Kazım Kazım Arıcan,
Ankara Sosial Elmlər Universitetinin rektoru, professor.
“Ədəbiyyat və incəsənət”
BİRİNCİ HİSSƏ
Bir yol fəlsəfəsi
Bəzi səfərlər bir şəhərdən başqa bir şəhərə çatmaq üçün edilmir. İnsan zahirdə yolları, hava limanlarını, sərhədləri və dağ aşırımlarını keçir, amma əslində öz yaddaşının dərinliklərinə doğru yol alır. Bəzən bir uçuş iki paytaxt arasındakı məsafəni qısaltmaqdan daha çox, iki tarixi təcrübəni eyni düşüncədə bir araya gətirir. Bəzən isə bir avtomobil yolu yalnız coğrafiyanı deyil, əsrlərdir bir-birini səsləyən sözləri, nəğmələri, ağrıları və ümidləri də bir-birinə bağlayır.
2026-cı il 15 iyul, çərşənbə günü Esenboğa hava limanından havaya qalxan təyyarə bizi Ankaradan Bakıya apararkən təqvimdə adi bir yay gününün tarixi yazılmırdı. Türkiyənin yaxın tarixinin ən ağır, ən ağrılı, eyni zamanda ən mənalı gecələrindən birinin – 15 İyul hadisələrinin onuncu ildönümündə Türk dünyasının başqa bir müqəddəs diyarına doğru yola çıxırdıq.Təyyarə göy üzünə yüksəldikcə Ankara kiçilir, şəhər yolları və binaları ilə birlikdə yer üzünün cizgilərinə qarışırdı. Lakin bəzi tarixlər var ki, onlardan uzaqlaşdıqca kiçilməz, əksinə insanın düşüncəsində daha da böyüyər.
15 İyul təkcə qarşısı alınmış hərbi çevriliş cəhdinin adı deyil. Həmin gecə Vətənin mücərrəd bir anlayış deyil, lazım gəldikdə insanın öz bədəni ilə qoruduğu mənəvi əmanət olduğu bir daha sübut edildi. Meydanlara axışan insanların ortaq iradəsində dövlətlə millət arasındakı bağın yalnız hüquqi mətnlərlə deyil, fədakarlıqla qurulduğu aydın görünürdü. Ankaradan havaya qalxarkən düşüncələrimdə həmin gecə Türkiyənin meydanlarında ucalan milli iradə ilə Qarabağın dağlarında illərlə yaşadılan Vətən həsrəti arasında görünməz, lakin olduqca güclü bir bağ yaranmışdı. İki ayrı tarix, iki fərqli mübarizə və iki müxtəlif coğrafiya eyni kökdə qovuşurdu: Yurdu mülkiyyət deyil, əmanət bilmək şüurunda. Çünki Vətən təkcə üzərində yaşadığımız torpaq deyil. Vətən uğrunda bədəl ödənilmiş xatirədir. Vətən torpağa düşənlərin adını unutmayacaq qədər vicdanlı olmaqdır. Vətən keçmişin ağrılarını gələcəyin məsuliyyətinə çevirmək iradəsidir. Bir millətin varlığını davam etdirməsi yalnız hərbi gücü, iqtisadi imkanları və ya sahib olduğu dövlət institutları ilə izah oluna bilməz. Millətlər özləri haqqında danışdıqları həqiqi hekayələrlə yaşayırlar. Şəhidlərini, ağrılarını, dastanlarını və mənəvi dəyərlərini xatırladıqları qədər gələcəyə doğru addımlayırlar. Unutmaq yalnız keçmişi itirmək deyil, həm də gələcəyə istiqamət verəcək mənanı itirməkdir. Bir millət danışmağı dayandıranda deyil, öz hekayəsini danışmağı dayandıranda kiçilməyə başlayır. Təyyarədə yanımda Türkiyə Yazıçılar Birliyinin Başqanı, prof.doktor Məhəmməd Enes Kala əyləşmişdi. Birlikdə çıxdığımız bu səfər sadəcə rəsmi proqramda iştirak etmək məqsədi daşımırdı. Bu, sözün, şeirin və qardaşlığın ortaq coğrafiyasında həyata keçirilən mədəni bir yürüş idi. Türkiyə Yazıçılar Birliyinin gənc şairlərlə birlikdə bu proqramda iştirak etməsi illərdir müdafiə etdiyi dil, ədəbiyyat, yaddaş və sivilizasiya idealının təbii davamı idi. Çünki yazıçı təşkilatlarının vəzifəsi yalnız çap olunan kitabları və ədəbi şəxsiyyətləri gündəmdə saxlamaq deyil. Əsl missiya dili millətin ortaq vicdanı kimi qorumaq və gənc nəslin öz sözünü deyə biləcəyi mədəni mühiti formalaşdırmaqdır. Təyyarənin pəncərəsindən buludların arasından süzülən işığa baxarkən Anadolu ilə Azərbaycan arasındakı məsafənin coğrafiyada ölçülə bilən, könüllərdə isə demək olar ki, hiss olunmayan qədər yaxın olduğunu düşündüm. Bəzi ölkələr bir-birinə yalnız sərhədlərlə deyil, sözlərlə qonşudur. Türkiyə ilə Azərbaycan arasındakı yaxınlıq da məhz belədir. Eyni sözün iki fərqli tələffüzü, eyni türkünün iki ayrı avazı, eyni həsrətin iki sahili kimiyik. Biz ayrı-ayrı çaylar deyil, eyni suyun bir-birinə baxan iki sahiliyik.
Saat təxminən 15:30-da Bakıya çatdıqda bizi sadəcə yeni bir şəhər deyil, doğma bir dil, tanış bir səs və qədim bir qardaşlıq qarşıladı. Xəzərdən əsən külək sərinliyi və duz qoxusunu üzümüzə toxundurarkən insan özünü yad bir ölkədə deyil, uzun illərdir görmədiyi qardaşının evində hiss edirdi. Bəzi qarşılanmalar pasport nəzarətindən çox əvvəl, hələ səmada başlayır.
Oşdan Şuşaya daşınan məşəl
Bu səfəri mənalı edən cəhətlərdən biri də iştirak etdiyimiz proqramın təsadüfi yaranmış bir tədbir olmaması idi. Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və TÜRKSOY-un birgə təşkilatçılığı altında, ənənəvi Vaqif Poeziya Günləri çərçivəsində təşkil olunan "Türk Dünyası Gənc Şairlər Festivalı" bu il ikinci dəfə keçirilirdi. İlk məşəl ötən il Qırğızıstanın qədim Oş şəhərində yandırılmış, bu il isə həmin alov "Sözlərin Hekayəsi" əsas mövzusu ilə Azərbaycanın mədəniyyət və poeziya paytaxtı Şuşaya gətirilmişdi. Beləliklə, tədbir birdəfəlik mədəni proqram olmaqdan çıxaraq ildən-ilə kök salan bir ənənəyə çevrilmək yolunda ikinci addımını atırdı. Bir məşəlin bir şəhərdən digərinə daşınması sadəcə logistik seçim deyil. Türk dünyasının müxtəlif coğrafiyalarını növbə ilə ev sahibliyinə dəvət etmək bu böyük mədəniyyət məkanında heç bir yerin yalnız "mərkəz", heç bir yerin isə yalnız "kənar" olmadığını göstərən mənalı bir iradənin ifadəsidir. Oşdan Şuşaya uzanan bu xətt Türk dünyasının xəritəsini yalnız sərhədlər üzərindən deyil, sözün dolaşdığı yollar üzərindən yenidən oxumağa çağırırdı.
Bakıda ilk dayanacaq
Bakıya gəldikdən sonra ilk ziyarətimizi Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri prof.doktor Birol Akgünə etdik. Səfirliklər yalnız dövlətlərin rəsmi nümayəndəlikləri deyil. Bəzən onlar bir ölkənin başqa bir coğrafiyadakı yaddaşı, səsi və könül qapısıdır. İçəri daxil olarkən insan protokolun deyil, mənsubiyyət hissinin astanasından keçdiyini duyur. Türkiyə ilə Azərbaycan arasındakı münasibətlərdən söhbət gedəndə diplomatiya klassik məzmununu çoxdan aşır. Buradakı əlaqələri yalnız siyasi və iqtisadi əməkdaşlıqla izah etmək mümkün deyil. Ortaq tarix, ortaq dil, mədəniyyət və taleyin birliyi rəsmi münasibətlərin altında daha qədim və daha möhkəm təməl yaradır. "Bir millət, iki dövlət" ifadəsi də buna görə sadəcə ritorik bir şüar deyil. Bu, tarixi və mədəni həqiqətin sadə, lakin qüdrətli ifadəsidir. Bu prinsip 15 iyun 2021-ci ildə Şuşada imzalanmış Şuşa Bəyannaməsi ilə hüquqi çərçivə də qazanmışdır. Səfirimizlə görüşümüz zamanı Türk dünyasında universitetlərin, yazıçı təşkilatlarının və mədəniyyət qurumlarının üzərinə düşən məsuliyyətlər barədə fikir mübadiləsi apardıq. Dövlətlər arasındakı münasibətlər müqavilələrlə möhkəmlənir, xalqlar arasındakı qardaşlıq isə ədəbiyyat, incəsənət, təhsil və insanların birbaşa ünsiyyəti ilə dərinləşir. Müqavilə imza tələb edir, qardaşlıq isə səbir, zəhmət və zaman. Məhz buna görə Vaqif Poeziya Günləri kimi tədbirlərə yalnız mədəni proqram kimi baxmaq doğru olmaz. Bu görüşlər Türk dünyasının ortaq yaddaşını və gələcək təsəvvürünü bəsləyən mühüm mədəni platformalardır. Bir şeir festivalında yan-yana gələn gənclər bəlkə də həmin an fərqinə varmadan gələcəyin mədəni diplomatiyasını qururlar. Bu gün eyni səhnədə şeir söyləyən gənc şairlər sabah ölkələri arasında könül körpüləri salacaq qələmlərə çevrilə bilərlər. Bakıda baş tutan ilk görüş səfərin mənəvi çərçivəsini də müəyyənləşdirdi. Qarşıdakı günlərdə biz təkcə şeir dinləməyəcək, sözün dövlətlər, şəhərlər, insanlar və nəsillər arasında necə körpü qurduğuna da şahid olacaqdıq.
Bakıdan Qazaxa: Coğrafiyanın içindən yaddaşa
Bakıdan Qazaxa uzanan avtomobil yolu boyunca Azərbaycanın coğrafiyası sanki səhifə-səhifə gözlərimiz önündə açılırdı. Yolun hər iki tərəfində uzanan bozqırlar, təpələr, kəndlər və uzaq dağlar torpağın sadəcə maddi bir məkan olmadığını bir daha xatırladırdı.
Hər bir coğrafiya üzərində yaşayan insanın xarakterinə nəsə bəxş edir. Bozqır səbir öyrədir. Dağ müqaviməti. Yol isə gözləməyi. Bəzən bu üç xüsusiyyət eyni insanın ruhunda birləşir.
Qazax Azərbaycan poeziyasının və aşıq sənətinin mühüm mərkəzlərindən biridir. Bura eyni zamanda Molla Pənah Vaqifin doğulduğu diyardır. Vaqif Yuxarı Salahlıda dünyaya göz açmış, buradan Şuşaya uzanan həyat yolunda həm Qarabağ xanlığının dövlət ağlına, həm də Azərbaycan poeziyasının yeniləyici səsinə çevrilmişdir.
Qazaxa yaxınlaşdıqca onun həyatını düşünürdüm. Bir kənd uşağının mədrəsə yolu ilə elmə üz tutması, ərəb və fars dillərini öyrənməsi, astronomiyadan ədəbiyyata qədər uzanan geniş bilik dünyası qurması və nəhayət Qarabağ xanlığının baş vəziri səviyyəsinə yüksəlməsi təkcə şəxsi uğur hekayəsi deyildi.
Vaqifin həyatı biliyin insanı haradan götürüb hara apara biləcəyinin tarixi nümunələrindən biridir: bozqırda başlayan bir ömrün sarayın dilinə, oradan isə yenidən xalqın könlünə qayıdışının hekayəsi.
Lakin onu həqiqətən böyük edən cəhət saraya yüksəldikdən sonra xalqdan uzaq düşməməsi idi. Sarayda dövlət dili ilə danışmış, şeirlərini isə xalqın dili ilə söyləmişdir. Böyük siyasi məsələlərlə məşğul olarkən belə, eşqin, təbiətin, insan simasının və gündəlik həyatın poeziyasını yaratmışdır.
Onun timsalında bozqırla saray, xalqla ziyalı təbəqə, şifahi mədəniyyətlə klassik poeziya bir-birinə yaxınlaşmışdır. İki ayrı dünya bir qələmdə barışmışdır.
Bu səbəbdən Qazaxdan Şuşaya uzanan yol eyni zamanda Vaqifin həyat yoludur. Bir şairin doğulduğu məkandan poeziya və dövlət adamlığı baxımından kamala çatdığı şəhərə doğru irəliləmək onun bioqrafiyasını coğrafiyanın üzərində sətir-sətir oxumaq kimi idi.
Şairlər bağında bir axşam
16 iyul axşamı Qazaxdakı proqram Şairlər Bağında, Molla Pənah Vaqif abidəsinin önündə başladı. Gün batımının işığı heykəlin və ətrafdakı ağacların üzərinə düşərkən tarixin bəzən bir məkanda necə sıxlaşdığını, demək olar ki, toxunula biləcək qədər canlı hala gəldiyini hiss edirdim.
Açılışın məhz burada keçirilməsi təsadüfi deyildi. Çünki Vaqifin poeziyası təkcə ədəbi irs deyil, həm də Azərbaycan türkcəsinin xalqla qurduğu yaxınlığın rəmzidir. Onun şeirlərindəki aydınlıq, danışıq dilini poeziyaya gətirməsi və həyatın konkret gözəlliklərini ön plana çıxarması Azərbaycan ədəbiyyatında mühüm dönüş yaratmışdır.
Barat Vüsalın aparıcılığı ilə keçirilən proqramda İlqar Fəhmi, Mustafa Rasimoğlu və Saqif Qaratorpağın çıxışları Qazaxın ədəbi yaddaşını və Vaqifin poeziya ənənəsindəki yerini yenidən gündəmə gətirdi. Daha sonra aşıqlar və sənət adamları səhnəyə çıxdılar.
Aşıq Samir Cəlaloğlu, Aşıq Vüqar Kamandaroğlu və Ramal Balacanovun ifaları sözün yazıdan əvvəlki həyatını xatırladırdı.
Aşıq yalnız şeir söyləyən insan deyil. O, yaddaşı daşıyan, yaşananı sözə çevirən və toplumun ortaq duyğusunu səsləndirən şəxsdir. Sazın tellərində təkcə musiqi deyil, köçlərin, ayrılıqların, sevgilərin, müharibələrin və qovuşmaların səsi yaşayır.
Bir aşığı dinləyərkən poeziyanın niyə əvvəlcə şifahi sənət olduğunu daha yaxşı anlayırsan. Yazı sözü qeydə alır, səs isə ona ruh verir. Misra kitabda məna kimi görünür, aşığın dilində isə nəfəsə, vurğuya, zamana və xatirəyə çevrilir.
Qazaxdakı gecədə eşitdiyimiz hər bir hava türk dünyasının müxtəlif coğrafiyalarında yaşayan ortaq söz damarına bağlanırdı. Anadoludakı aşıqla Qarabağdakı aşıq adları və havaları fərqli olsa da, eyni böyük ənənənin davamçıları idilər.
Qarsdan Ərzuruma, Sivasdan Qazaxa, Təbrizdən Şuşaya qədər uzanan bu xətt siyasi sərhədlərin fövqündə yaşayan, xəritələrin tam göstərə bilmədiyi bir mədəniyyət coğrafiyasıdır.
Həmin gecə Qazaxda sözün vətəninin sərhədlərlə müəyyənləşdirilə bilməyəcəyini bir daha hiss etdim.
Şuşaya yüksəldikcə
Şuşaya doğru yol almaq yalnız yüksəkliklərə doğru irəl iləmək deyildi. Tarixin daha sıx, xatirələrin isə daha ağır olduğu bir məkana yaxınlaşırdıq.
Qarabağın dağ yollarında coğrafiya sərtləşdikcə mənzərə böyüyür, insanın daxilindəki sükut dərinləşirdi. Sanki hər döngə əvvəlki cümlədən daha ağır bir cümləyə açılırdı.
Bəzi şəhərlər düzənlikdə yayılır. Bəziləri isə dağın çiynində bir iradə kimi dayanır. Şuşa ikinci növdəndir.
Onun mövqeyi təkcə coğrafi xüsusiyyət deyil. Qayalar və sıldırım uçurumlar üzərində qurulmuş bu şəhər tarix boyu həm qorunmaq iradəsinin, həm də mədəni yüksəlişin rəmzi olmuşdur. Pənahəli xanın saldığı qala-şəhər qısa müddətdə Qarabağ xanlığının siyasi mərkəzinə, daha sonra isə poeziyanın, musiqinin, düşüncənin və incəsənətin qeyri-adi dərəcədə inkişaf etdiyi mədəniyyət şəhərinə çevrilmişdir.
Şuşanın tarixini oxumaq yalnız müharibələri, mühasirələri və siyasi dəyişiklikləri izləmək demək deyil. Ən heyrətamiz məqam belə sərt tarix içində bu qədər incə sənət aləminin yaranmasıdır.
İnsan istər-istəməz özündən soruşur: Daim təhlükə altında yaşamış bir şəhər necə bu qədər şair, bəstəkar, xanəndə, rəssam və mütəfəkkir yetişdirə bilmişdir?
Bəlkə də cavab məhz bu kövrəklik hissində gizlidir. Həyatın faniliyini dərindən dərk edən cəmiyyətlər gözəlliyi daha böyük diqqətlə qoruyurlar. Ölümün yaxın hiss edildiyi yerdə poeziya dəbdəbə deyil, varoluş ehtiyacıdır. Müharibənin kölgəsində yüksələn musiqi isə sadəcə əyləncə deyil, insan qala bilməyin yoludur.İnsan bəzən itirməmək üçün deyil, özünü unutmamaq üçün oxuyur. Şuşa daşın sərtliyi ilə sözün incəliyinin qovuşduğu şəhərdir.
Otuz illik həsrət, qırx dörd günlük savaş
Şuşanın qapılarından içəri daxil olmamışdan əvvəl onu bugünkü vəziyyətinə gətirən yaxın tarixi xatırlamaq lazımdır. Çünki bu şəhəri yalnız daşları, çiçəkləri və şairləri ilə təsvir etmək hekayənin yarısını natamam qoymaq olardı.
1992-ci ilin yazında Şuşanın işğal olunması təkcə bir torpaq sahəsinin əldən çıxması deyildi. Bütöv bir mədəniyyət şəhəri susdurulmuş, məscidləri, abidələri, evləri və meydanları uzun bir sükuta məhkum edilmişdi. Qarabağdan köçməyə məcbur qalan insanlar üçün bu yalnız yurd itkisi deyil, uşaqlığın, qonşuluğun və gündəlik həyatın bütün xatirələrinin geridə qalması demək idi.
Lakin otuz ilə yaxın davam edən bu ayrılıq qayıdış inamını söndürə bilmədi. 2020-ci ilin payızında qırx dörd gün davam edən Vətən müharibəsi itirilmiş torpaqların geri qaytarılmasından daha böyük məna daşıyırdı. Bu, sınanmış qürurun, möhkəmlənmiş qardaşlığın və illərlə yaşadılan ümidin yenidən dirçəlişi idi.
2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi təkcə Qarabağ üçün deyil, uzun illər doğma yurduna qayıtmağı gözləyən insanlar üçün də tarixi dönüş nöqtəsinə çevrildi. Ardınca 2021-ci il iyunun 15-də imzalanan Şuşa Bəyannaməsi “Bir millət, iki dövlət” prinsipini rəsmi sənəddə konkret şəkildə təsbit etdi. Şuşanın türk dünyasının mədəni mərkəzlərindən biri kimi önə çıxarılması da şəhərin təkcə Azərbaycanın deyil, bütün türk coğrafiyasının ortaq irsi kimi qəbul edilməsini daha da möhkəmləndirdi.
Bu gün Şuşa küçələrində gəzərkən insan uzun sürən sükutla qırx dörd günlük mübarizə arasındakı məsafəni addım-addım qət etdiyini hiss edir.
Qala daşdan tikilsə də, onun üzərində daşıdığı hekayə ətə-qana bürünmüş səbrin hekayəsidir.
Şuşaya ilk baxış
Şuşa qalasına çatdığımız zaman insanın diqqətini ilk növbədə daş divarlar, qala sədləri və dağ mənzərəsi cəlb edirdi. Lakin bir müddət sonra görünənin arxasındakı məna yavaş-yavaş aydınlaşmağa başladı.
Gündüz çəkilmiş bir fotoda arxa planda ucalan qala və qırmızı rəngli "Şuşa" yazısı ilk baxışda sadəcə bir səyahət xatirəsi təsiri bağışlayırdı. Ancaq kadra diqqətlə baxdıqda oradakı tikilinin təkcə bir qala olmadığı aydın olurdu. Həmin daşların içində əsrlər boyu davam edən müdafiələrin, mühasirələrin, ayrılıqların və qayıdışların izi yaşayırdı.
Daş səssizcə tarix danışırdı.
Axşam düşdükdə isə həmin qala tamam başqa bir ruh qazanırdı. Qaranlıqda işıqlandırılan divarlar, üzərində dalğalanan Azərbaycan bayrağı və ön plandakı xarıbülbül çiçəkləri yaddaşın estetik obrazına çevrilirdi.
Xarıbülbül Qarabağın, xüsusilə də Şuşanın ən güclü rəmzlərindən biridir. Bu çiçəyin formasında sanki qanadlarını açmış, boynu bükülü bir bülbül görünür. Onun Şuşa torpağı ilə bağlılığı haqqında söylənilən rəvayətlər zaman keçdikcə bu zərif çiçəyi həsrətin və yurda sədaqətin simvoluna çevirmişdir.
Bir çiçəyin bu qədər dərin tarixi və emosional məna daşıması mədəniyyətin təbiətə necə ruh bəxş etdiyini göstərir.
Xarıbülbül sadəcə bitki deyil. O, həsrətin, müqavimətin, itkinin və yenidən qovuşmanın rəmzidir. Onun zərif görünüşü ilə Şuşanın sərt daşları arasındakı təzad şəhərin bütün ruhunu ifadə edir: daş qədər möhkəm, çiçək qədər həssas.
Şuşanı yalnız fəth və zəfər dili ilə oxumaq natamam olar. Bu şəhər eyni zamanda ayrılıqların, dağıntıların, yarımçıq qalmış talelərin və yenidən qurulan ümidlərin şəhəridir. Bir məkanın həqiqi yaddaşına sahib çıxmaq təkcə öz sevincimizi deyil, orada yaşanmış bütün insani ağrıları da görə bilməyi tələb edir.
Çünki mədəniyyətin ən ali vəzifəsi zəfərdən danışarkən insanı unutmamaqdır.
Vaqifin hüzurunda
17 iyul səhəri Vaqif Poeziya Günlərinin rəsmi açılışı Molla Pənah Vaqif Muzey-Məqbərə Kompleksində keçirildi.
Bir şairin məzarı başında Poeziya Günlərinin açılması keçmişlə bu gün arasında qurula biləcək ən möhkəm körpülərdən biri idi. Məzar insana faniliyi xatırladır, şairin məzarı isə sözün ölməzliyini göstərir.
Vaqifin cismi torpağa tapşırılmış, yaşadığı xanlıq tarixə qovuşmuş, xidmət etdiyi siyasi quruluş isə artıq keçmişdə qalmışdı. Lakin onun poeziyası əsrlər keçsə də yaşamaqda davam edirdi.
Bu, poeziyanın siyasi hakimiyyət qarşısındakı səssiz üstünlüyüdür.
Vaqifin yaşadığı dövrdə xanların orduları, xəzinələri və fərmanları vardı. Şairin əlində isə yalnız söz vardı. O gün güclü görünən hakimiyyətlər tarix səhnəsindən silindi, amma şairin sözü yaşamaqda davam etdi.
Qılınc paslanır.
Həqiqi söz isə paslanmır.
Rəsmi açılış mərasimində Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar Rzayev və TÜRKSOY-un baş katibi Sultan Raevin çıxışları Vaqifin təkcə Azərbaycan ədəbiyyatındakı deyil, bütövlükdə türk dünyasının ortaq mədəni irsində tutduğu mühüm yeri də nümayiş etdirirdi.
Mərasimdən sonra Səməd Vurğunun anadan olmasının 120 illiyinə həsr olunmuş "Sözün ovçusu – Könlüm keçər Qarabağdan" adlı kompozisiya nümayiş etdirildi.
Səməd Vurğunun poeziyasında vətən yalnız üzərində yaşanılan torpaq deyil, insanın ruhunu formalaşdıran ana varlıqdır. Onun "Azərbaycan" şeirində ifadə olunan mənsubiyyət duyğusu müasir Azərbaycan ədəbiyyatında vətən anlayışının ən qüdrətli ifadələrindən birinə çevrilmişdir.
Vaqifdən Səməd Vurğuna uzanan xətt göstərir ki, poeziyanın formaları dəyişsə də, millətin varlıq şüuru yaşayır. Vaqif xalqın dilini poeziyaya gətirmiş, Səməd Vurğun isə həmin dilin müasir vətən duyğusunu yüksək lirizmlə ifadə etmişdir.
Fərqli əsrlərdə yaşamış bu iki şair eyni ocağın alovuna nəfəs vermişdir.
(Davamı var)
“Ədəbiyyat və incəsənət”
(19.08.2026)


