözün zəfəri məhz burada başlayır.
Bu düşüncəni konkretləşdirən ən gözəl səhnələrdən biri Molla Pənah Vaqifin Məqbərəsinin önündə keçirilən mükafatlandırma mərasimi idi. Beynəlxalq münsiflər heyətinin qərarı ilə altı qardaş ölkədən gələn gənc şairlər medal və sertifikatlarını Azərbaycan Respublikasının Mədəniyyət naziri Adil Kərimli və TÜRKSOY-un Baş katibi Sultan Raevin əlindən aldılar.
Türkiyəni Emre Dəmir, Melike Yavuzay və Ümit Çiçəkçi təmsil edirdi. Onlarla yanaşı Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistandan gələn gənc şairlər də Vaqifin hüzurunda sözün ortaq gələcəyini təmsil edirdilər.
Bu gənclərin bir qismi bu gün hələ geniş ictimaiyyət tərəfindən tanınmaya bilər. Lakin sabah onların adları türk dünyası ədəbiyyatı tarixində yer ala bilər. Bir zamanlar susdurulmuş şeirin yenidən oxunması, dağıdılmış abidələrin ayağa qaldırılması, tərk edilmiş meydanlarda gənclərin şeir söyləməsi və xarabalıqlar arasından musiqinin yüksəlməsi göstərir ki, mədəniyyət tamamilə məhv edilə bilməz.
Ancaq sözün həqiqi zəfəri qəzəbi böyütmək deyil, yaddaşı ədalət və insanlıq şüuru ilə qorumağı bacarmaqdır.
Keçmişin ağrıları unudulmamalıdır. Lakin gələcəyin dili yalnız ağrı və intiqam hissi üzərində qurula bilməz.
Şuşanın, eləcə də ümumi olaraq Qarabağın gələcəyi tarixi yaddaşa sədaqətlə yanaşı, hüquq, mədəniyyət, sülh və insan ləyaqətinə əsaslanan həyatın qurulmasından asılıdır.
Şeir burada böyük məsuliyyət daşıya bilər. Çünki şeir insanı birtərəfli kimliklərdən çıxarır, başqasının ağrısını duymağa, öz zəfərinə kənardan baxmağa və tarixin mürəkkəbliyini dərk etməyə imkan verir.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(20.08.2026)


